Bu günlərdə iki yaptokrat, Gülər parlamentinin iki deputatı bir-birinin ardınca diqqətəlayiq bəyanat verdilər, allah qoymasa, guya qaş qayırmaq istəyirdilər, vurub göz də çıxardılar.
Başqa vaxt onların dediklərinə bu qədər əhəmiyyət verməzdim, amma rejimin “danışan ağızlar”ının ruh halını görmək üçün söylədikləri çox maraqlıdır.
Bəri başdan bunu deyim: durumları biz düşündüyümüzdən də ağırdır.
***
Əvvəlcə Zahid müəllim Oruc açıqlama verib dedi ki, heç kim Ramiz Mehdiyevə qarşı kompromatlara ümid etməsin, bu kompromatlar Mehdiyevi sarsıda bilməz, əksinə, akademik-administratorun qisası amansız olacaq. Məhz belə də dedi: “Amansız olacaq!”.
Sonra da 2005-ci ili misal göstərdi, buyurdu ki, o vaxt hakimiyyəti dəyişmək istəyənlərin (yəni Fərhad Əliyevin, Əli Insanovun) aqibəti hamıya məlumdur. Indi də belələrini başqa sonluq gözləmir.
Bu açıqlamalarda həm Zahid Orucun, həm də onun sevimli korrupsioner hakimiyyətinin mahiyyətini ifşa edən nə qədər alabəzək “quşlar” buraxılmışdır. Say, say, bitmək bilməz.
Məsələn, bu adam indiyədək özünə əl qatmamışdımı ki, hakimiyyətdə heç bir ikitirəlik yoxdur, hamı Ilham Əliyevin ətrafında sıx birləşib, müxalifət qəzetləri isə yalan və iftira yazmaqla məşğuldur? Bəs indi hansı kompromat döyüşündən bəhs edir. Yalançının yaddaşı olmaz – bilirik. Amma day bu qədər də yox də!
Ikincisi, “yekun amansız olacaq” nə deməkdir? Bəs hanı sizin hüquqi-demokratik dövlətiniz? “Qanunçuluğunuza” pişikmi asqırdı? Əgər bu gün rejim içində kimsə qanunazidd fəaliyyətlə məşğuldursa (hərçənd bu rejimdə təmsil olunub qanunauyğun işləyən adam axtarmaq küllükdə muncuq gəzmək kimi bir şeydir), “yekun”u niyə gözləyirsiniz? Hara baxır prokurorluğunuz, məhkəməniz, niyə bu cinayətləri isti izlərlə açmır?
Ya da biz deyəndə ki, bu rejimin mahiyyətini məhz amansızlıq, qisasçılıq ruhu təşkil edir, niyə yeri-göyü inlədirdiniz? Buyurun, on illərdir xalqa tuşlanmış həmin amansızlıq və qisasçılıq ruhu artıq özünüzə, bir-birinizə qarşı çevrilir. Dünənədək xalqla, müxalifətlə danışdığınız hədə-qorxu, şantaj üslubu da həmçinin!
Gülər parlamentinin başqa bir üzvü Siyavuş Novruzov isə quşu lap gözündən vurub, deyib ki, “Söyün Sadıxov kimdir, ona sui-qəsd hazırlayaq?! O, axı elə bir nüfuzu olan adam deyil”.
Bəli, bəli, doğru anladınız, – yaptokratiyanın əsl sifəti adlandıra biləcəyimiz adam etiraf ki, onlar nüfuzu olan adamlara sui-qəsd hazırlayırlar, amma Söyün Sadıxov hələlik həmin kriteriyalara cavab vermir. Gərək bir az da böyüsün, “şişsin”, görəndə ki, artıq rejim üçün təhlükə mənbəyidir, onda məsələsini həll edərik.
Mən indi Novruzovdan soruşmaq istəyirəm (pis başa düşməsin, başqa yerə yozmasın, bu, sadəcə jurnalist marağıdır):
Ey Siyavuş müəllim, sizə görə, məsələn, Ziya Bünyadov nüfuzu olan adam idimi?
Elmar Hüseynov necə?
Bəs Rail Rzayev?
Bəs Rafiq Tağı?
Çox uzağa getməyək: elə Sevinc Babayevanın özü necə, hakimiyyətin sui-qəsd üçün müəyyənləşdirdiyi kriteriyaların hər hansı birinə cavab verirdimi?
***
Dedim axı, Əslində Zahid Orucun da, Siyavuş Novruzovun da dediklərini daha çox rejim adamlarının ruh halını bilmək, görmək baxımından əhəmiyyətlidir.
Görünən isə odur ki, proses sözünü deyir. Mahiyyətlərini gizlətmək çətinləşib. Sarsılıblar. Həyəcanlıdırlar. Əndişəlidirlər. Əsəblər gərilib. Kələfin ucunu itiriblər, nə danışsalar əleyhlərinə işləyir.
Özlərinə, getdikləri yola arxayın deyillər artıq. Yolun sonunu da görürlər. Ona görə də əvvəlki kimi ölçülü-biçili danışa bilmirlər. Bəzəkli cümlələr yerini alabəzək “quş”lara verir artıq.
Bunlar hələ başlanğıcdır. Vəziyyətləri ağırlaşdıqca, özlərini ifşa edən, iç üzlərini açıb ortaya qoyan belə bəyanlarını çox eşidəcəyik.
Hələ çox bığ dalınca gedib saqqallarını da qoyub gələcəklər.
Hətta, daha doğrusu, hətta Zahid Oruc söyləməkdə bir az gecikib – son artıq amansız olmağa başlayıb!

Amansız sonun əvvəli
•
•