Böyük Azərbaycan səyyahı və alimi
Tarix boyu böyük Türk alimləri dünya elminə gözəl töhfələr vermişlər. Bir zamanlar yaşadıqları böyük ərazilərdə yazıb-yaradan türk xalqları ədəbiyyatla bərabər, həndəsə, kimya, riyaziyyat, geologiya, astronomiya, coğrafiya və başqa elm sahələrində də görkəmli şəxslər yetişdirmişlər. Bu alimlər sırasında dünyaca məşhur bir çox ensiklopedik biliyə malik səyyah və coğrafiyaçılar da var. Onlardan biri də 17-18-ci əsrlərdə yaşamış görkəmli səyyah və coğrafiyaçı, tarixçi və şair Hacı Zeynalabdin Şirvani olmuşdur.
Az qala dünyanı qarış-qarış dolaşan səyyah uzaq diyarlara etdiyi səyahətlər nəticəsində bir çox əsərlər yazmışdır ki, onlardan müəllifə böyük şöhrət gətirən üç kitab aşağıdakılardır: “Riyazüs-səyahət” (“Səyahət bağçaları”, 1822), “Hədaiqüs-səyahət” (“Səyahət bağları”, 1827) və “Bustanus-səyahət” (“Səyahət gülzarı”, 1833). Alim bu kitabları illər boyu min kilometrlərlə məsafələr keçib getdiyi ayrı-ayrı ölkələrdə, çöllərdə, dənizlərdə qələmə aldığı qeydləri, əlyazmaları əsasında hazırlayıb. Bu qaynaqlar hardasa beş yüzdən artıq əlyazmanı əhatə edirdi. Böyük elmi mənbə olan bu əsərlər müxtəlif ölkələrin coğrafiyası, tarixi, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı və görkəmli ictimai xadimləri haqqında zəngin materiallar əksini tapmışdı.
Hacı Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Zeynalabdinin beş yaşı tamam olanda atası axund Iskəndər ailəsi ilə birgə Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür. O burada mədrəsədə dərs deməyə başlayır. Kiçik Zeynalabdin də ilk təhsilini bu mədrəsədə alır. Sonra təhsilini başa vurmaq üçün o, 1796-cı ildə Bağdad şəhərinə gedir. Gələcəyin məşhur alimi Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyat elmlərini, o cümlədən başqa dilləri öyrənməklə məşğul olur. Düşdüyü mühit və öyrənmək üçün üzünə açıq olan Bağdad kitabxanalarındakı mənbələr onun dünyagörüşünü tamam dəyişir. O burada çoxlu səyahətnamələr oxuyur və bütün Şərq dünyasından bura axışıb gələnlərin söhbətlərindən çox şeylər öyrənir. Tanınmış alimlərin, müqəddəs şəhəri ziyarətə gələn zəvvarların söhbətləri onu uzaq sərhədlərə alıb götürür. Artıq çox uzaq ölkələrə səyahət etmək və gördüklərini qələmə almaq onun fikrini məşğul edən yeganə məsələ idi. Bu götür-qoy və qəti qərar nəticəsində Zeynalabdinin dünya səyahəti başlayır…
Hər kəs onu öz sarayında görmək istəyirdi…
Bu səyahətlər boyu yazdığı əsrlərlə məşhurlaşan səyyah qonaqladığı bir çox ölkələrdə yüksək səviyyədə qarşılanmış və saraya dəvət olunmuşdur. Onu öz sarayındakı alimlər sırasında görmək istəyən hökmdarlar siyahısında Misir hakimi Ibrahim bəy, Iran şahı Fətəli şah Qacar, Türkiyə sultanı Sultan Mahmud da vardı. Səyahət etdiyi ölkələrdə saray alimlərinin söhbət və müzakirələrində həvəslə iştirak etsə də, o, həmin ölkələrdə daimi yaşamaq dəvətlərin geri çevirmişdir. O, bu təklifi verənlərə nəzakətlə bildirmişdir ki, səyyahlıq onun ən çox cəlb edən və maraqlandıran yoldur, ona görə də saray həyatına uyğunlaşması mümkün ola bilməz.
