Yaradıcılıqda iki ay saniyə kimi hiss olunmazdı. Hətta iki il yaradıcılıq karxanasının qapısı bağlı olar, böyük faciə baş verməz. Çünki dünya ilə ədəbi alver beyində daim gedir. Beyni həbs eləyən, donduran başqa bir şey olmasa, hər şey yolundadı demək. Öz mahiyyəti etibarı ilə yaradıcılıq ticarətə çox bənzəsə də, kökündən fərqlənən sahələrdi. Ticarətdə yaradıcılıqdakının tam əksidi – burada bir saniyə iki ay qədər dəyərlidi.
Gəlin, indi təsəvvürümüzə “Binə”-“Sədərək” yarmarkası aksiyasında iştiraka görə iki ay həbs cəzası alan o icarədarları gətirək. O iki ay və 10 nəfər haqqında böyük bir roman yazmaq olar. On aksiyaçı! Üzdən yanaşanda çox az görünür. On nəfər nədi ki. Ancaq dərinə gedəndə bu, on ailə deməkdi. On ailədə toplaşan azı əlli nəfər insan deməkdi. O əlli nəfər bu on nəfərin əlinə və saniyələrinə baxır.
Düz iki ay bağlı qalacaq dükanları xəyalımıza gətirək. Əgər onların malı küçəyə tökülməsə, deməli, onlar qayıdandan sonra zəbt etdikləri yer üçün bağlı dükanın olmayan gəlirindən iki aylıq icarə haqqı ödəməlidirlər. Həm də indi azalmasını istədikləri məbləğlə hesablanaraq. Ödəməsələr, mallarına həbs qoyulacaq. Bu həbs isə o deməkdi ki, onlar illərlə çalışaraq qurduqları ticarəti itirəcək, külli miqdarda zərərə düşəcəklər. Hətta həmin iki aylıq icarə haqlarını ödəyə bilsələr belə, bu adamlar artıq hakimiyyətin qara siyahısına düşmüş adamlardı və onlarla daim “dövlətçiliyə qarşı çıxanlar” kimi rəftar ediləcək. Yox, başlarını aşağı salıb, bundan belə daha ağıllı uşaqlar olacaqlarsa, onda da bir şəxsiyyət kimi etibarlarını itirəcəklər. Hər kəs onlara qorxaq, bir atımlıq barıtı olanlar kimi baxacaq. Etibarın itməsi isə ölümdən betərdi. Yüzlərlə bu cür sındırılmış insanlar görmüşük.
Yox, onların malı elə indidən küçəyə töküləcəksə, yerlərini itirmək də daxil olmaqla, daha da zərərə uğramış olacaqlar. Onların qohum-əqrəbası gəlib o malları evlərinə götürsə belə, yenə də zərər zərər olaraq qalacaq. Çünki yarmarkadakı qaydaya əsasən o mallar topdan satışdan götürülür, satılan kimi (bununçün də bir vaxt qoyulur) haqqı ödənir. Öz verdiyi malın haqqını iki ay ala bilməyən topdansatışçı da bu andanca zərərçəkən olacaq, yeni mal gətirməsində problem yaranacaq, ticarəti axsayacaq, daimi müştərilərini itirəcək. Və beləliklə də, on ailəyə daha bir neçəsi qoşulacaq ki, onların da əlinə baxan neçə-neçə insan və ailə var.
Həmin topdansatışçı da topdan və nisyə mal götürdüyü yerdən köhnə həcmdə alver eləyə bilməyəndə, həm də onlara borclu qalanda, bu dəfə zərərə uğrayanın sayı bir də artacaq və ehtimal ki, bu dəfə həbs edilən 10 şəxsin vurduğu zərərin miqyası böyüyüb beynəlxalq arenaya keçəcək. Məsələn, Türkiyənin bir topdansatışçısı müştərisini itirməklə gəlirinin də xeyli hissəsini itirəcək. Bununla da hansısa tekstil fabriki geriləmələr yaşayacaq, orda çalışanların əmək haqlarında ciddi enmələr olacaq və bunun acısını da onların əlinə baxan ailələr çəkəcək.
Bu zərər siyahısını müxtəlif parametrlərdə, daha rəngli, real boyalarla təsvir etmək, zəncirvarilik ardıcıllığı ilə geniş həcmdə göstərmək və daha dolğun məzmuna nail olmaq olar. Lakin biz burada roman deyil, köşə yazırıq. Məqsədimiz hansısa hadisənin faciəli obrazını yaratmaq deyil, sadəcə, bir hakimiyyətin antidövlət və antidünya mahiyyətini açmaq, onların cinayətinin miqyasını göstərməkdi. Hər şeyi bir yana qoysaq, məni heyrətə salan bir şey var: axı necə ola bilər ki, bir hakimiyyət iqtidarda olduğu acı bağırsaq kimi uzun illərdə heç olmasa bircə dəfə əzilən vətəndaşın tərəfini tutmasın, əvəzində o vətəndaşın özünü tutsun. Gəlin, bu sualın cavabını birgə fikirləşək…

İki ayın acı tarixçəsi
•
•