Heç olmasa, Sevil Əliyevadan örnək götürün!

Azərbaycanda yaltaqlıq, insanları sındırmaq elə sürətlə inkişaf edir ki, Ilham Əliyev çıxışlarının birində “başqa ölkələr bizə ”bir az yavaşlayın” deyirlər” etirafını etdi. Doğrudur, prezident həmin dəhşətli tənqidi, kompliment kimi başa düşmüşdü, amma “arifə bir işarə də yetər”. Ölkədə xərçəngə, spidə, vərəmə… yoluxanları sağaltmaq mümkündür, amma yaltaqları yox. Bu qorxulu xəstəlik dövlət səviyyəsində elə sürətlə yayılır ki, vicdansız, şöhrətpərəst başçılar çörək puluna güclə yetən maaşı, təqaüdü də “ay baba, qurban olum, sən nə yaxşı kişisən” tərifini eşidəndən sonra camaata verirlər.
Ölkədəki vəziyyətə baxanda, adama elə gəlir ki, Şekspir “Kral Lir” əsərini Əliyev hakimiyyətinə həsr edib. Dahi yazıçı hələ dörd əsr əvvəldən bilib ki, Kordeliyanı yaltaqlana bilmədiyi üçün Azərbaycandan Londona sürgün edəcəklər. Şekspir hələ o zamanlar bilirdi ki, əgər Heydər Əliyevin sevimli qızı Sevil xanım mal-dövlət bölgüsü zamanı qardaşı kimi atasına “mən səni gözlərimdən, canımdan, havadan, sudan çox istəyirəm. Sən mənim üçün dünyanın bütün sərvət və xəzinələrindən daha dəyərlisən” deməyi bacarsaydı, indi prezident o idi. Allah sənə rəhmət eləsin, Şeyx Pir! Kim nə deyir desin, AILƏsinin Azərbaycanı çapıb-talama əməliyyatında iştirak etməkdən imtina edən Sevil Əliyevaya şəxsən mənim böyük hörmətim var. Özünü, övladlarını xalqın lənətindən, qarğışından qorumaq üçün hər şeyə əlini yelləyib qürbətə – sürgünə getdi. Bu illər ərzində o, özünü elə unutdurdu ki, çoxu elə bilir mərhum prezidentin ancaq bir övladı var. Hətta internetdə Sevil Əliyeva və ailəsi haqqında məlumatlar, demək olar, yoxdur. Az sayda yazıların altındakı şərhlərdə isə Sevil xanıma və övladlarına ancaq xeyir-dua və xoş sözlər yazılıb. Amma ölkəni gündən-günə daha çox çapıb-talamaqda davam edən qohum-əqrəbasının ətrafında elə QARĞIŞ qalası tikilib ki, ordan heç kim qurtula bilməyəcək.
Ey, bahalı paltarları, ilginc saç düzümləri, parıldayan makiyajları, mənasız klipləri, oxunmayan jurnalları… ilə öyünən, ətrafdakıların diqqətini zorla cəlb etmək istəyən xanımlar! Heç olmasa, qan qohumunuz olan Sevil xanım Əliyevadan örnək götürün. Fikirləşin, görün, niyə camaat ona və övladlarına lənətlər yağdırmır? Niyə sizə nifrət edənlər, Sevil xanımı və övladlarını sevgi və hörmətlə xatırlayır? Axı nədən anlamırsız ki, sizə əl çalanlar, üzünüzə gülənlər, sınanlar, qüruru, ləyaqəti olmayanlardır. Insanları ona görəmi sındırırsız ki, əl çalanlarınız, qabağınızda əyilənlər daha çox olsun?!
Iyirmi ildir ölkədə tüğyan edən “Biz prezidentin ətrafında sıx birləşməliyik!” yaltaqlıq “reklam”ı sayənizdə elə ucuzlaşdı ki, “video çarxa” çəkilən məşhur xalq artisti gündə “üç dəfə yemək” qonorarına da razı oldu. Bir insanı “3 öynə yemək” üçün sındırıb, ona təşəkkür məktubu yazdırmaq iyrənclik deyilmi? Bir halda ki, başlanğıcda, ADMIU-nun burnun suyu axan tələbələrinə, “palatka” müğənnilərinə ev, maşın, milyonlar bağışlanırdı, heç “təşəkkür məktubu” da tələb olunmurdu.
Aktyor Rasim Balayev çox gecikdi: milyonlardan da oldu, tamaşaçılarından da. Biz SÖZ və QILINC qəhrəmanımızı kinoda da itirdik. Doğrudur, aktyorun özü də deyib ki, “mən qəhrəman deyiləm, qəhrəmanları oynamışam” əl çəkin, amma tamaşaçı da axı daş, dəmir deyil, insandır, hissləri var: axı adamlar aktyoru təkcə roluna, rəssamı əsərinə, şairi sözünə görə sevmirlər, həm də insanlığına, əməllərinə, ruhuna görə sevirlər. Misal üçün, məşhur aktyor Jerar Depardye Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova ilə “Nebo molçit” mahnısına çəkilmiş klipdə duet oxuyandan sonra “Səfillər”ə baxıb, aktyor işindən necə zövq almaq olar? Şəxsən mənə elə gələcək ki, Özbəkistanın rüşvətxor qızı ilə pul xətrinə duet oxuyan aktyor, filmin sonunda Kozettanı zorlayacaq. Eynilə, Rasim Balayevin çəkildiyi “Nəsimi”, “Babək” filmlərinə də baxa bilmərəm, Allah bilir, onlar haqqında hansı qara fikirlərə düşərəm…
P.S. Xaricdə təhsil alan qızım bu günlərdə mənə bir məktub yollayıb. Yazır ki, darıxıram, icazə ver, tətili Azərbaycanda keçirim. Məktubda başına gələn bir ilginc olayı də qeyd edib: “…2-3 gün öncə ağcaqanadı tərliyimlə öldürdüyüm üçün otaq yoldaşım Ayşegül məndən küsüb. Deyir ki, niyə sən ağcaqanadı ayaqqabı ilə öldürdün, onun da bir qüruru var. Indi hər gecə yuxuda həmin ağcaqanadı görürəm, qəmli-qəmli mənə baxıb, köks ötürüb, sonra yox olur…”. Eh, burda xalq artistini dəmir ayaqqabılarla başına döyüb, ona istefa ərizəsi yazdırırlar, heç vecimizə olmur, amma xaricdə yumşaq tərliklə öldürülən Ağcaqanad Qəmişov Bataqlıq oğlu üçün uşaqlar yas saxlayır. Elə duyğusal ölkəni qoyub, belə arsız ölkəyə tətilə gəlməyə dəyərmi?..