Keçmiş keçmədikcə gələcək gəlməz!

Eldəniz Əliyev ad-soyadlı bir DTK polkovniki neçə gündür silsilə müsahibələr verirmiş, “qaranlıqları aydınladırmış”, mən dünən xəbər tutdum.
O müsahibələri diqqətlə oxudum.
Oxuyandan sonra da sərf etdiyim zamana üzüldüm.
Bu, yalnız sabiq DTK polkovnikinin müsahibəsi ilə bağlı deyil.
Mən eyni üzüntünü, heyfsilənməni hansısa ciddi proseslər dövründə ciddi postlar tutmuş “eks”lərin az qala hamısının müsahibələri ilə bağlı yaşamışam. Bir neçə ay əvvələdək keçmiş baş prokuror Əli Ömərov həftə səkkiz, mən doqquz müsahibələr verirdi. Deyəsən, ancaq birini oxumağa hövsələm çatdı, o birilərinin isə ora-burasına göz atırdım, kənara tullayırdım.
Adam elə danışırdı ki, guya vəzifədə ikən süddən çıxmış ağ qaşıq imiş, həmin dövrdə ölkədəki kütləvi repressiyalara, basqılara, şərləmələrə “qanuni don” geyindirənlər də hansısa başqa planetdən uçub gəlirmişlər.
Ya da 70-ci illərdə Elçibəyi mühakimə etmiş prokuroru tapıb müsahibə almışdılar təzəlikcə, mən o müsahibəni oxudum, dediklərindən belə çıxırdı ki, bu adam Elçibəyi mühakimə etməyib, müdafiə edib. “Elçibəyə hörmət etdik, az cəza verdik. Il yarım cəza aldı” tipində cümlələr-zad. Guya buna o vaxt desəydilər Elçibəyi güllələnmə hökmü kəsin, bu dərhal qarşı çıxar, Elçibəyə atılacaq gülləni də aparıb Brejnevin təpəsinə sıxardı. Nə bilim, vallah, biz də belə zibilə düşmüşük – gələn məzələnir, gedən məzələnir. Guya hamı çörəyi qulağına yeyir, heç kimin heç nədən xəbəri yoxdur, Sovet idarəetməsi barədə nə bilirik, nə oxumuşuq, nə görmüşük.
***
Indi də bir DTK polkovniki Meydan hərəkatı dövrünün gizlinlərini aydınlatmaq adına ard-arda müsahibələr verir.
Açığı, yaxın keçmişin gizlinlərini, şübhələrini, müəmmalarını bu cür müsahibələrin aydınladacağına inanmıram, bu aydınlanma bir halda mümkündür: o da DTK arxivlərinin açılması ilə!
O arxivlər açılmalıdır, bu söhbətlər bitməlidir.
Doğrular gün işığına çıxmalıdır.
Kimin kim olduğu aydınlanmalıdır.
Çünki keçmiş keçmədikcə gələcək gəlməz. Tarixi ilə, tarixinin qaranlıq, kirli səhifələri ilə üzəşməyən, üzləşmək istəməyən bir toplumun da önü heç vaxt açılmaz.
Zatən hansı səbəblə olur olsun, Elçibəyin DTK arxivlərini xalqa açmaması yanlışların ən böyüyü idi.
Indi isə – hə, gec deyil, amma belə bir gözlənti içərisində olmaq gülməlidir. Mən heç onu da bilmirəm, o arxivlər ötən illərdə nə qədər toxunumaz saxlanılıb, o arxivlərə doğrudanmı, barmaq edilməyib.
Bəli, yalnız DTK arxivləri açıldıqda ortadakı dedi-qodular, söz-söhbətlər bitəcək, sular durulacaq və biz onun dibindəki daşları görməyə başlayacağıq.
Yoxsa hərə özünə sərf edən formada keçmişi bizə təqdim etməyə çalışır, keçmişdən çox da özündən danışır, ayranına turş demir, hər şeyi ona hesablayır ki, sonunda ortaya özünün “aydan arı, sudan duru” obrazı çıxsın, bununla isə, əlbəttə, doğruların ortaya çıxması mümkünsüzdür.
Şəxsən mənə Eldəniz Əliyevin dedikləri əsla inandırıcı gəlmədi. Hətta Fəzail Ağamalı haqqında dedikləri belə! Niyə?
Çünki bir müsahibədən:
Bir: DTK-dakıların özlərinin hamıdan çox dissident olduğu təəsüratı yaranarsa…
Iki: dəhşətli dərəcədə “milli hisslərə sahib” Azərbaycan DTK-nın hətta Sovet DTK-dan gələn tapşırıqları, əmrləri bir qırağa tulladığı məlum olarsa, o müsahibə inandırıcılıq gücünü itirər. Obyektivliyini itirər. Axı adamları uşaq-muşaq yerinə qoymaq nə üçündür?
Əcaib vəziyyət yaranır: belə çıxır ki, DTK-ya işləmək satqınlıqdır, amma DTK-da işləmək qəhrəmanlıq imiş? Bu absurd məntiqlə bir də adamlardan danışdıqlarınıza inanmalarını necə gözləyirsiniz?
***
DTK polkovniki ilə, sovet prokuroru ilə, sovet yazıçısı, şairi ilə hər kəsin bizə yedirtmək istədiyi budur: bizdə hamı o boyda imperiyanı barmağına dolayıbmış.
Hamı Kremli ayağında futbol topu kimi oynadırmış.
Heç kimin karyera, komfort vecinə deyilmiş, hər kəs millət, vətən, azadlıq, ana dili deyə çırpınıb dururmuş.
Hər kəsin içində dissidentlik bulaq kimi qaynayırmış, hamı bir Vatslav Havel imiş, Soljenitsın imiş.
Elə isə onillərdir biz nəyin bəlasını çəkirik?
Siz vurmadınızsa biz niyə, necə yıxıldıq bəs?!