AŞ PA Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməni qəbul etmədi
Ştrasser: «Bu müzakirələr Azərbaycanda insan haqlarının «qara günü» idi»
AŞ PA Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristof Ştrasserin hazırladığı qətnamə layihəsini rədd edib.
Ştrasser qurumun dünən Strasburqda keçirilən qış sessiyasında Azərbaycanda siyasi məhbus probleminin hələ də həll olunmadığını bildirib və qeyd edib ki, Azərbaycan bu sahədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Avropa Demokratları qrupundan ingilis deputat Uolker Ştrasseri tənqid edib, hesabata dəstək verməyəcəyini deyib.
Norveçli deputat Kristoffersen isə Azərbaycandakı problemlərdən danışıb, üzv ölkə kimi onu insan haqlarının pozulmasına son qoymağa çağırıb.
Fransalı deputat Mariani isə Azərbaycanla əməkdaşlığa çağırıb. O, Azərbaycanın AŞ PA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı monitorinq qrupunun hesabatını dəstəkləyib, Ştrasserin hesabatına isə yox deyib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da Ştrasserin hesabatının qüsurlu olduğunu bildirib.
Sonda keçirilən səsvermədə qətnamə layihəsi rədd edilib.
79 nəfər sənədin lehinə, 125 nəfər isə əleyhinə səs verib.
İnsan haqlarının “qara günü”
AŞ PA-da keçən səsvermədən sonra, hesabatı rədd olunan Kristof Ştrasser mətbuat konfransında yanvarın 23-də keçən müzakirələri Azərbaycanda insan haqlarının “qara günü” adlandırıb və siyasi məhbuslar məsələsinin Azərbaycanda hələ də açıq olduğunu deyib.ÿ
O, “Azadlıq” radiosunun suallarına cavab verib.
– 4 illik fəaliyyətiniz boyu görüşməyə can atıb, görüşə bilmədiyiniz məhbuslara sözünüz nədir. Çünki təklifinizi rədd etdilər və ola bilər ki, onlarla görüşmək Sizə nəsibÿolmadı…
– Mən ancaq buna görə təəssüf edə bilərəm. Mən çıxışımda da dedim ki, biz ilk nöbvədə bu adamlar haqda düşünməliyik, hansısa iqtisadi maraqlar haqda yox. O adamlar həbsaxanadadırlar, ədalətsiz mühakimə olunublar. Onlara ancaq təəssüflərimi deyə bilərəm ki, əlim sizlərə çatmadı. Bizim borcumuzdur ki, onları unutmayaq.
– Bəzi avropalı həmkarlarınızdan Sizə qərəzlilik, hətta hansısa terrorçu və islamçıların müdafiəsi haqda ittihamlar səsləndi. Onlara cavabınız nədir?
– Əslində bu ittihamlardan təəccüblənmədim. Ancaq onu deyə bilərəm ki, bu adamların biliyinə şübhə edirəm və mənə elə gəlir ki, bu hesabatı heç oxumayıblar. Onlar yalan və saxta ittihamlarla mənə və başqalarına qarşı əllərindən gələni etdilər ki, bu sənəd qəbul olunmasın. Mən buna çox təəssüf edirəm. Bu, Avropa Şurasında çoxlarına mənfi siqnal idi və düşünürəm ki, bu gün çox adam məyus oldu.
– Sizcə Avropa Şurasında korrupsiya varmı?
– Məndə olan bəzi məlumatlara görə, Avropa Şurasında müxtəlif ölkələri təmsil edən millət vəkilləri Azərbaycan hökumətindən dəvət alıblar ki, istirahətlərini oraya salıb, məzuniyyətlərini rahat şəraitdə keçirsinlər. Mənə elə gəlir ki, bu, dumana bürünmüş bir zonadır, mənim korrupsiya var demək üçün sübutum olmasa da, bu sahə çox qeyri-müəyyən vəziyyətdədir.
– Bu məsələyə yenidən qayıtmaq fikriniz varmı?
– Mən inanmıram ki, bu mənim sonuncu “döyüşüm” idi, mən mübarizəyə hazıram və bunu bacarıram.