Məktubla inkişaf

“Azadlıq” radiosu məktublara olduqca maraqlı veriliş həsr edib. Məlum olur ki, sovet dövründən “zəhmətkeş məktubları” adı qazanan və hakimiyyətin siyasətinə dəstək verən məktubları təşkil etmək fəaliyyəti bu gün də yüksək səviyyədə davam etdirilir. Həm də o məktubları biz təkcə televiziya kanallarından, dövlət qəzetlərindən izləmirik, onları beynəlxalq təşkilatlara da yollayırlar. 
Məsələn, Azərbaycanın ürək açmayan yerlər tutduğu hesabatları hazırlayan təşkilatlara, ölkəmizdə insan haqlarının vəziyyətini tənqid edən qurumlara son vaxtlar minlərlə məktub yazılır. Bir qayda olaraq bu məktublarda vətənimizin qeyri-adi sürətlə inkişaf etdiyi bildirilir, prezident Ilham Əliyevin şəninə təriflər söylənilir, ölkədə ciddi bir problem olmadığı bəyan edilir. Təbii ki, Ilham Əliyevin və Azərbaycan hakimiyyətinin tənqid olunmasına da etiraz edilir.
Bax, əsl niyyət də elə bu sonuncu məqamda gizlənib, məqsəd tənqidlərə etiraz etməkdir. Korrupsiyadan yazan jurnalistləri birləşdirən OCCRP-in Ilham Əliyevi korrupsiya üzrə “Ilin adamı” elan etməsi çoxdan baş verməyib, amma bundan sonra həmin təşkilata 4200 etiraz məktubu gəlib. Bunun bir kampaniya olduğuna kimsə şübhə də etmir. Lakin başlıca məqsəd bu etirazlar olsa da, həmin məktublarda əsas dəlil, söykənəcək fikir ölkəmizdə iddia edilən inkişafdır. Zəhmətkeş məktublarının ölkə daxilində də, ölkədən xaricdə də əsas məzmunu bu inkişafa söykənir. Deyilir ki, ölkədə inkişaf varsa, niyə siz tənqidə yol verirsiniz?
Əvvəla, bu necə inkişafdır ki, onu göstərmək üçün məktub yazmaq lazımdır. Indiyəcən tarixdə elə bir hal olmayıb ki, hansısa ölkədə inkişaf olsun, amma ondan başqaları xəbər tutmasın və bunu xəbər vermək üçün məktub yazmağa ehtiyac yaransın. Inkişaf məktubla tanınmır, onun xoş nəticələri həyata sıçramalı və aydınca görünməlidir. Bizdə neft pullarının çoxluğundan bütün dünya danışır, amma inkişafdan danışmağa əsas tapa bilmirlər.
Digər tərəfdən, Azərbaycanda elə problemlər var ki, onlar inkişafa baxmır. Məsələn, korrupsiyanı götürək. Məgər bir ölkədə inkişaf olanda korrupsiyaya göz yumurlar? Eyni zamanda ölkədə ədalətli məhkəmə yoxdur. Insan haqlarının durumu çox ağırdır. Sərbəst toplaşma azadlığı yalnız sözdə var. Siyasi fəaliyyət basqılarla üzləşir. Məktublarda qeyd edilən inkişaf real olsa belə, bu problemləri kənara atmaq mümkün deyil. Əksinə, onlara yol verən hakimiyyət qat-qat artıq tənqidə layiqdir.
Vüqar Feyzullanın məktubu
Gənc həmvətənimiz Vüqar Feyzullanın isə Internetdə prezidentə və ictimaiyyətə video-müraciəti yayılıb. Hər iki böyrəyinin fəaliyyətini itirən bu gənc başına gələn dərdləri aramla danışır. Xatırladaq ki, belə xəstələr yalnız dializ yolu ilə yaşayır. Dializ böyrəklərin işləməməsinin fəsadlarını aradan qaldırmaq üçün qanın təmizlənməsidir və həftədə bir neçə dəfə təkrarlanmasa, insan yaşaya bilməz. Bütün dünyada dializ pulsuzdur. Uzun müddət özəl klinikada, yəni ödənişlə dializ edilən Vüqar sonradan bu tibbi xidmətdən dövlət xəstəxanasında pulsuz yararlanıb. Amma burada ona virus yoluxdurulub və müalicə üçün Irana gedib. Indi dövlət xəstəxanasında yenidən onu dializə qəbul etmirlər, özəl klinikaya getməyə isə gəncin maddi imkanı yoxdur. Vüqar deyir ki, bu, onun üçün intihar etməkdir. Ölmək deməkdir. Amma dövlət xəstəxanaları Vüqarı qəbul etmək istəmirlər. Gənc həmvətənimiz söyləyir ki, dövlət hər dializ xəstəsinə ildə 24 min manat xərclədiyini bəyan edir, amma o cəmi 12 min manata özəl xəstəxanada bu xidməti ala bilər…
Xarici təşkilatlara inkişaf məktubu yazdıran dövlət qurumları hələ də Vüqarın müraciətinə cavab verməyib. Necə deyərlər, məktublardakı inkişaf Vüqarı görmək istəmir…