Azərbaycanın böyük dilçi alimi
Azərbaycan dilçilik elminin görkəmli simaları sırasında bir çox alimlərimizlə bərabər, Əbdüləzəl Dəmirçizadənin adı da qızıl hərflərlə keçir. O, bu sahənin yorulmaz tədqiqatçısı, bilicisi və alimi olmuşdur. Onun elmi əsaslara söykənən araşdırmaları ədəbi dilimizin gerçək tarixinin aşkara çıxarılmasında qiymətli bir xəzinədir. Bu araşdırmalar, eyni zamanda bütün türk xalqları, türkologiya elmi üçün dəyərli mənbə sayıla bilər.
Böyük alim öz əsərlərində dilimizin tarixini xalqımızın tarixi ilə vəhdətdə öyrənməklə, elm aləminə mükəmməl tədqiqat nümunələri təqdim etmişdir. Onun dərin biliyi və zəngin təcrübəsi dil tariximiz haqqında uydurma iddiaları məharətlə iflasa uğratmağa imkan vermişdir.
Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə 1909-cu ildə Şəkidə anadan olmuşdur. Ibtidai və orta təhsilini Şəkidə alan Dəmirçizadə əvvəlcə “Həqiqətül-maarif” adlanan yeni tipli məktəbdə, sonra isə “Şəki nümunə zəhmət” məktəbində oxumuşdur. O, Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra 1925-ci ilin sentyabrından 2 saylı şəhər məktəbində müəllim işləməyə başlamışdır. Gənc müəllimin ilk məqaləsi bu dövrdə “Yeni Məktəb” məcmuəsində çıxmışdır. Gəncliyində bədii yaradıcılığa həvəs göstərərək, şeirlər, hekayələr və oçerklər yazan Dəmirçizadəni elmi iş daha çox maraqlandırmışdır. Buna görə də o, fəaliyyətini elmi araşdırmalara həsr etməyi daha üstün tutmuşdur.
Beləliklə, Əbdüləzəl Dəmirçizadə 1929-cu ildə Bakı şəhərinə gələrək, ADU-nun pedaqoji fakültəsinə daxil olur. O burada B.Çobanzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, A.Şaiq kimi görkəmli alim və yazıçılardan dərs almışdır.
Böyük alim sonralar yazırdı: “…Mən professor Bəkir Çobanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir, Abdulla Şaiq kimi görkəmli şəxslərin tələbəsi olmuşam, ədəbiyyat, incəsənət və elm sahəsində bir sıra məşhur şəxsiyyətlərlə – Səməd Vurğun, Süleyman Rüstəm, Əbülhəsən, Sabit Rəhman, akademik Həmid Araslı, professor Cəfər Xəndan, xalq rəssamı S.Salamzadə və başqaları ilə sinif yoldaşı olaraq təhsil almışam… Dilçilik sahəsində əsl tədqiqat aparmaq zərgərlikdir”.
Böyük tədqiqatlar arxasınca
Ali təhsilini bitirən Dəmirçizadə Şəkiyə qayıdıb müəllimlik fəaliyyəti ilə məşğul olur. Sonralar 1933-cü ildə yenidən Bakıya gəlib, API-nin “Dillər” kafedrasının aspiranturasına daxil olur. Gənc alimin “Türk dili” adlı ilk kitabı 1936-cı ildə, “Azərbaycan ədəbi dili tarixinin xülasələri” adlı ikinci kitabı isə 1938-ci ildə işıq üzü görmüşdür. Bu dövrün görkəmli alimləri Y.E.Bertels, S.E.Malov və I.K.Dmitriyev ikinci kitabın namizədlik dissertasiyası kimi müdafiəyə layiq olduğu barədə rəy vermişlər. Artıq 1940-cı ildə, 31 yaşında Ə.Dəmirçizadə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Bu dövrdə dilçilik tarixi sahəsində elmi araşdırmalarını davam etdirən alim 1944-cü ildə “Azərbaycan dilinin tarixi (qədim dövr)” adlı mövzuda müdafiə etmiş, 1945-ci ildə professor elmi adına layiq görülmüşdür. Görkəmli alim 1940-cı ildən 1943-cü ilə qədər ADU-da, 1943-cü ildən ömrünün sonuna qədər isə API-də “Azərbaycan dilçiliyi” kafedralarına rəhbərlik etmişdir.
