İbrahimbəyov dediyi hərəkatın adını açıqladı

«Hərəkatın adı «EL», missiyası isə üçüncü qüvvə kimi çıxış etmək olacaq»

Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən olan tanınmış dramaturq və yazıçı Rüstəm Ibrahimbəyov bir müddət bildirmişdi ki, ölkədə yeni hərəkat yaradılır. Rüstəm Ibrahimbəyov həmin quruma siyasi partiyaların, Ziyalılar Forumunun, müxtəlif gənclər təşkilatlarının dəstək verdiyini bildirsə də, hərəkatın adını açıqlamamışdı.
Dünən “mediaforum” yeni hərəkatın adını öyrənmək üçün Rüstəm Ibrahimbəyova müraciət edib. Rüstəm Ibrahimbəyov deyib: “Yeni hərəkat ”EL” adlanacaq. Hərəkatın adı “EL”, missiya və mənası isə üçüncü qüvvə kimi çıxış etmək olacaq”.
Hərəkatda kimlərin təmsil olunduğuna gəlincə, Rüstəm Ibrahimbəyov bildirib ki, Ziyalılar Forumu hərəkata dəstək verir, amma işlərə birbaşa müdaxilə etmir: “Hərəkatın işləri ilə xeyli adam, o cümlədən Eldar Namazov, Eldəniz Quliyev məşğul olur. Yaxın günlərdə bununla bağlı geniş məlumat veriləcək. Hərəkatın məqsədi əhalini siyasi və ictimai cəhətdən fəallaşdırmaqdır. Çünki Azərbaycan vətəndaşlarının böyük qismi ictimai-siyasi həyatda iştirak etmir. Qarşıdan prezident seçkisi gəlir və seçicilərin fəal olmasını istəyirik. Ötən illərin təcrübəsi göstərir ki, seçki günü seçici fəallığı 30-40 faiz olur. Bu da seçkinin saxtalaşdırılmasına, boş qalmış bülletenlərin qanunsuz yolla başqa namizədlərin xeyrinə doldurulmasına şərait yaradır. Bütün bunlara görə yeni hərəkat yaradılır”.
Yeni hərəkatın adının Ziyalılar Forumunun təsisçilərindən olan politoloq Eldar Namazovun adından götürülüb-götürülmədiyinə gəlincə, Rüstəm Ibrahimbəyov bunun doğru olmadığını söyləyib: “Orada Eldəniz Quliyev də var. Belə çıxır ki, yeni hərəkat Eldəniz Quliyevlə bağlıdır? Orada Elçin də, Elnur da var. Ona görə də bunu doğru yanaşma saymıram. ”EL” bizim qədim sözümüzdür, çox məşhur, hamının qəbul etdiyi bir sözdür. Bu, geniş xalq hərəkatını, el hərəkatını nəzərdə tutur”.
Rüstəm Ibrahimbəyovun sözlərinə görə, iş yeni hərəkatın formalaşdırılması ilə başa çatmayacaq: “Bütün rayonlarda strukturlar formalaşdırılandan, əsas ictimai birliklər, siyasi partiyalarla razılığa gəlindikdən sonra Milli Şura yaradılacaq. Prezidentliyə vahid namizədi Milli Şura irəli sürəcək”.
Hazırda gündəlikdə duran əsas məsələnin “EL” hərəkatının yaradılmasını başa çatdırmaq olduğunu vurğulayan Rüstəm Ibrahimbəyov qeyd edib ki, bu səbəbdən Milli Şura ilə bağlı müzakirələr aparılmayıb: “Amma bu müzakirələri kimlərlə aparacağımızı bilirik. Demokratiya, islahatlar uğrunda mübarizə aparan, uzun illərdir bu yolda can qoyan, hamının tanıdığı, dürüst və təmiz insanlarla müzakirələr aparıb Milli Şura yaradacağıq. Burada partiya sədrləri, müavinləri, QHT rəhbərləri, gənclər təşkilatları təmsil olunacaq”.
Rüstəm Ibrahimbəyov Milli Şuranın proqramını da açıqlayıb: “Milli Şuranın irəli sürdüyü namizəd hakimiyyətdə 2 il qalacaq. Yeni prezident Milli Şura ilə birlikdə 2 il ölkəni idarə edəcək. Azad, demokratik və dünya standartlarına cavab verən seçkilərin keçirilməsi, korrupsiya və rüşvətxorluğun qarşısının alınması üçün islahatlar aparılacaq. Normal şərait yaranandan sonra parlament və yeni prezident seçkiləri keçiriləcək”.