Əliyev aşkar məğlub oldu

2013 – seçki, yoxsa, inqilabi fürsətlər ili?..

«Facebook»dakı bir sorğunun təhlili göstərir ki, hələlik biz də udmuruq…

Mübahisələr və mühakimələr zənginləşdikcə, vəziyyət barədə qənaətə gəlmək də çətinləşir. Proqnozlar artır, ümid isə bu çoxşaxəliliklə yalnız tərs-mütənasibdir. Yəni, çox adamın fərqli fikirdə olması, eyni yerdən baxa bilməməsi ümidləri azaldır.
Biz isə bugünlərdə 20 minə yaxın “facebook” istifadəçisinin iştirak etdiyi sorğunun nəticələrinə dair fikirlərimizi bölüşmək istəyirik. Məqsəd iştirakçıların “Bu gün seçki keçirilsə, kimə səs verərdiniz?” sualına cavab verərkən  yaranan vəziyyəti ümumrespublikaya proyeksiya edib, durumu gözdən keçirməkdir. Bu sorğu bizim üçün nəyi aydınlaşdırdı?
Qeyd kimi onu demək istəyirəm ki, qapalı cəmiyyətlərdə açıq adla keçirilən sorğuların nəticələri heç də birmənalı qiymətləndirilmədiyi üçün ciddi akademik dairələrdə bu tipli proseslərə analitik materialın bazası kimi deyil, daha çox tədqiqat obyekti kimi baxırlar. Beləliklə, biz nəyi aşkarlaya bilərik?

İlham Əliyev dayaqlarını itirir

Bu sorğuda ən çox səs alanlardan biri kimi, AXCP sədri Əli Kərimlidən bir neçə yüz səs geridə qalan Ilham Əliyev  uduzur. Bu, ictimai rəyin digər göstəricilərilə də üst-üstə düşür. Ilham Əliyevlə daha çox üz-üzə gələn və onu ən sərt tənqid edən Əli Kərimli onunla açıq rəqabətdə qalibdir. Bu isə o deməkdir ki, ictimai rəy baş verən hadisələrə, hakimiyyətin və müxalifətin polemikalarına uyğun formalaşır. Yəni, əsas rəqib kölgədə və ya arxa cəbhədə, üçüncü eşelonda axtarılmır. Toplum mübarizəni ön xətdə görür və nəticəni də oradan gözləyir. Amma bir şeyi unutmaq olmaz ki, indi Ilham Əliyevə səs vermək nə qədər asandırsa (təhlükəsizlik baxımından), Əli Kərimliyə səs vermək o qədər çətindir. Çünki Azərbaycan dünyada “facebook” dustaqlarının olduğu ölkələrdəndir və sosial şəbəkələr ifadə sərhədlərinin genişlənməsində ciddi rol oynayır.

“Əsas namizəd” konsepsiyası yanlışdır

Bu sorğunun ortaya qoyduğu ikinci mühüm məsələ odur ki, “Vahid namizəd” ideyasına alternativ ortaya qoyulan “Əsas namizəd” konsepsiyası yanlışdır. Sorğuda böyük əksəriyyətdən səsi Əli Kərimli alsa da (ikinci müxalif namizəddən 5 dəfə üstün fərqlə), kənarda qalan namizədlər də ölkənin ictimai rəyi üçün kifayət qədər ciddi şəxslərdir. Müsavat başqanı Isa Qəmbər, Ziyalılar Forumundan Eldar Namazov, Rəsul Quliyev və s. buna ciddi nümunə ola bilər. Yəni, bir namizəd seçicilərin əksəriyyətinin dəstəyini aldığı kimi, əksər siyasi qüvvələrin də dəstəyini almalıdır. Bu zaman siyasi qüvvə ilə elektoral güc arasında məntiqi uyğunluq meydana çıxacaq. Seçicilər verdikləri səslərin uğrunda daha çox və daha güclü adamlarla, təşkilatlarla birlikdə mübarizə aparmaqda maraqlı olacaqlar.

Birliyin fərqi nədir?

Əslində, bu sorğunun nəticələrinə riyazi xətalar kontekstində şübhə etmək də ola bilər. Amma bu da mümkün mütləq hesablamanın nisbi xətası əmsalından böyük ola bilməz. Yəni, qeydə ala bilmədiyimiz çatışmazlıqlar bizim hesablama kriteriyalarımıza uyğun olan nəticələri şübhə altına ala bilməz. Beləliklə, Əli Kərimlidən başqa bütün müxalif namizədlərin səsi və başlıca olaraq siyasi iradəsi birlikdə olanda biz daha nələr qazanırıq?
Statistik olaraq, ilkin mərhələdə favorit namizədin topladığı səsin düz yarısı qədər səs əlavə qazanılır. Və bu toparlanmanın (toplamanın) yaratdığı əhval-ruhiyyə ilə müxalif namizədin qələbəsinə inanan və səs verən yeni böyük elektoral potensial ortaya çıxır. Səs verənlərin sayının dəfələrlə artmaq ehtimalı yüksəkdir.
Siyasi olaraq, həm yerli, həm də beynəlxalq ictimaiyyət hakimiyyətə qarşı böyük və monolit, güclülərdən təşkil olunmuş birliyi görür; xalqda mübarizəyə və qələbəyə inam artan kimi, beynəlxalq birliyin ölkəmizdəki tarazlıqlara həssas üzvləri də yeni güc mərkəzilə əməkdaşlıqda maraqlı olurlar. Birmənalı şəkildə biz ölkədə sabitliyə və siyasi inkişafa qarant ola bilən böyük güc mərkəzinə çevrilmədikcə, beynəlxalq birliyi qınamaq yersizdir. Bu mənada, ilk növbədə ölkədə yeni güclü və siyasi təşəbbüsləri koordinasiya edə bilən mərkəz yaranmalıdır. Bu da həm seçkinin statistik nəticələrinə, həm də qələbənin siyasi təminatına töhfəsini verə bilər.