Hər dəfə “Sabir” bağının yanından keçib, “Istiqlaliyyət” küçəsi ilə üzüyuxarı gedəndə həmin ərazidə M.Ə.Sabirin heykəlindən başqa, Xəlil Rza Ulutürkün heykələ dönən ruhu qarşısında da baş əyib keçirəm. O vaxtlar Məhəbbət xanımla “Gənclik” jurnalından işdən çıxanda yolumuzun üstündə olan Sabir bağının sakit bir guşəsində dayanıb ucadan şeirlər deyən, çəkinmədən hökuməti tənqid edən böyük ŞAIRi seyr etmək, onu dinləmək çox xoş idi.
Hətta o, erməni millətçisi Silva Kaputikyanın ünvanına ağır söyüşlər işlədəndə də ordan uzaqlaşmaq istəmirdik, onun söyüşləri də dahiyanə şeir kimi səslənirdi. O, dağınıq saçları, çatılan qaşları, həyəcanlı üzü, uca səsi ilə yoldan keçənlərin diqqətini çəkirdi və adamlar onun ətrafına toplaşırdılar. Bəzən qəfildən peyda olan polislər onun qollarından yapışıb aparanda da, o, şeir deyirdi. Həm də elə şeirlər deyirdi ki, adamlar yumruqlarını düyünləyib, onu aparan polislərin yolunu kəsirdilər. Və bizə elə gəlirdi ki, sabah Şairi həmişə olduğu, şeir dediyi yerdə görə bilməyəcəyik: ya polislər qoymayacaq, ya da özü gəlməyəcək. Amma o gəlirdi, həm də əvvəlki gündən də daha qəzəbli, daha cəsur şeirlərlə. Sanki o, səhər Sabir bağında oxumaq üçün axşamlar şeirlər yazırdı: “Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram! Qolumdakı zəncirləri qıram gərək! Qıram! Qıram!”.
Mən deyərdim ki, o vaxtlar xalqı mübarizəyə, haqsızlığa, şərə qarşı üsyan etməyə ilk və son nəfəsinədək səsləyənlərdən biri idi Xəlil Rza Ulutürk: “Nə qəm, kinlə silahlan! Topdan, tüfəngdən üstün, tankdan, raketdən güclü, qeyrətinlə silahlan! Dəyənəklə, kürəklə, daş-kəsəklə silahlan!”. Təsadüfü deyil ki, ölkədəki son siyasi hadisələrə həsr olunan, xüsusilə “Əsgər ölümlərinə son!” aksiyası ilə bağlı azadlıq aşiqlərinin hazırladıqları video çarxlarda Xəlil Rza Ulutürkün “Silahlan”, “Səlahiyyət istəyirəm!”, “Davam edir 37″… məşhur şeirləri səslənir.
Elə bu yazını da Araz Elsəsin ifasında “Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram! Istəyirəm Günəş kimi, səma kimi, cahan kimi…” mahnısını dinləyə-dinləyə yazıram. Ölkədəki son etiraz aksiyası çoxuna Meydan hərəkatından əvvəlki günləri xatırladır. Çox oxşarlıqlar var, amma təəssüf ki, indi haqsızlığa etiraz edənlərin qarşısında gedən, səsi, sözü ilə onlara dəstək olan ŞAIRimiz yoxdur. Adını şair qoyub, hökumətdən təqaüd, mükafat alanlar elə bir rəzil durumdadırlar ki, nəinki xalqın qarşısında çıxış etməyə, hətta internetlə bir cəsarətli şeir yaymağa cürət etmirlər.
“Istiqlaliyyət” küçəsində, yolun sağ tərəfində, Sabirin heykəli ilə üzbəüz “qoyulan” bir heykəl də var. Hər dəfə ordan keçəndə, o qanqaraldan “heykəl”i görməmək üçün çalışıram yolun sağ tərəfi ilə getməyim: 1989-cu ilin yanvar günlərindən biri idi. “Nizami” metrosunun qarşısında bir dəstə adam “Qarabağ! Azadlıq!” qışqıra-qışqıra yolun ortası ilə gedirdilər. Sürücülər avtobusları saxlayır, hər tərəfdən adamlar balaca dəstəyə qoşulurdu. Getdikcə böyüyən dəstə, “Istiqlaliyyət” küçəsinə dönəndə yolun sağ tərəfi ilə tez-tez gedən, uzun qara paltolu kişini görəndə hay-küy qopdu. Kimsə “Şair! Şair!” qışqırdı. Adam daha tez getməyə başladı, amma dəstəyə tərəf baxmadı. Bu vaxt camaat “şair, gəl qoşul bizə!” deyəndə, uzun paltolu kişi qaça-qaça gözdən itdi. Adamlar fit çalmağa və “şair qaçır!” qışqırmağa başladılar: şair Fikrət Qoca həmin gün “Istiqlaliyyət” küçəsində heykəlini “xalqdan qaçan” xatirəylə qoysa da, on il sonra “Xalq şairi” adı ilə mükafatlandırıldı.
Ölkənin analoqu yoxdur: hökumət “qaçan şairlər”ə, “susan yazıçılar”a orden-medallar verir, jurnalistlər isə onların övladları haqqında olan ən xırda məlumatları xalqa çatdırmağa həvəs göstərirlər. Amma Xəlil Rzanın Vətən yolunda şəhid olan oğlu Təbrizin iki yadigarını arayıb-axtaran yoxdur. Axı dərd içində üzülən camaatın nəyinə lazımdır ki, yazıçı Anarın qızının maşının şüşələrini kim qırıb və ya Fikrət Qocanın oğlu maşınını hansı pulla alıb? Millət onların atalarından nə yarıdı ki, övladlarından da nəsə görsün?
1989-cu ildə “Azadlıq” radiosuna, Mirzə Xəzərə verdiyi müsahibədə Xəlil Rza ölkədəki vəziyyətlə yanaşı, həm də yazıçı Anar haqqında da ilginc fikirlər söyləyib: “Yazıçılar Ittifaqı bir təşkilat kimi qorxaqdır. Anar bir yazıçı kimi, əlbəttə, bizim fəxrimizdir, amma milli ruhun müdafiəçisi, lideri kimi Anar yarımcandır! Anar iki ildir Ittifaqa rəhbərlik etmir. Mən ona əvvəllər kitab bağışlayırdım, üstündə ”Fəxrimiz Anara!” yazırdım. Amma indi ona kitab bağışlasam elə avtoqraf yaza bilmərəm, mən onu indi təhkimçi kimi görürəm”. Bir daha xatırladım: bu tənqidi Anar haqqında Seymur Baycan yox, Xəlil Rza Ulutürk 24 il əvvəl deyib. Google-də “Mirzə Xəzərin Xəlil Rza ilə müsahibəsi” yazıb, dinləmək olar. Müsahibə veriləndə Xəlil Rza Ulutürkün 57, Anarın 50, Seymur Baycanın isə 15 yaşı olub…
P.S. Normal ölkələrdə könüllü lal-kar olan yazıçılardan, şairlərdən dövlətin onlara bağışladığı evlər çoxdan alınıb kirayədə yaşayan mübariz yazarlara verilmişdi. Dövlətin əlillər üçün də evləri var, yəqin ki, tezliklə SUSANLAR ora köçəcək…

Xəlil Rza Ulutürk – xalqın ŞAIRI, mənim şairim!
•