Dilçilik tariximizin öyrənilməsində alimin böyük xidmətlərindən biri də “Kitabi-Dədə Qorqud” dastanlarının dili ilə bağlı apardığı tədqiqatdır. Bu günədək bir çox dünya alimləri tərəfindən araşdırılaraq, haqqında saysız-hesabsız tədqiqat əsərləri yazılan dastan Dəmirçizadənin elmi baxış bucağından tam fərqli şəkildə tədqiq olunmuşdur. Ümumiyyətlə isə, bu dastanların nə zaman yaradıldığı, hansı xalqa mənsub olduğu kimi bəzi mübahisəli məsələləri dil materialları əsasında sübuta yetirməyə cəhd göstərən olmamışdır. Bu təşəbbüsü ilk dəfə professor Ə.Dəmirçizadə göstərmiş və həmin dastanların dilini ətraflı şəkildə öyrənməklə bir sıra maraqlı nəticələrə gəlmişdir. Alim “Kitabi-Dədə Qorqud” dilindəki leksik, qrammatik və fonetik xüsusiyyətləri müəyyənləşdirməklə bu dastanların Azərbaycan dilinin ən qədim abidəsi olduğunu sübuta yetirmişdir. Buna görə də, məşhur türkoloq, SSRI EA-nın müxbir üzvü olmuş professor A.N.Kononov müəllifin həmin əsərini “Kitabi-Dədə Qorqud” dastanlarının öyrənilməsində “yeni bir mərhələ” adlandırmışdır.
Maraqlı səhnə əsərlərinin müəllifi
Dilçi alimin fəaliyyəti dövründə 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi- metodik məqaləsi çap olunmuşdur. Ə.Dəmirçizadənin “Azərbaycan dilinin fonetikası” kitabı dilçiliyimizin qızıl fonduna daxil olan əsərlər sırasında yer alır. O, bu dəyərli əsərin ilk variantını 1947-ci ildə yazdığı əsər əsasında genişləndirərək kitab halına salmış və zamanla üzərində işləyərək dərslik kimi çap etmişdir. Alimin 1969-cu ildə çap etdirdiyi “Azərbaycan dili orfoepiyasının əsasları” kitabı da güclü tədqiqat əsərlərindən biridir. Dəmirçizadə bütün fəaliyyəti müddətində Azərbaycan dili lüğət tərkibinin sağlam yolla inkişafı, zənginləşməsi istiqamətində öz səylərini əsirgəməmişdir. Alim həm elmi tədqiqatları, həm də geniş auditoriyalardakı söhbətləri ilə dilimizin təmizliyinin qorunmasına çalışır, yersiz işlədilən əcnəbi sözlərə etiraz edirdi. Tələbələrindən bir çoxu qeyd edir ki, onlara “həştad” sözünü tərgidib, “səksən”ə keçməyi müəllimləri Dəmirçizadə vərdiş etdirib. Görkəmli alim elmi fəaliyyətində həm tarixi leksikologiya, həm də müasir dilimizin lüğət tərkibinin tədqiqi məsələləri ilə məşğul olmuşdur. O, “Dilin lüğət tərkibi haqqında…”(1952), “Müasir Azərbaycan dilinin əsas lüğət tərkibi və qrammatik quruluşu” (1965), “Azərbaycan dilinin üslubiyyatı” (1962) adlı kitablarının müəyyən bölmələrini Azərbaycan dili lüğət tərkibinin tədqiqinə həsr etmişdir.
Alimin müasir Azərbaycan dili sintaktik quruluşunun müxtəlif sahələrinə dair əsərləri bir yerə yığılsa, böyük bir kitab alınar: “Müasir Azərbaycan dilində sadə cümlələr” (1950), “Qovuşuq cümlələr” (1947), “Azərbaycan dilində uzlaşma” (1950), “Mübtədanın sualları haqqında”(1955), “Mürəkkəb cümlələr” (1-ci məqalə 1947, 2-ci məqalə 1948) və s. məqalələrinin hər biri kiçik bir monoqrafiyanı andırır. “Müasir Azərbaycan dili (cümlə üzvləri)” (1947) kitabını da bura əlavə etsək, ümumi mənzərə tamamlanmış olur.
Ə.Dəmirçizadə xalq folklorunun daimi araşdırıcısı idi və bədii əsərlərində ondan məharətlə istifadə edirdi. O, “Dədə Qorqud” dastanınn yaradıcılıqla istifadə edərək 1943-cü ildə eyniadlı libretto yazmışdır. Bu maraqlı əsər Azərbaycan Dövlət Filarmoniyasında böyük uğurla oynanmışdır. Yaradıcılığının müəyyən dövrü teatrla bağlı olan Dəmirçizadə “Dədə Qorqud” librettosundan sonra 1945-ci ildə “Qaraca Çoban” pyesini yazmışdır. Pyes 1950-ci ilə qədər Gənc Tamaşaçılar Teatrının repertuarında qalmışdır.
Azərbaycan dilçiliyi sahəsində yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da Dəmirçizadənin böyük rolu olmuşdur. O, 50-dən çox elmlər namizədi və doktoru hazırlamışdır. Ə.Dəmirçizadə Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı idi.
Görkəmli dilçi alim Ə.Dəmirçizadə 1979-cu ildə vəfat etmişdir.
Bakının küçələrindən biri onun adını daşıyır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir