Amnesty İnternational pulu hardan alır?

Avropanın vicdanlı insanları barədə bir neçə kəlmə

Fikrət Hüseynlu

Bəzən diktaturanın hökm sürdüyü ölkələrdə yaşayan insanlar 100 faizlik ideallıq axtarırlar Avropa kimi böyük bir qitədə. Hansı ki, 500 milyondan çox insan yaşayan qitədə 100 faiz ədalət axtarmaq mümkünsüzdür. Onu da nəzərə alsaq ki, Avropada diktatura hökm sürən ölkələrə bağlı milyonlarla insan yaşayıb və yaşamaqdadır, onda vəziyyət aydın olar. Təkcə Azərbaycandakı problemlərə görə Avropaya pənah gətirmiş on minlərlə insan var. Əgər, bu adamlar yaşamaq icazəsi və ya vətəndaşlıq alandan sonra təkrar rejimin xidmətçisinə çevrilirlərsə, başqalarından nə gözləyəsən?
Kim hardan bilə bilər ki, bu gün Avropa parlamentində əyləşib kürü diplomatiyasına baş əyən, pul qarşılığında diktatorları dəstəkləyən deputat və səlahiyyət sahiblərinin mənşəyi indi də diktatura hökm sürən ölkələrə bağlı deyil? Bu gün Azərbaycandakı diktatura rejimindən qaçıb status alan, sonradan həmin rejimin Qərbdəki mühafizəçisinə çevrilənlərin nəsilləri də gələcəkdə avropalı sayılacaq. Və onların qanlarının qarışdığı biri sabah gəlib Avropa Parlamentində əyləşəndə rüşvət qarşısında təbii ki, şəri müdafiə edəcək. Buna görə də, bütün avropalıları ittiham etmək doğru deyildir. Necə ki, avropalılar fərdlərə görə bütün Azərbaycan cəmiyyətini ittiham etmirlər. Halbuki avropalıların – konkret olaraq Amnesty İnternationalın müdafiə etdiyi Eynulla Fətullayev indi onları ittiham edir və maliyyə mənbələrini soruşur. Və bu zaman diletant vətəndaş da ona qoşulub sual edir ki, doğrudan da bu qrantlar hardandır? Hansı ki, hər şey ortadadır. Bu pullar sadə avropalıların yığdığı ianələrdir.
Sadəcə bir-iki faktı xatırladım. Eynulla Fətullayev həbsdə olanda Amnesty İnternational 3 may – Beynəlxalq Mətbuat Azadlığı günündə Amsterdamda tədbir keçirirdi. Tədbirdə tələbə qızlar binanın girişində dayanıb kartlar, açıqcalar satıb məhbus jurnalistlər üçün pul yığır, həmçinin məhbuslara xoş sözlərlə dolu açıqcalar yazdırırdılar.
Bir hadisənin şahidi isə Amnesty İnternationalın yaşadığım rayon üzrə nümayəndəsi Phien Veenstranın iki il öncə məni tədbirə dəvət etməsi zamanı oldum. Yaşlı qadın (70 yaşı var) soyuq havada öz həmkarıyla birlikdə Amsterdamın açıq meydanlarından birində şam, açıqca, jurnal, qəzet, nişan və sair sataraq siyasi məhbuslar üçün pul toplayırdı. Qiymətlər simvolik olaraq 2 evro 50 sentdən başlayırdı. Yaşlı qadın düz 6 saat soyuqda dayanıb siyasi məhbuslar üçün pul topladı.
Xatırlatmaq istədiyim daha bir hadisə isə ötən il ilin mayında baş verdi. Alfred Mozer Fondunun dəstəyilə keçirilən toplantıda qeyd olundu ki, azərbaycanlı jurnalist İrşad Abbasov basqıya məruz qalıb. Ona vəkil tutmaq üçün kömək lazımdır. Ortaya bir qutu gətirildi. Pauza zamanı qapının önünə qoyuldu. Hər kəs imkanı daxilində qutuya pul atdı. Sonra pullar sayıldı və ünvanına çatmaq üçün səlahiyyətli bir şəxsə verildi.
Daha çox hadisə saya bilərəm. Lakin düşünürəm ki, bunlar kifayətdir. Və hər kəs bilsin ki, demokratiya üçün ayrılan qrantlar Avropanın fədəkar və vicdanlı insanlarının hesabına toplanır. Bunun üçün onlar təmənnasız olaraq bəzən aylarla çalışırlar. Səbəbindən asılı olmayaraq, Avropanı ittiham etmək istəyəndə unudulmamalıdır ki, Avropa vicdanlı insanların çiyinləri üzərində durur. Həm də təəssüflər ki, vicdansızların axını və çoxalması vicdanlıların azalmasına gətirib çıxarır. Hansı ki, necə deyərlər vicdan bizdə Allahın varlığının işarəsidir. Vicdanınızı qoruyun, vicdanlı olun.