Qurumun əməkdaşları nöqsanlardan danışır, DIN isə deyilənləri təkzib edir
Xüsusi Mühafizə Tağımı Daxili Qonşuların hərbi hissəsində təlimlər keçir
Baş Mühafizə Idarəsinin (BMI) əməkdaşları növbəti dəfə redaksiyamıza məktub ünvanlayıb. Işdən çıxarılacaqlarından ehtiyat edərək adlarının çəkilməməsini xahiş edən mühafizəçilər yazır ki, BMI-də qanunsuzluq baş alıb gedir. Onların sözlərinə görə, 1-ci dərəcənin imtahanlarına pul verməyənlər imtahandan kəsilir: “Konkret olaraq Baş Mühafizə Idarəsinin Xəzər rayon şöbəsini misal çəkə bilərik. Orada 1-ci dərəcə imtahalanlarına pul verməyənlər kadr Rəsul Mahmudov tərəfindən kəsilir.
Təsəvvür edin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Idman Akademiyasında imtahanların fiziki göstəricilər üzrə ilk mərhələsindən keçirsən, lakin pul vermədiyin üçün sonrakı mərhələlərə çağırılmırsan. Nəticədə də digər normativ imtahanlarında iştirak edə bilmədiyin göstərilir və haqsız yerə dərəcə ala bilmirsən. Bütün bunlara görə, hər il onlarla polis əməkdaşı qanuni dərəcələrindən məhrum olurlar”.
Şikayətçilər daha sonra yazır: “Serjantların digər ağrılı yeri isə BMI-nin yerli-yersiz yoxlamaları ilə bağlıdır. Bu yoxlamaların əvvəlki yoxlamalardan fərqi isə odur ki,zabitlər eyni anda bir neçə rayonda serjant ”ovuna” çıxırlar. Sanki hansısa mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilir. Polis Akademiyasını müəyyən yollarla qurtarıb, müəyyən şərtlərlə BMI-ndə vəzifəyə təyin olunan zabitlərin apardığı yoxlamar nəticəsində serjantlara cəza verilməklə yanaşı, 1 aylıq əməkhaqqına yaxın məbləğdə pulları da alınır. Belə ki, keçən ilin noyabr ayında Səbail Rayon mühafizə Idarəsinin 4 əməkdaşı töhmət almaqla yanaşı adama 150 manat da “xərcə” düşüblər. Polis mayoru Mustafayev Vüqar və Elxan adlı polkovnik-leytenant rəis və rəis müavininin gözünə girmək üçün qabaqlarına çıxan serjantları haqsız yerə cəzalandırırlar. Bu yaxınlarda isə Nəsimi RMI-ndə rəisin təqaüdə getməsi ilə yaranan boşluqdan istifadə edən zabitlər idarənin 7 polis serjantına və 1 mülki mühafizəçiyə töhmət verdilər. Töhmət alan cavan əməkdaşlar isə 1 il ərzində dərəcə olmaqla yanaşı həm də polis akademiyasina sənəd vermək hüququndan məhrum olurlar. Dövlətin gerbini, bayrağını geyim formasında daşıyan bir insan niyə bu qədər sıxışdırılıb alçaldılır? Görəsən, ümumiyyətlə DIN Baş Mühafizə Idarəsində baş verənlərdən xəbərdardımı? Axırıncı dəfə BMI-nin ozündə nə vaxt yoxlama aparılıb? Lazımi dövlət qurumları BMI-nin maliyyə -plan idarəsində əsaslı yoxlama aparsalar bir sıra təhsil müəssələri və özəl banklardan alinan vəsaitin düzgün rəsmləşdirilməməsinin şahidi ola bilərlər. Sonda bayır xidməti aparan əməkdaşların adından bildirmək istərdik ki, xidməti postların (“butkaların”) şüşələrinin qara örtüklə ortülməsi daha düzgün olardi. DIN-in digər qurumlarının hamısında(PPX, Səfirliklərin Mühafizəsi) şüşələr məhz belədir və ancaq çöl içəridən görsənir. Hal-hazırki vəziyyətdə isə postların içərisi görsəndiyindən narahatçılığın yaranmağıyla yanaşı əməkdaşların təhlükəsizliyi baxımından da təhlükəlidir.
Son vaxtlar qəzetinizdə mülki geyimli şəxslərin mitinqlərdə aksiyaçılara qarşı kobudluğu ilə bağlı yazılar gedir. Yazılarda həmin şəxslərin BMI-nin rəis müavini Sabir Quliyevə tabe olduğu və aylıq əməkhaqqı aldığı da yazılıb. Bu məlumatın nə qədər doğru olduğunu deyə bilmərik lakin doğrudan da BMI-də rəhbər dəyişikliyi olduqdan sonra Xüsusi Mühafizə Tağımı (“Spesrota”) yaradıldı. Bakı şəhərinin 11 rayonunun mühafizə idarələrinin hər birinə fiziki göstəriciləri yaxşı olan 15 nəfərin həmin tağıma verilməsi tapşırıldı. Təxmini 160 nəfər. Həmin tağıma hər həftə Daxili Qoşunların NZS-dəki “N” saylı hərbi hissəsində təlimlər keçirilir. Əlavə maaş almırlar. Əməkdaşlar məcburi şəkildə seçilir. Təbii ki, BMI-nin əməkdaşları aksiyalara çağrılmadığından belə bir tağımın yaradılması düzgün deyil. Tədbirlərin onsuz da çox olduğu bir vaxtda bu əməkdaşlara verilən daha bir əziyyətdir…”.
DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, buna oxşar müraciətlər əvvəl də mətbuatda dərc olunub. Lakin araşdırmalar nəticəsində bəlli olub ki, deyilənlər doğru deyil. “Görünən odur ki, Baş Mühafizə Idarəsinə qarşı kampaniya aparılır və bu bir mərkəzdən idarə olunur. Bu da idarənin fəaliyyətində müsbət dəyişikliklərin olması, rentabelliyin artırılması ilə bağlıdır”, deyə Orxan Mansurzadə vurğulayıb.


