Avropa Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi İran-Ermənistan müttəfiqliyinin gizlinlərini açdı
Avropa Ittifaqının paytaxtı Brüsseldə yerləşən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi Cənubi Qafqaz regionu ilə bağlı geniş hesabat hazırlayıb. 60 səhifədən ibarət hesabatda Cənubi Qafqazda yaxın keçmişdəki və indiki vəziyyət təhlil olunub.
Sənəd hazırlanarkən Iran-Ermənistan münasibətlərinə xüsusi diqqət yetirilib. Həmçinin Rusiyanın regionda oynadığı rol da təhlil olunub. Eyni zamanda, Iranın daxili siyasəti və cənublu soydaşlarımızın problemlərinə ayrıca diqqət göstərilib.
Hesabatda diqqətçəkən məqamlardan biri də budur ki, Moskva-Tehran-Yerevan oxu Cənubi Qafqazda sülhə və sabitliyə başlıca təhlükə kimi qiymətləndirilib. Hesabatın oxucularımız üçün ən çox maraq doğura biləcək hissələrini təqdim edirik:
***
Iranla Ermənistanın müttəfiqliyi ilk növbədə Vaşinqtondan Bakıya qədər olan geosiyasi oxun əngəllənməsinə xidmət edir. Ermənistan Azərbaycan torpaqlarının işğalından sonra Türkiyə və Azərbaycanın yaratdığı iqtisadi blokadanın təsirini Iranın köməyilə azaltmağa çalışır. Iran da öz növbəsində Ermənistan vasitəsilə Qərbin bu ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə tətbiq etdiyi sanksiyalardan yaxa qurtarmağa çalışır. Iran həmçinin Azərbaycanın dünya enerji bazarında möhkəmlənməsinə mane olmaq məqsədilə Ermənistan vasitəsilə qazını dünya bazarına çıxarmaq istəyir. Islam Respublikası Ermənistanla yaratdığı ittifaqdan istifadə edərək, ABŞ və Avropa Ittifaqına Qafqazda möhkəmlənməyə imkan vermir. Eyni zamanda, “düşmənləri” olan Israil və Türkiyəyə də mane olur.
Məlumdur ki, Iran-Ermənistan ittifaqının gizli razılaşması var. Razılaşmada məqsəd beynəlxalq ictimaiyyətin Qarabağ problemini sülh yolu ilə həll etmək və regionda stabilliyi bərpa etmək məqsədinin qarşısını almaqdır. Iran Qafqazda sülh və sabitliyin bərpasına çalışan ABŞ və Avropa Ittifaqı ilə mübarizə apararaq, regionu faktiki döyüş meydanına çevirib.
Iranda yaşayan və təxmini sayı 100 min olan ermənilərin bu ölkənin hökumətilə çox yaxşı münasibətləri var. Onlar Iran hökumətinin müdafiəsi altındadır. Onlara öz dillərində oxumaq, mətbuat vasitələri, hətta ayrıca idman komandaları yaratmaq imkanı verilir. Iranın Mədəniyyət Nazirliyi ermənilərin bu tipli strukturlarına maliyyə yardımı ayırır.
Irandan Ermənistana 470 kilometr uzunluğunda dəmir yolu çəkilməklə Islam Respublikasının Qara dənizə, Ermənistanın isə Fars körfəzinə çıxışına imkan yaradılıb. 2008-ci ildə Iranın Təbriz şəhərindən Ermənistana uzunluğu 142 kilometr olan qaz kəməri çəkilib. Bu kəmər vasitəsilə ildə 2,3 milyard kub metr qaz Ermənistana ötürülür.
Iran-Ermənistan müttəfiqliyində məqsəd həm də ABŞ və Türkiyəni Cənubi Qafqazda sıxışdırmaqdır. Ermənistan nə qədər inkar etsə də, məhz bu ölkə Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Bu işdə Ermənistana Rusiya ciddi hərbi dəstək göstərib. Elçibəy devriləndən az əvvəl Rusiya və Ermənistan hərbi yardım haqqında müqavilə imzalamışdı. Iranın birbaşa Azərbaycanın işğal altındakı torpaqlarında yaşayan ermənilərə yardım göstərdiyi də faktdır. BMT-nin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması barədə qətnamələri yerinə yetirilmir. Iranda çoxlu sayda azərbaycanlıların yaşamasına baxmayaraq, Islam Respublikasının hökuməti Ermənistanın işğal etdiyi torpaqlardan qaçıb Irana sığınan azərbaycanlılara yaxşı münasibət bəsləmir.
Ermənistanın Rusiya və Iranla sıx münasibətləri ABŞ-ın bu ölkəyə yardımlarını azaltmasına səbəb olub.
Iran azərbaycanlılarının bir qrupu Güney Azərbaycan Milli Oyanış Hərəkatı yaradıb. Bu ölkədə Cənubi azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan xeyli insan qətlə yetirilib. 2006-cı ildə farsların bir jurnalında azərbaycanlıların təhqir edilməsinə etiraz olaraq, Təbriz və Urmiyada böyük etiraz aksiyaları keçirildi. Bundan sonra Iran orada yaşayan azərbaycanlılar və talışlar arasında qarşıdurma yaratmaq üçün ciddi səylər göstərdi.
Şimali Azərbaycanda stabilliyi pozmaq üçün Iran müxtəlif qrupları maliyyələşdirir. Iranın Azərbaycanda pozuculuq fəaliyyətinin qarşısını alan başlıca amil Türkiyənin bu ölkəyə açıq dəstəyidir.
Türkiyə və Azərbaycanla münasibətləri pis olan Ermənistan Moskva-Tehran oxuna qoşularaq, bu prosesdə başlıca rol oynayan Rusiyanın girovuna çevrildi. Iran-Ermənistan ittifaqı eyni zamanda, Türkiyənin Qafqaza və Orta Asiyaya təsirini azaltmağa yönəlib.
Iran şimali və cənubi Azərbaycanın yaxınlaşmasına əngəl törədir. Bu ölkədə təxminən 20 milyon azərbaycanlı yaşayır. Indi onlar daha çox müstəqil dövlət qurmaq haqqında düşünürlər. Pəhləvilərin dövründə olduğu kimi, Iran inqilabından sonra da ciddi təzyiq altında yaşayırlar. Elçibəy hakimiyyəti dövründə Böyük Azərbaycan ideyası geniş yayıldı. Iranda hökumət azərbaycanlıların öz dilində təhsil almasına imkan vermir.
Azərbaycanın Qərbə meylli olmasına dözməyən şiə Iranı xristian Ermənistanına açıq dəstək verir.
Rusiya, Iran və Ermənistan ABŞ və onun müttəfiqlərinin regionda möhkəmlənməsinin, ATƏT-in Qarabağ probleminin həllinə yönəlmiş təkliflər paketinin qarşısını almağa çalışır. Bu təkliflər paketinin mühüm elementlərindən biri aralarında Qərbin də sülhməramlı qüvvələrinin olduğu hərbi kontingentin yerləşməsinin qarşısını almaqdır.
Meterialın orijinalına bu linkə daxil olmaqla baxa bilərsiniz.