Soyun ey murdar sallaxlar…

Öncədən öz romanımdan (“Yad dildə”) sitat gətirəcəyimə görə oxuculardan çox-çox üzr istəyirəm. Ancaq yeri gəldiyinə görə, kitabı oxumamış oxucularımın da bunu oxumasını istərdim:
“”Nəsimi” filmində Nəsiminin dərisinin soyulduğu səhnəydi; bu yandırıcı yer onu lap üşütmüşdü, susatmışdı; fikirləşmişdi ki, görəsən, Nəsimini oynayan aktyor özü amalı uğrunda dərisinin soyulmasına, soyulmasına da yox, bir balaca sıyrılmasına razı olardımı? Nəsimi səhnədə yox, həyatda aktyor olub, Allah rolunda oynayıb və rolunda oynadığının yolunda dərisini soyublar. “Əşşi, mən aktyordan nə istəyirəm, – düşünmüşdü, – görəsən, yaratdığı bəşəri bu qədər sevdiyini bəyan eləyən Allah insan rolunda oynasaydı necə olardı, Nəsiminin bu məşəqqətinə dözərdimi, gözləri kədərdən solmuş, üzləri aclıqdan kül rənginə düşmüş balalarının xətrinə bir tikə çörəyə satılardımı?”.
Bu parça Azərbaycan ziyalılarının susduğu zamanda yazılıb. O vaxt hər gənc yazar kimi mənim də qayğılarımdan biri bu idi: Azərbaycan ziyalısı, illah da avtoritetlər bir gün danışmağa başlayacaqmı? Və başlayandan sonra bu hakimiyyətin xislətindən doğan məntiqə görə sıxışdırılmağa başlayanda necə davranacaqlar? Məsələn, Nəsimini oynayan sevimli aktyorumuz Rasim Balayev. Rasim bəyi ümumiləşmiş ziyalı obrazı saymaq olar, çünki onun oynadığı rollar, onların arxasında duran prototiplər Azərbaycan xalqının mərdlik, dönməzlik, öz yoluna sadiqlik nümunəsi olublar. Babək ərəblərlə danışıqlara gedəcəyi halda ən azı böyük xilafətin böyük də ordu sərkərdələrindən biri olacaqdı. Lakin dönmədi. Marksın sözləri ilə desək, əl-ayağından oldu, ancaq bütün dünyanı gəzdi.
Görünür, hətta hansısa bir yazıçının ağlına gələn bir fikrin bir gün gerçəyə çevrilməsi haqqında deyilənlər heç də yalan deyilmiş. Bu romanda sevimli aktyorun adı çəkilməyə də bilərdi, ya da tam başqa cür ifadə edilər, aktyor xatırlanmazdı. Ancaq maraqlı olan da budu – o ad mütləq çəkilir və bir gün gerçəyə çevrilir. Nəsiminin dərisini soyanlar (istər Hələb, istər Azərbaycan olsun) bu gün də hakimiyyətdədirlər və indi də onlar Nəsimini oynayan, canlandıran və sevdirən aktyorun (bütövlükdə yaradıcı insanların) dərisini soymaq, boğazından çıxarmaq istəyirlər. Burda təəccüblü heç nə yoxdu. Şər həmişə öz məzmununda qalır, şərə qarşı duran da öz. Bu gün Hələb Nəsimiyə etdiyi haqsızlığın əvəzini ödəyir. Bakı isə həvəslə o əvəzə doğru gedir.
Bu gün, Nəsiminin ölüm fərmanını verən hökmdarın, şeyxin yerində oturan şəxs də hər gün yüzlərlə insanın qətlinə fərman verir. Azərbaycan isə hələ indi yüz illər öncənin Hələb funksiyasını boynuna götürüb. Susmayanlar, yaltaqlanmayanlar, əyilməyənlər, özünü Insan hesab eləyənlər sıxışdırılır, təqib edilir, hər şeydən məhrum buraxılır. Artıq zaman çox irəli gedib. Dəri soymaq dəbdə deyil. Indi insanların ruhunu soyurlar və sizi əmin eləyirəm ki, bu gün aktyora verilən işgəncə şairə verilən işgəncədən daha dəhşətlidi və dərd ondadı ki, bu gün təkcə Rasim Balayev deyil, yüzlərlə, minlərlə insan belə cəzalandırılır, işgəncə görür. Dünən şəriətin çıxardığı fitvaları bu gün kommunist tör-töküntüləri və tacir zümrəsi çıxarır.
Şükürlər olsun ki, əsrlər sonra Azərbaycanın Nəsimiləri yenə ayaqdadı, yenə hakimiyyətdən insana hörmət və sevgi tələb edirlər. Zaman gələcək, bu insanlara heykəllər qoyulacaq, adları dillər əzbəri olacaq, onların ruhunu soyanlar isə həmişə lənətlə anılacaq. Bunu düşünürlərmi görəsən? Görünən qədəriylə, yazıqlar olsun ki, yox…
P.S. Yazı Rasim bəyin istefasından öncə yazılıb. Sayğılarımla.