Azərbaycanda Suriya günləri

2013-cü ilin ilk statistikasına görə, Suriyada ölənlərin sayı 60 mini ötüb. Dünya dövlət başçılarının və başqa rəsmi şəxslərin çıxışlarından belə anlaşılır ki, bu dəhşətli savaş hələ bir qədər də beləcə sürəcək və o məntiqlə ölənlərin sayı 100 mini ötəcək. Şəhərlər, kəndlər, qəsəbələr viranəliyə çevriləcək, infrastruktur məhv olacaq. Insanlarda silaha, qan tökməyə, savaşçılığa aşırı vərdiş yaranacaq. Əsəblər pozulacaq. Müharibə mənəviyyatı insanların həyatda qalmaq üsuluna çevriləcək. Insanlığın dərin qatında yatan vəhşilik, heyvanilik və ibtidai şüur ön plana keçəcək. “Öldürməsən öldürüləcəksən” psixologiyası aparıcı instinktə çevriləcək. Mövcudluq üçün ən vəhşi hərəkətlərə əl atılacaq. Istənilən sorunun həlli silahların dili ilə ayırd ediləcək. 
Savaşlar təkcə şəhərlərin və dövlətin deyil, insanlığın da altını üstünə çevirir. Istər ədalətli, istər ədalətsiz, istər iç savaşı, istər hakimiyyət uğrunda qanlı savaş olsun – savaş savaşdı. Keşkə bu savaşlar olmayaydı. Bəşəriyyətin bugünkü halını gördükcə insanlıqdan imtina eləmək istəyirsən. Nə yazıq ki, alternativ yoxdu.
Hər bir dövlət Suriyada öz şəxsi mənfəətinə əsaslanan siyasət yürüdür. ABŞ, Avropa, Iran, Çin öz, Merejkovskinin “dünya xalqlarının mədəsində xora” adlandırdığı Rusiya isə öz siyasətinin peşində. Və hər bir tərəf də Suriya xalqını düşündüyünü deyir. Suriya xalqını yalandan olsa belə, vecinə almayan isə bir şəxs və onun dəhşətli partiyasıdı – Bəşər Əsəd və BƏƏS. Istənilən yarıtmaz hakimiyyətin yanlış mənəvi siyasəti sabahkı qarışıqlığın rüşeymidi. Əsəd diktaturasının sonu belə də olmalıydı. Xalqdan aralı düşmək, hər şeyi öz mənfəətinə hesablamaq, allahlıq iddiası, vətəndaşlarının dini, milli, irqi ayrı-seçkiliyinə yol vermək sonunda qana gətirib çıxarır. Və bu durumdan da kənar qüvvələr rahatlıqla istifadə eləyir. Rusiya Bəşər Əsəd rejiminə qahmar çıxmaqla guya Suriyanın Əfqanıstana çevrilməsinin qarşısını almaq istəyir. Əslində isə Suriya öz qurbanlarına görə artıq Əfqanıstanı geridə qoyub. Və bundan sonra nələr olacağı kimsə üçün sirr deyil. Bəşər gedəcək. Buna şübhə yoxdu. Ama geridə nə qalacaq? Dərd bundadı.
Və Azərbaycan…
Indi ölkəmizdə eynən Suriya hadisələri baş verir. Artıq rejim öz dayaqlarını itirib. Xalqla təmaslar tamamilə qırılıb. Indi iri dövlət məmurlarının şablon və yalançı çıxışlarında səslənən “xalq” sözündən başqa hakimiyyətin tərəfində olan bir xalq yoxdu. Azərbaycanın dövlət başçısı öz hakimiyyətini və partiyasının hegemonluğunu saxlamaqdan ötrü eynən Bəşər kimi hərəkət edir. Sadəcə, Azərbaycanda atılan bombaların səsi eşidilmir. Dağıntılar gözə çarpmır. Dünya xarabalıqları deyil, gözəllikləri görür. Əslində isə burda daha dəhşətli savaş gedir. Mənəviyyat xarabalığa çevrilir. Qanunlar darmadağın olur. Hələb universitetinə atılan bombalar 80 nəfərdən artıq tələbənin ölümünə səbəb oldusa, Azərbaycan təhsilinə qoyulan səssiz və gözəgörünməz bomba nəinki tələbələrin, bütün millətin sabahının qanını tökərək həlak eləyib.
Suriyada uşaqları oğurlayırlar həm də. Orqanlarından istifadə edirlər. Azərbaycanda isə hələ uşaqlar dünyaya gələrkən bütün gələcək taleləri oğurlanır və ömürləri boyu girovluqda yaşayırlar – bağça, məktəb, ali məktəb, hərbi xidmət, sonradan sağ qalarlarsa, iş yerləri və işsizlik. Onların mənəviyyatı, şəxsiyyəti, ləyaqəti oğurlanır dünyaya gəldikləri gündən və ömür boyu satış predmetinə çevrilir.
Azərbaycanda Suriya iç savaşının hələ ki, qansız fazası gedir. Guya dünya da ölkəmizdə sabitlik istəyir. Və özləri də bilirlər ki, bu cür sabitlik ancaq yeni, qanlı Suriya vəd edir. Rəhmətlik Elçibəy gedişi ilə bağlı sualıma “Mən vətəndaş müharibəsi istəmirdim”,- dedi. Görünür, indikilərin istədiyi məhz odur…