Türkiyə Rəsul Quliyevə qadağa qoyub

Sülhəddin Əkbər: «Bu Milli Təhlükəsizlik Qurumunun qərarıdır və biz bunun aradan qaldırılması üçün səy göstərəcəyik»

“Türkiyəyə səfərim şəxsi işlərlə bağlı idi”. APA-nın məlumatına görə, bunu Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib. Partiya sədri Türkiyəyə səfərin səhhətində yaranan kiçik problemlərdən irəli gəldiyini bildirib. Qonşu ölkəyə müalicəyə getdiyini deyən S.Əkbər eyni zamanda müxtəlif görüşlər keçirdiyini də qeyd edib. Türkiyədə Rəsul Quliyevlə görüşdüyü haqqında mətbuatda yayılan söhbətlərə aydınlıq gətirən ACP sədri bunların əsassız məlumatlar olduğunu vurğulayıb:
“Belə informasiyaların haradan qaynaqlandığını bilmirəm. Rəsul bəylə hər gün telefon və skayp vasitəsilə əlaqə qururuq. Düşünürəm ki, bundan ötrü xüsusi görüşə ehtiyac yoxdur. Ancaq planda Rəsul bəyin Avropaya səfəri var. Həmçinin yaxın ölkələrə, Rusiya və Türkiyəyə də səfəri nəzərdə tutulur”.
S.Əkbər həmçinin ACP lideri Rəsul Quliyevin Türkiyə səfərinə qoyulan qeyri-rəsmi qadağadan da danışıb. Onun sözlərinə görə, bu qadağanın aradan qaldırılması üçün müəyyən müzakirələr aparılıb:”Rəsul bəyin Türkiyəyə səfəri ilə bağlı zamanında müəyyən qanunsuz qadağalar qoyulub. Alternativ qadağa eyni zamanda Özbəkistanın müxalifət lideri Məhəmməd Salehə də qoyulmuşdu. Yaxşı haldır ki, Məhəmməd Saleh haqqındakı qadağa artıq qaldırılıb. Bizim də Türkiyədən əsas tələbimiz ondan ibarət olacaq ki, Rəsul bəyin bu ölkəyə səfərinə qoyulan bu qadağa aradan qaldırılsın. Bu qərar Türkiyənin Milli Təhlükəsizlik Qurumunun qərarıdır və biz də bunun aradan qaldırılması üçün səy göstərəcəyik. Indiki səfərimizdə də bu məsələ ətrafında qeyri-rəsmi müzakirələr aparılıb. Biz sadəcə istəmirik ki, bu, mübahisəyə çevrilsin. Hal-hazırda Türkiyə hökumətinin mövqeyini gözləyirik”.