“Usubovun dediklərindən şok keçirdim”

Leyla Yunus: «Insan haqlarının pozulması hallarının azalması ilə bağlı daxili işlər nazirinin dedikləri lətifə kimi səslənir»

Müzəffər Baxış: «Azərbaycan insanlar üçün ən təhlükəli dövlətlərdən biridir»

Ötən həftənin sonunda Bakı Şəhər Polis Idarəsində əməliyyat müşavirəsi keçirən daxili işlər naziri Ramil Usubov əvvəlki illərlə müqayisədə son vaxtlar “insan hüquq və azadlıqlarının pozulması hallarının xeyli azaldığını” deyib. Nazirin nəyə əsaslanaraq bu açıqlamanı verdiyi məlum deyil. Ancaq ölkədə baş verənlərə nəzər salanda tamam fərqli mənzərənin şahidi oluruq. Hüquq müdafiəçiləri də nazirin açıqlamasının reallığa söykənmədiyini deyir.
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus Usubovun dediklərinin onda şok yaratdığını bildirdi. Çünki nazirin dediklərinin əksinə olaraq, ötən il insan haqlarının məhz polis əməkdaşları tərəfindən pozulması faktlarının artması ilə yadda qalıb.
Hüquq müdafiəçisinin sözlərinə görə, polislər konstitusiyanı və “Polis haqqında” qanunu pozaraq vətəndaşların sərbəst toplaşmaq hüququnu pozub. O cümlədən qadınlar, uşaqlar döyülüb. Vətəndaşlar işgəncəyə məruz qalıb, döyülüb, sağlamlığını itirib. Polis idarələrində işgəncələr davam edib və bunun nəticəsində insanlar həyatını itirib. Sərbəst toplaşmaq azadlığı, ifadə azadlığı kobud şəkildə pozulub.
Jurnalistlərin döyülməsi faktlarının artdığını deyən hüquq müdafiəçisi bununla bağlı Sülh və Demokratiya Institutunun xüsusi filmlər çəkərək saytında yerləşdirdiyini də qeyd etdi.
L.Yunus vətəndaşların mülkiyyət hüququnun pozulduğunu, polisin qanunsuz olaraq insanları evlərindən qovduğunu da xatırlatdı.
Hüquq müdafiəçisinin sözlərinə görə, bütün bunlardan sonra insan haqlarının pozulması hallarının azalması ilə bağlı daxili işlər nazirinin dedikləri lətifə kimi səslənir.

Hüquqşünas Müzəffər Baxış da Azərbaycanda insan hüquqlarının  vəziyyətinin gündən günə pisləşdiyini deyir: “Günbəgün, saat-saat, dəqiqə-dəqiqə, saniyə-saniyə vəziyyət pisləşir. Hər gün pisliyə doğru gedir, hər gün vəziyyət ağırlaşır. Ola bilsin özlərində olan rəsmi statistikanı əsas götürürlər. Amma Azərbaycanda insan haqları ilə bağlı vəziyyət həddindən artıq bərbaddı. Təsadüfi deyil ki, bütün beynəlxalq təşkilatlar da Azərbaycanı qeyri-azad dövlət elan edir. YAP-ın nümayəndələri çıxıb deyir ki, bu, erməni təbliğatıdır. Tamamilə yalan, böhtandır. ”Freedom House” təşkilatının yaydığı hesabatdakı məsələlər dəqiq, dürüst araşdırılır və tam həqiqətə uyğundur. Insan hüquqları məsələsi çox ciddi bir məsələ olduğundan bütün beynəlxalq təşkilatların da diqqətindədir. Dünyada insan haqlarının müdafiəsi üzrə siyahı tərtib olunsa, Azərbaycan axırıncı yeri tutmalıdır”.
M.Baxışın sözlərinə görə, Azərbaycanda vəziyyət hətta Afrika ölkələrindən də bərbaddı. Çünki Afrika ölkələrində bir nəfər göstəriş verir, həmin göstərişləri də icra edirlər. Azərbaycanda isə bilinmir kim göstəriş verir, kim icra edir.
Hüquqşünas istənilən səviyyədə hər hansı vəzifəli şəxslə Azərbaycanda insan hüquqlarının müdafiəsi məsələsini müzakirə etməyə hazır olduğunu da qeyd etdi: “Bacarıqları varsa, çıxsınlar mənimlə televiziyaya, bu məsələləri birlikdə müzakirə edək. Kimliyindən, hansı vəzifə tutmasından asılı olmayaraq hər kəslə bu məsələni müzakirə etməyə hazıram. Insan hüquqlarının pozulması ilə bağlı məndə elə faktlar var ki, insan onu oxuyanda başının tükü biz-biz durur. Azərbaycan insanlar üçün ən təhlükəli dövlətlərdən biridir”.

Fizzə