“Ramiz Mehdiyevin qisası amansız olacaq”

“Əksər “güllə atanlar”ın deşifrə olunması hakimiyyəti növbəti dəfə təmizləmə əməliyyatı ilə daha da gücləndirəcək”

Elşad Abdullayevin Gülər Əhmədova ilə seçki müzakirələrini əks etdirən video görüntülərin yayılmasından və bu prosesdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı davamlı kampaniyaya start verlməsi onun “vurulma” ehtimalını gücləndirib. Son günlər bir-birinin ardınca ölkənin tanınmış ictimai xadimləri və ziyalılarının da Ramiz Mehdiyevə qarşı çıxışları artıb. Hələ bir neçə ay əvvəl Ramiz Mehdiyevin müdafəsinə qalxan deputat Zahid Oruc onun bu cür situasiyalarla bir neçə il əvvəl qarşılaşdığını, amma sonda qalib olduğunu demişdi.
Bəs görəsən, Zahid Oruc yenə bu fikirində qalırmı? Moderator.az-a açıqlamasında hakimiyyətyönümlü deputat Zahid Oruc bu proseslə bağlı maraqlı fikirlər söyləyib.
Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc hesab edir ki, əgər Ramiz Mehdiyevə qarşı kampaniyanı çirkli reputasiyaya malik Elşad Abdullayev aparırsa sevinməyə tələsməsinlər: “Bu kompromat savaşının uğurlu nəticələrini gözləyənlər varsa,onları əmin edirəm ki,proses məntiqi sonluğuna çatanda onlar məyus olacaqlar.Yekun çox amansız olacaq. İndi virtual məkanda qurulmuş istehkamlar dağılanda bu oyunu aparan xeyli gizli sifətlər açılacaq və görəcəksiniz ki, mübarizə konkret Administrasiya rəhbərinə qarşı yox, hakimiyətin dəyişdirilməsi planının tərkib hissəsi naminə aparılıb. Bu 2005-ci il hadisələrinin dumanını xatırladır. Situasiyanın aydınlaşması ilə əksər “güllə atanlar”ın deşifrə olunması, hakimiyyəti növbəti dəfə təmizləmə əməliyyatı ilə daha da güclənməsinə aparacaq. Ona görə eyforiya içində qələbə çələngi gözləyənlər bilməlidir ki, həmin çiçəkləri məğlubiyyət mərasimlərində istifadə etməli olacaqlar. Prezident əleyhinə dramataikləşdirilən və facebook məkanında təşkilatlandırılanlar lider kimi sonradan İlham Əliyevə sığınacaqlar. Bir az gözləyək”.