
Minlərlə ticarətçi hüquqları uğrunda mübarizəyə qalxdı; polis aksiyanı qəddarlıqla dağıtdı
100 nəfər həbs edildi; Beynəlxalq media baş verənlərdən yazdı
“Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlar etiraz aksiyası keçirib. Hadisə dünən baş verib. Minlərlə sahibkarlar kassa-aparatlarının qoyulmasına və onlardan əlavə yer haqqı tələb edilməsinə etiraz edib. Onlar və yaxınları Şıxov-Lökbatan yolunu (Salyan şosesi) bağlayıb. Ticarət mərkəzində fəaliyyət göstərən sahibkar Etibar Isayev Lent.az-a bildirib ki, hazırda rəhbərliklə sahibkarlar arasında danışıqlar aparılır, yol isə hələ də bağlıdır: “Bazarda narazılıq çoxdan var. Səbəb isə kassa-aparatlarının qoyulmasıdır. Əvvəllər topdan satışa görə vergini ticarət mərkəzinin rəhbərliyi özü ödəyirdi. Indi isə Kəbirə xanım çalışır ki, mağazalara-anbarlara kassa aparatları qoydursun, bütün yükü sahibkarların boynuna yıxsın. Biz də bununla razılaşa bilmərik”.
Kəbirə Məmmədova aksiyaçıların görüşünə avtomatla gəlib

Bir qədər sonra “Binə” Ticarət Mərkəzinin sahibəsi Kəbirə Məmmədova hadisə yerinə gəlib. “musavat.com”un verdiyi məlumata görə, Kəbirə Məmmədovanın yanında avtomatla silahlanmış dörd nəfər olub. O, aksiya iştirakçılarını sakitləşdirmək əvəzinə onları hədələyib. Bazar sahibəsi bəyan edib ki, istənilən halda tələb olunan pul sahibkarlardan alınacaq.
Az sonra polislərin aksiyaçılara qarşı əməliyyatı başlayıb. Ticarət Mərkəzinə gedən magistral yolun Şıx qəsəbəsi ərazisindən keçən hissəsi polis qüvvələri tərəfindən nəzarətə götürülüb. Avtomobillərin ticarət mərkəzi istiqamətinə hərəkəti məhdudlaşdırılıb.
Bakının mərkəzinə doğru yürüş etmək istəyən aksiya iştirakçılarının qarşısı kəsilib. Polislərlə aksiyaçılar arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı hər iki tərəfdən xəsarət alanların olduğu deyilir. Əraziyə Çevik Polis Alayının qüvvələri cəlb olunub.
Aksiyada jurnalistlərə də təzyiq göstərilib. Polis onların peşə fəaliyyətinə mane olub. Jurnalistlərin fotoaparatları və kameraları əllərindən alınıb.
Aksiyaçılardan 100 nəfər həbs edilib
Bəzi məlumatlara görə, polis aksiyanı dağıtmaq üçün rezin güllələrdən də istifadə edib. Amma Daxili Işlər Nazirliyi mətbuat xidmətindən “Azadlıq” radiosuna deyiblər ki, heç bir rezin güllələrdən söhbət gedə bilməz, bu barədə deyilənlər yalandır.
Polisin əməliyyatı nəticəsində aksiya keçirən ticarətçilərinin 100 nəfərə yaxını həbs olunub. Onlardan 80 nəfərinin Qaradağ rayon Polis Idarəsində, 15 nəfərinin isə 10-cu polis bölməsində saxlandığı deyilir. 10-cu polis bölməsindən 15 nəfər aksiyaçının saxlandığını “Azadlıq” radiosuna təsdiqləyiblər. Amma Qaradağ rayon Polis Idarəsindən sayla bağlı konkret məlumat verməkdən imtina ediblər. Polis növbətçisi “Sayı bilmirik” deyib.
Polis Idarəsi qarşısında olan vəkil Xalid Bağırovun “Azadlıq” radiosuna dediyinə görə, onlara idarədə saxlananların 80 nəfər olduğunu bildiriblər: “Gəldim ki, vəkil xidmətimi təklif edim, hələ ki heç kim müraciət etməyib. Idarənin qarşısında saxlananların xeyli yaxınları toplaşıb”.



Qaradağ Polis Idarəsindən APA-ya verilən məlumata görə isə Idarədə 30 nəfər aksiyaçı saxlanılır, onlara qarşı ittiham elan olunub-olunmayacağı hələ bilinmir. Bundan başqa saxlanılanların sayının arta biləcəyi də istisna edilməyib.
Hadisə ilə bağlı Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis Idarəsinin birgə məlumat yayaraq aksiyada saxlananlara qarşı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlandığını, istintaq aparıldığını elan edib.
AXCP-dən “Binə” bəyanatı
AXCP “Binə” Ticarət Mərkəzinin yanvarın 19-da etiraz edən ticarətçilərinə qarşı zorakılıqla bağlı bəyanat verib. Bəyanatda deyilir: “Binə” Tticarət Mərkəzində çalışan xırda ticarətçilər inhisarçıların mərkəzdəki özbaşına rüvşət yığılmasından təngə gələrək etiraz aksiyası keçirib. Aksiya kifayət qədər dinc tələblərə başlayıb, etirazçılar onlarla ədalətli və qanuni formada rəftar olunmasını istəyiblər. Buna baxmayaraq hökumət güc strukturları vasitəsi ilə aksiyaya qeyri-adekvat müdaxilə edib; aksiyaçılar döyülüb, onlara qaz bombası, rezin güllələr atılıb.
AXCP baş verənləri kəskin pisləyir, bunu hakimiyyətin növbəti anti-xalq davranışı kimi dəyərləndirir. AXCP bəyan edir ki, dinc əhalinin etirazını güc yolu ilə yox, onları dinləməklə həll etmək lazımdır və bu vacibdir.
AXCP təsdiq edir ki, bir çox yerlərdə olduğu kimi “Binə” Ticarət Mərkəzində də xırda sahibkarlar inhisarçılığın buxovu altında əzilir, onlar qanundan kənar ödəmələrlə vaxtaşırı incidilir.
AXCP bir daha hakimiyyəti diqqətli və məsuliyyətli olmağa çağırır. AXCP eyni zamanda hakimiyyəti ərəb inqilablarından dərs götürməyə səsləyir. Ərəb inqilabları bir daha təsdiq etmişdi ki, dinc əhali ilə zorakılıqla, terrorçu kimi davrananlar sonda özləri faciəli şəkildə məğlubiyyətə düçar olur.
AXCP aksiyaya səbəb olan halların aradan qaldırılmasını və etiraz aksiyası zamanı saxlananları dərhal azad olunmasını tələb edir”.

***
“Binə”dəki aksiyaya beynəlxalq media da diqqət yetirib. “Associated Press”, BBC, “Bloomberg” və digər bu kimi nüfuzlu beynəlxalq media quruluşları “Binə”də minlərlə insanın hüquqları uğrunda mübarizəyə qalxdığını yazıb.



