Havada tüstü iyi var – haqsızlıqdan qəlbi yananlar alova əl atır

Bu dəfə də İsmayıllıda üsyana qalxanlar qəzəbini odla söndürdülər. Qubada olduğu kimi. Hətta gördünüz ki, Quba hadisələri iştirakçılarının həbslə cəzalandırılması da insanları dayandırmadı. Desəm ki, alov iyi, yandırmaq həvəsi havada da var, mübaliğə sayacaqsınız, bənzətmə hesab edəcəksiniz. Amma havada alovlandırma iyi doğrudan da var. Çünki illərdir insanlarımız bu ölkənin havası ilə, yox haqsızlıqla nəfəs alırlar. Alışıb, yanırlar. Bu gerçəyi görmək eləmi çətindir?  

Dünyada əsən küləklər də – Ərəb ruzigarı da bunu deyirdi. Əslində, çox aydın “hava proqnozu” idi ərəb ruzigarı…

Amma İlham Əliyev və onun oğru, cinayətkar komandası bunu qəbul etmirdilər. Onlar anlamırdılar ki, gedib İsmayıllının, Qubanın, Qəbələnin cənnət təbiətindəki təmiz havadan ciyərlərinə çəkib, sərin suyundan içib təntənə yaşayanda, bu yerlərin insanları haqsızlıqla nəfəs alırdı. Çətinlikdən boğulurdular. Bu gün isə onların ürəyi ədalətsizliklərdən od-tutub yanır. Baxın, Göyçay sakini dünən özünü yandırmaq istəyib şəhərin ortasındaca…

Lənətə gələsiniz, bu insanların da qüruru var, sevdiyi övladları var, arzuları var. Onları görməməzliyə vurmağınızın sonunu düşünmürsünüzmü? Ümumiyyətlə, bizi heç saymağınız haradan ağlınıza gəldi. Biz də bu yurdun sahibləriyik. Bu ölkənin vətəndaşlarıyıq. Biz insanıq, həşərat deyilik. Çoxlarımız, çoxlarımızın övladları, ataları bu ölkənin müstəqilliyi üçün meydanlara çıxdı. Bayraq qaldırdıq. Torpağı qorumaq üçün döyüşə getdik. Hər kəsə can dedik, sizlərə də heç bir pislik etmədik. Bəs siz nə üçün özünüzü bizim ağamız sayırsınız?

Alov görəndə bilin ki, qığılcımı özünüz atmısınız. İnsanların ürəyinə od vurdunuz, onlar da indi haqsızlığın saraylarına od vurmaq istəyirlər.  İndi bunu görüb, qanunsuzluqdan, ictimai-asayişin pozulmasından, başqasının əmlakına ziyan vurmaqdan danışanda, öz əməllərinizi də yada salın. O sərvətləri necə ziyanlara vuraraq qazanmısınız. Qanunlara da heç vaxt əməl etmədiniz…   

Baş verənləri isə otel menecerinin, nazir oğlunun, yaxud kiminsə bacıoğlusunun üzərinə atmayın. Birincisi, onların da ədaları, hoqqaları, özbaşınalıqları, söyüşləri sizdən güc alır, ikincisi, onların hərəkətləri ürəklərə yığılan qəzəbin partlaması üçün sadəcə bir bəhanədir. Hər şeyin səbəbi elədiyiniz haqsızlıqlardır. Səbəb haqsız idarəçiliyiniz, talan və yalanlarınızdır.

Dünən hamı İsmayıllının icra başçısı Nizami Ələkbərovun belə bir mülk açıqlamasını qəzəblə müzakirə edirdi: “Əmlakımda olan 1 “Toyota Land Cruiser”, 3 skuter, 2 motosiklet, 1 “Hummer”, 2 “Chevrolet Niva”, “Chevrolet Camaro” avtomobilləri yandırılaraq yararsız hala salınıb.”

Azərbaycan vətəndaşları soruşur ki, 1000 manat maaş alan icra başçısının bu qədər maşını hansı pulla alıb? Amma hər kəs də gözəl bilir ki, bu qədər maşın o adamlar üçün uşaq oyuncağıdır. Onların mal-mülkünün, pul-parasının say-hesabı yanında bunlar heçdir. Onlar bu varlı ölkəni sümürüb özləri varlanır və xalqın bundan nə çəkdiyini isə düşünmürlər.  

Heç kimdən də çəkinməyiblər bütün bu illərdə. Onun var, nazir qardaşının da var, qonşu rayonda başçı olan dostunun da.  Onları vəzifəyə qoyan prezidentin isə daha çoxdur. Amma deyəsən elə bilirdilər ki, xalq bunlardan xəbərsizdir və həmişə sakitcə tamaşa edəcək…

Xalq isə artıq sakitcə tamaşa etmək istəmir. Nəticə çıxarın.