Hacı İlqardan İsmayıllı olayına ibrətamiz qiymət
Xalqla danışmaq, onu dinləmək, dərdini anlamaq, ona xor baxanı cəzalandırmaq, onu aşağılayana yerini göstərmək və daha nələr, nələr…
Amma bütün bunları etmək üçün gərək xalqdan olasan, xalqla olasan, xalqın xidmətçisi olasan…
Bu gün növbəti dəfə İsmayıllıda xalq eşidilmədi. Xalqın tələbi dinlənilmədi. Xalqla, özünü yaxşı aparmayan, itaətdən çıxan təbəə kimi davaranıldı.
İsmayıllı olayı nələri bir daha öyrətdi?
Onu öyrətdi ki, insanların ləyaqət hissi – fitridir. Hətta illərlə aşılanan manqurtluq, köləlik, yaltaqlıq və sairələr, öz köklü təsirini qoya bilmir. İnsanların pak fitrətləri bir gün fəvvarə vurur və bütün bunlardan imtina edilməsini hayqırır.
Belə vəziyyətlərdə ağıllı və tədbirli idarəçilər dərs götürür və bir daha belə alınmaması üçün konkret və əməli işlər görür.
Lakin insanların gözünü dünya toru tutanda, onlar özlərini belə əziyyətə salmırlar. Onlar ancaq son anda vəziyyətin necəliyini, problemlərin nədənliyini anlayırlar, amma onda artıq gec olur. Həmişə gec olur.
Əslində, dünya və axirət bədbəxtliyidir – bu kimi sürəclərə xidmətdə duranlar üçün. Həm dünyalarını itirirlər, həm də axirətlərini.
Sonda bir daha sadə xatırlama etmək lazımdır: İNSANLAR LƏYAQƏTLƏRİNİN TAPDANMASINI İSTƏMİR, BUNA DÖZƏ BİLMİR.
Uca Allahdan xalqımız üçün bu dönəmlərdən ləyaqətlə çıxmaq tofiqatını nəsib etməsini diləyirəm.