«Koreatimes» bu hadisəni «Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsi» adlandırıb
Sabah 20 Yanvar faciəsinin 23-cü ili tamam olur. Faciədən kifayət qədər zaman keçməsinə baxmayaraq, beynəlxalq mətbuat bu mövzunu diqqətdə saxlamaqda davam edir. Bu qəbildən olan daha bir material Koreyanın üç ingilisdilli qəzetindən biri olan “Koreatimes”da dərc olunub. Məqalə “Qara yanvar” Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsidir” başlağıyla təqdim olunub.
Məqalədə bildirilir ki, bu ay Azərbaycan xalqı 20 Yanvar faciəsinin 23-cü ildönümünü qeyd edəcək. Ardınca da bu hadisənin başvermə səbəbləri, ondan əvvəlki və sonrakı olaylar haqda məlumat verilir:
“SSRI dağılmamışdan iki il əvvəl Sovet rəhbərliyi Azərbaycanın paytaxtı Bakıda insanlara qarşı tam miqyaslı hərbi əməliyyatlara başladı.
1988-ci ildə Azərbaycanda ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizə başlamışdı və bunun nəticəsi olaraq, milli azadlıq hərəkatı meydana gəlmişdi. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və Dağlıq Qarabağdakı separatizm milli azadlıq ruhunu oyatdı. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını almaq üçün Sovet hökuməti 1990-cı il 20 yanvarda Bakıda qırğın törətdi. Yanvarın 19-da Sovetin 26 min nəfərdən ibarət olan xüsusi hərbi qüvvəsi “ALFA” fövqəladə vəziyyət elan etmədən Bakıya girib günahsız insanları güllələdi. Ən müxtəlif silahlardan istifadə edən hərbçilər hara gəldi atəş açmaqla, xeyli sayda insanı məhv etdilər. Bakıda və ölkənin digər regionlarında 137 nəfər öldürüldü. Onların 120-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü də tatar idi. 744 nəfər yaralandı, 400 nəfər həbs edildi. Öldürülənlərin yaşı 12-73 arasında idi.
Sovet rəhbərliyi bununla azadlıq uğrunda mübarizə aparan xalqı kollektiv şəkildə cəzalandırmaq tədbirini həyata keçirdi. Məqsəd həm də digər xalqları müstəqillik uğrunda mübarizədən geri çəkilməyə vadar etmək idi.
Bununla belə, hətta bu cür qanlı hadisələr də Sovet Ittifaqını dağılmaqdan xilas edə bilmədi. Sovet rəhbərliyinin Bakıda həyata keçirdiyi bu qanlı hərbi aksiya Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda mübarizəsinin qarşısını ala bilmədi. O vaxtdan başlayaraq, hər il 20 yanvar bütün ölkə boyu qeyd olunur”.
Informasiya şöbəsi