Hakimiyyət sorğunun nəticələrindən narahat olaraq müxalifət daxilində intriqa yaratmağa çalışır
“Bu qələbə təkcə Əli Kərimlinin deyil, bütölükdə müxalifətin, dəyişiklik istəyən insanların qələbəsidir”. Bu sözləri “Azadlıq”a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook sosial şəbəkəsində bu ilki prezident seçkisilə bağlı keçirilən sorğuya münasibət bildirərkən deyib. Məlumat üçün deyək ki, sorğu bir həftədən artıq müddət keçirilib və 16 mindən çox insan mövqeyini açıqlayıb.
Sorğuda AXCP sədri Əli Kərimli 6737 səslə qalib gəlib. Müsavat başqanı Isa Qəmbər 1265, ölkə başçısı Ilham Əliyev 6280, REAL Ziyalılar Forumunun üzvü Eldar Namazov 198, REAL Hərəkatının Məclis sədri Erkin Qədirli 218, REAL Hərəkatının sədri Ilqar Məmmədov 253, Ümid Partiyasının sədri Iqbal Ağazadə 138, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev 169, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 138 toplayıb. 912 nəfər isə bu şəxslərin heç birini prezident görmək istəməyərək “Digər namizəd”ə səs verib.
Fuad Qəhrəmanlı bildirib ki, sorğunun nəticələri hakimiyyəti ciddi narahat edib. Bu baxımdan da sorğu ətrafında spekulyasiyalara başlanılıb. Sorğudan müxalifət daxilində intriqa yaratmağa cəhdlər var. Hətta hakimiyyətin nəzarətində olan bəzi KIV-lər bu məsələni “Əli Kərimli Isa Qəmbərdən 5 dəfə artıq səs toplayıb” kimi provokasion başlıqlar təqdim ediblər: “Prezident seçkisindən əvvəl keçirilən bu tip sorğular seçkinin nəticələri barədə müəyyən proqnozlar vermək imkanı yaradır. Bu sorğu da göstərir ki, demokratik seçki keçirələrsə Əli Kərimli Ilham Əliyevi məğlub edəcək. Elə sözügedən sorğuda da əsas rəqabət müxalifət namizədləri ilə Ilham Əliyev arasında gedib. Və rəqabətdə Əli Kərimli hakimiyyətin namizədini və digərlərini üstələyərək qalib gəlib. Amma hökumət istəyir ki, cəmiyyətə bunu Əli Kərimli ilə Isa Qəmbər arasında rəqabət kimi təqdim etsinlər. Hətta bu məqsədlə mənim açıqlamamdan da yararlanmağa çalışıblar. Mən mətbuata açıqlamamda Isa Qəmbərin adını çəkməsəm də, məqsədli şəkildə Müsavat başqanının adını sərlövhəyə çıxarıblar.
Mən bir daha qeyd edirəm ki, bu qələbə bütövlükdə demokratik düşərgənin qələbəsidir. Bu sorğu həmçinin onu göstərdi ki, artıq ölkədə dəyişiklik ab-havası o həddədir ki, insanlar açıq şəkildə müxalifətin namizədlərinə səs verməkdən çəkinmirlər”.