Yanvarın 19-da nə baş verdiyini bilirsiniz – “Binə” Ticarət Mərkəzində çalışan kiçik sahibkarlar onlara tətbiq edilən böyük məbləğdə ödəmələrə etiraz olaraq mitinq etdilər, lakin onların aksiyası amansız şəkildə dağıdıldı, mitinqə çıxanlar döyüldülər, xeylisi həbs edildi, onlara qarşı cinayət işi açıldı, hətta o da bəlli oldu ki, həbsə düşənlərə işgəncə verilir.
Amma sabahısı gün 20 Yanvar şəhidlərinin xatirəsi yüksək səviyyədə yad edildi, onların uyuduğu Şəhidlər Xiyabanını hətta Ilham Əliyev, nazirlər, əksər dövlət məmurları ziyarət etdilər. Yəni bir gün əvvəl mitinq edən vətəndaşları döydürən, gözyaşardıcı bombalara, rezin güllələrə qonaq edən və barələrində cinayət işi başlayan insanlar şəhidləri ehtiram duruşu ilə yad edirdilər.
Bəlkə buradakı qəribəliyi görmürsünüz?!
Dəhşət ondadır ki, 20 Yanvar şəhidləri də dinc mitinqçilər idi. Eynən “Binə” Ticarət Mərkəzində çalışanlar kimi dinc etiraz mitinqinə çıxanlar idi. Indiki mitinqçiləri yağı düşmən kimi əzib, o mitinqçilərə baş əyməyə gedənlər, deyəsən, bu sadə məqamı unudublar.
20 yanvar şəhidləri də öz etiraz aksiyalarına, sərbəst toplaşmalarına heç bir dövlət qurumundan icazə almamışdılar. Onlar da toplaşmaq haqlarının toxunulmazlığını əsas gətirib küçələrə axışmışdılar. Onlar da haqlarını istəyənlər idi…
…Onlar da haqlarını istəyirdilər, bunlar da. O zaman da azadlığımız üçün mitinq edirdilər, bu zaman da. Hara fırlatsan da, bu haqların hər biri azərbaycanlıların vazkeçilməz hüquqlarıdır, vətəndaşlar mitinq edib öz etirazlarını bəyan edə bilərlər, haqlarını tələb edə bilərlər və həm də hər zaman, hər əsrdə, hər dövrdə.
Bəs bu nə oyundur ki, o zaman mitinq edənlərin haqlı olduğunu qəbul edirsiniz, amma bu zaman səsini çıxaranları cinayətkar hesab edirsiniz? Niyə bu ölkədə bir zaman mitinq edəni azadlıq mücahidi, digərini cinayətkar sayırsınız?
Bəlkə o insanlar elə bu günlər üçün şəhid olublar. Şəhid olublar ki, sabah bu ölkənin gəncləri öz əsgərinə dəstək aksiyası keçirəndə 600 manat cərimə edilsinlər. Onlar şəhid olublar ki, sabah qardaş-bacıları, oğul-qızları mitinq eləmək hüququndan məhrum edilsinlər….
Niyə mitinq edirdilər onlar? Nəyin naminə onlar canlarından keçdilər? Bəs biz niyə mitinq edə bilməyək? Bəs Binədəkilər niyə mitinq edə bilməzlər? ÿ
Bəlkə deyəcəksiniz ki, Qarabağ problemimiz var, ona görə?! Amma onda da vardı Qarabağ problemi!
Üstəlik, “Keçid dövrüdür”, “Qarabağ problemi var”, “dörd tərəfimiz düşməndir” deyimləri ilə artıq xalq ovuna bilmir. Ən savadsız adam da başa düşür ki, ölkənin daha yaxşı, daha ədalətli idarə olunması bu problemlərə əngəl yaratmaz, əksinə kömək edər. Hamı görür ki, inkişafdan, xalqa xidmətdən danışan idarəçilər açıq şəkildə soyğunçuluqla məşğul olur və bu soyğunçuluq, talan dayanmaq bilmir, əksinə artır…
Sadə məntiq var. Qarabağ problemi varsa, siz niyə oğurlayırsınız bu ölkənin sərvətini? Kənarda düşmənimiz varsa, siz niyə düşmənçilik edirsiniz bu xalqla?
Sadə həqiqət var. Axı hər yerdə camaat öz icra başçısını ən oğru, ən varlı, ən zalım adam kimi tanıyır… Xalq dünən etiraz edib dağıtdığı SSRI zamanındakı idarəçilərindən də bu qədər özbaşınalıq, harınlıq görməyib.
Çox sadə sual var. Şəhidləri sevirsinizsə, onlar bu gün yaşayanların azadlıqları uğrunda ölübsə, bu gün yaşayanları niyə şərləyib cinayətkar elan edirsiniz?!

O şəhidlər də sadəcə mitinqçilər idi…
•