Yaptokrat-deputat Aydın Mirzəzadənin Şimali Kipr parlamentində yaratdığı qalmaqal haqqında eşitdinizmi?
Dünənki xəbər saytlarında oxudum mən.
Oxumayanlar da böyük ehtimalla bu gün qəzetlərdən oxuyub öyrənəcəklər.
Amma hər ehtimala qarşı hadisəni qısaca özətləyim.
Qalmaqal haqqında Kipr parlamentinin başqanı məlumat verib. Sitat: “Bizdə büdcə müzakirələri idi. Mənə bildirdilər ki, Azərbaycandan olan bir millət vəkili Sizinlə görüşmək istəyir. Mən Azərbaycan adını duyunca razılıq verdim. Bizdə ən hörmətli, ali qonaqları Şərəf salonunda qəbul edirlər. Mən də onun salona alınmasını tapşırdım. Salona girincə onun başqa bir yerdə əyləşdiyini gördüm. Dəvət etdim ki, yaxın əyləşsin. Ancaq o bildirdi ki, mənim yanımda əyləşmək istəmir. Səbəb kimi başının üzərində türk bayrağını göstərdi. Mən dərhal onunla görüşməyi rədd etdim və arkadaşlardan onu salondan çıxarmalarını rica etdim”.
Parlament başqanının bu söylədiklərinə inanırammı? Əsla!
Aydın Mirzəzadədən belə hərəkət gözəyirəmmi?
Yenə əsla!
Təkcə ona görə yox ki, hörmətli-yaptokrat mənsəbcə, rütbəcə böyüklər haranı göstərirlərsə, orada oturmağ meyllidir. Qətiyyən!
Bəs Mirzəzadədən belə bir hərəkət gözləməməyimin səbəbi nədir?
Səbəb çox sadədir: necə ki, dəyərli hüquqşünas dostumuz Erkin Qədirli təyyarədə qalmaqal salıb Türkiyə mətbuatının dilinə düşən Içərişəhər dövlət qoruğunun direktoru Mikayıl Cabbarovu tələbəlik dostu olduğu üçün sonunadək qorudu, onu qınayanlara savaş elan etdi, onun mərifətinə kəfil durdu…
Necə ki, hörmətli başqanım Isa Qəmbər Lənkərandakı məlum və məlun hücumun təşkilində adı keçən Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin adı üzərindən şübhələri “qrup yoldaşım olub, yaxşı tanıyıram, gənclik illərində davalarda çox bir-birimizi müdafiə etmişik, mənim tanıdığım Zeynal Nağdəliyev belə şey eləməz” sözləri ilə götürməyə çalışdı, bax, mən də Aydın Mirzəzadəyə beləcə kəfil dururam.
Tələbəlik dostumdurmu? Deyil.
Qrup yoldaşımdırmı? Deyil.
Qonşumdurmu? Deyil.
Qohumumdurmu? Allah yazıbsa, pozsun.
Yol yoldaşlığımızmı olub? Əsla!
Amma çay içməkliyimiz olub. Debata çıxmışıq. O debata Aydın müəllim ev sahibliyi edib. Indiyədək içdiyim ən dadlı çaya qonaq edib, yanında da bahalı konfetləri, şokoladları ilə. Qapının ağzında qarşılayıb – gülərüzlə, mehribançılıqla. Çıxanda da qapının ağzınadək yola salıb.
Bir dəfə də redaktoru olduğum “Alma”nın redaksiyasına gəlib.
Əliboş da gəlməyib, özü ilə bir qutu şokolad gətirib. Əsl şokoladın dadını da mən onda görmüşəm.
Çay içə-içə iki mədəni adam kimi dartışmışıq, gülə-gülə ayrılmışıq.
Yəni Aydın Mirzəzadəni az-çox tanımaqlığım var. Və mənim tanıdığım Aydın Mirzəzadə heç vaxt etiket qaydalarından kənara çıxmaz, çağırılan yerdən ar eləməz, çağırılmayan yeri dar eləməz. Otur deyərlər oturar, dur deyərlər durar.
Danış deyərlər danışar, sus deyərlər susar.
Ümumiyyətlə, yaptokratlar yaradılış etibari ilə mədəni, böyük-kiçik yeri bilən, dostluğa sədaqətli varlıqlardır. Yalan danışmaq, daş atmaq, qarşısındakını alçaltmaq onların xislətlərinə yaddır.
Uşaq kimi məsum, su kimi safdırlar.
Aydan arı, sudan durudurlar.
Zeynal Nağdəliyev, Mikayıl Cabbarov nümunəsi bizə sübut etdi ki, “prezident yaxşıdır, ətrafı pisdir” deyənlər boşboğazlıqla məşğuldurlar, yeri gəlsə, ətrafı möhtərəmin özündən də yaxşıdır.
Ölkəni isə 20 ildir bu günə yadplanetlilər qoyublar. Uçan boşqabları minib gəlirlər, büdcənin altından girib üstündən çıxırlar, çapıb-talayıb dolu qablarla geri qayıdırlar.
Ar olsun yadplanetlilərə!
Yadplanetlilərə istefa!

Aydın Mirzəzadə elə şey eləməz. Bilirsinizmi, niyə?
•
•