Göy qurşağı gözləntiləri

On il öncə Rusiya qəzetlərinin birində ABŞ-dan olan politoloqun yazısını oxumuşdum. Bugünkü Azərbaycan üçün xarakterik bir yazı. Dünyanın ən böyük, ən demokratik dövləti olan Amerika ilə bağlı rusiyalı demokratların çoxillik gözləntiləri doğrulmamış, onlar bundan incik düşmüşdülər (necə doğma görsəniş!). Bizim rusiyalı demokrat dostlarımızın kəskin incikliyini amerikalı politoloq belə dəyərləndirmişdi: “Siz Amerikaya gərəkdiyindən qat-qat artıq inanır, gərəkdiyindən qat-qat artıq bel bağlayırdınız”. Bizdə də belədir, özü də yalnız Amerika ilə bağlı yox.
Indi ortaya çıxan qonuşmalardan, danışmalardan bəlli olur: bizdə az qala hamı Babək, Nəsimi, Beyrək kimi obrazlarla tanınan bir aktyorun kinoda canlandırdığı obrazlar sayaq günlərin bir günü Nəsimi ideologiyası, Babək, Beyrək yenilməzliyi ilə qalxıb Əliyevlər hakimiyətini devirəcəyini düşünürmüş. Olmadı. Sən bir yandan “Ənəlhəq! – Mənəm Allah!” deyən Nəsimiyə inan, o biri yandan “Heydər Əliyev, Ilham Əliyev Allahın yerdəki kölgəsidir”, deyə seçki öncələri siyasi kampaniyaya uğraşan din başçısına. O biri yandan: sən illərlə sənin ömründən kəsmə faktına göz yumub, sənə ömründən pay vermə mifologiya-gopologiyasına inan – sonluq necə olacaq? Gördüyün kimi.
Nəsimini oynayan aktyor bir yana, qabaqca Nəsimi romanını, sonra onun ûssenarisini yazan adam günlərin bir günü özünü peyğəmbər adlandıra-adlandıra çevriliş yolu ilə hakimiyətə qayıdan keçmiş KQB generalını, MK katibini, Politbüro üzvünü Rəsulzadə ardıcılı kimi bu xalqa sırımağa çalışmadımı? Niyə görə Nəsimini oynayanın bu gün etdiyi dönüklük sayılır, Nəsimi roman-ssenarisini yazanın etdiyi dönüklük sayılmır? Niyə görə biri susqunluqla, o biri çılğınlıqla qarşılanır? Antimilli rejim qulluqçusu olaraq tanınan bir “xalq yazıçısı” televiziya ekranından yekə-yekə: “Mən vaxtilə Sovet dövlətilə vuruşmuşam”, deyir. Hamı susur. Dünənlə bugünün tutuşdurması yoluyla yazıçının yalanını çıxaran, az qala, ellik qınağa tuş gəlir. Bizdə indi az-çox siyasətdən başı çıxanların hamısı Avropanı, Amerikanı Azərbaycanla bağlı IKILI STANDART SIYASƏTI yürütməkdə suçlayır. Sözüm yox, bu suçlamada böyük gerçəklik payı var. Ancaq… gəlin özümüzə də ayıq başla, açıq gözlə baxaq. Biz özümüz öz ölkəmizdə, öz aramızda ikili standart siyasətini yaşam, düşüncə, davranış normasına çevirməmişikmi? Yuxarıdakı bir neçə faktdan da göründüyü kimi, çevirmişik, özü də necə?! Bunun altını çəkirik – hələ çox çəkəcəyik!
Bu gün xalqın sevimlisinə çevrilmiş Rüstəm Ibrahimbəyov bəlli aktyorun sınması faktı ilə bağlı deyir: “iqtidar ziyalıları sındırmaq istəyir, təzyiq göstərir”. Doğrudur, ancaq yarımçıq doğrudur. Rusların gözəl bir deyimi var: “Yarımçıq hamiləlik olmur”. Yarımçıq hamiləlik olmadığı kimi, yarımçıq doğru da ola bilməz. Hamiləlik olur – olmur. Doğru da eləcə. Adına ərəbcə “iqtidar” dediyiniz 44 ilin siyasi sistemidir. Qısaca olaraq heydərizm adlandıracağımız bu siyasi sistem 44 ildir ölkədə ZIYALILARI sındırır, ZIYALILIĞIN kökünü qazıyır… “istəyir” nədir? Tək elə təhsil sistemini başdan-ayağa, planlı olaraq rüşvətə bürümək ZIYALI özü bir yana, ZIYALILIĞIN kökünü kəsmək deməkdir. Bu gün xalqın çox sevdiyi bir bilgin, bir yazıçı, bir aktyor satılsın, dönük çıxsın – bunun çox da qorxusu yoxdur; təhsil sisteminin bütünlüklə rüşvətə bürünməsi gec-tez bütün ölkənini, bütün xalqın satılmasına gətirib çıxaracaq görsənişlərdəndir.
R.Ibrahimbəyov H.Əliyevin mədəniyyətə, mədəniyət adamlarına qayğısından danışır. Elədirsə, Heydər Əliyev siyasi sisteminin mədəniyyəti darmadağın etməsi, mədəniyyət adamlarını quru çubuq kimi bircə-bircə SINDIRMASI nə deməkdir? Aydınların borcu doğruları olduğu kimi, dolğunluqla deyib xalqın gözünü açmaqdır. Çoxlarına bəllidir: H.Əliyev mədəniyyət, eləcə də mədəniyyət adamları faktorundan ölkə üçün deyil, özünün siyasi istəkləri üçün yararlanırdı.