Mənbələrin yazdığına görə, Hindistan vilayətlərindən birində görünməmiş bir qonaqpərvərliklə qarşılanan Şirvani bunun səbəbini soruşan zaman vilayətin hakimi cavab vermişdi: “Mən sizə layiq olduğunuz hörmətin yalnız yüzdə birini göstərə bilmişəm. Siz səkkiz səbəbdən hörmətə layiqsiniz: birincisi, siz insanpərvərsiniz, insanlarsa bir-birinə hörmət etməlidirlər, ikincisi, siz buraya bizim ölkəmizin qonağı olaraq gəlibsiniz, qonağa hörmət edərlər, üçüncüsü, siz alimsiniz, alimə hörmət bir borcdur, dördüncüsü, siz müdrik və çox bilən bir adamsınız, acizlərə, kasıblara kömək edirsiniz, belə adamlarsa hər cür hörmətə-izzətə layiqdirlər… Bax, bütün bunlara görə mən sizi qəlbən sevir və sizə hörmət bəsləyirəm”(Vikipedia).
Zeynalabdin Şirvaninin yaradıcılığı bir çox Azərbaycan, Iran, rus və Avropa tədqiqatçıları tərəfindən araşdırılıb. Belə məşhur tədqiqatçılara Məmmədəli Tərbiyətin, Abbasqulu ağa Bakıxanovun, Əskər Həmid Rəbbaninin, B.A.Dornun, N.V.Xanıkovun, E.Braunun, S.Stornun, E.Bloşenin və başqalarının adlarını çəkmək olar. Məşhur səyyahın həyat və yaradıcılığını yorulmadan öyrənən və tədqiq edən Azərbaycan alimi Nurəddin Kərəmovun bu sahədə xüsusi xidməti var. O, Şirvaninin keçdiyi həyat yolu və səyahət coğrafiyası ilə bağlı yazırdı: “Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir. Bu yol Kiçik Asiyadan, Iran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cənkəlliklərindən, Hindistanın tropik meşələrindən, Hind okeanı adalarından keçib. O, Hindquş, Zaqros, Süleyman dağlarından, Pamirdən adlamışdır. Bu yol Asiya və Afrikanın bir çox digər vilayətlərindən uzanmışdır.
Həcc ziyarətinə doğru son yolçuluğa…
Zeynalabdin Şirvani öz əsərlərində uzun səyahət coğrafiyasını ayrı-ayrı hissələr şəklində təqdim etmir. Bunu sadəcə onun araşdırıcısı N.Kərəmov dəqiqlik üçün üç istiqamətə ayırır. O, alimin birinci səyahət marşrutunu belə göstərir: “Bağdad, Iraqi-Əcəm, Gilan, Şirvan, Muğan, Talış, Cənubi Azərbaycan, Xorasan, Herat, Zabul, Pəncab, Hind adaları, Dəkən, Benqal, Qucarat, Hind okeanındakı adalardan Sind və Multandan keçən səyyah dağ yolları ilə Kəşmirə, Müzəffərabada çatmış, sonra Kabul yolu ilə Tatarıstana, oradan Turana və Bədəxşan dağları ilə Xorasana, nəhayət, ”Iran yolu” ilə Farsa gəlmişdir”.
Bu səyahətdən sonra bir az fasilə verən alim ikinci marşrut boyunca yola çıxır. Bu dəfə onun yolu Şirazdan (Fars) başlayır, oradan Daraba, sonra Bəndər Abbas limanından Hörmüz yolu ilə Hədramaut və Yəmənə, sonra Həbəşistan və Sudana, buradan Ərəbistan yarımadasında olan Ciddəyə, oradan da Hicaz, Mədinə və Məkkəyə uzanır. Daha sonra da səyyah dəniz yolu ilə “Səidlər ölkəsinə” (əs-Səidə -Nil çayı sahillərinə) gedir, Misirdən Yaxın Şərqə “Şam-Rum”a (Anadoluya), Diyarbəkirə, Qaraman və Aydına gedir.
Zeynalabdin Şirvaninin Atlantik okeanına və geriyə üçüncü səyahət istiqaməti Bəhre-Əhzər adalarından (“Yaşıl dəniz” – şərq coğrafiyaçıları Atlantik okeanını belə adlandırırdılar) başlayıb, Rumeli (o vaxt Osmanlı imperiyasının Avropa hissəsi), Anadolu, Azərbaycan, Tehran, Həmədan, Isfahan, Kirman, Şiraz, Bağdada doğru uzanır.
Zeynalabdin həm də maraqlı şeirlər müəllifidir. O, bu şeirlərində Təmkin təxəllüsünü istifadə edib. Onun ayrı-ayrı səyahətnamələrində qeydə alınan şeirlərinin əlyazması Tehran mərkəzi kitabxanasında saxlanan “Divan”ında toplanmışdır. Görkəmli alimin başqa əsərlərinin əlyazmaları Britaniya Muzeyində, Paris Milli Kitabxanasında, Sankt-Peterburqda və Iranda saxlanır.
Zeynalabdin Şirvani ömrünün son illərini ailəsi ilə Şirazda keçirib. O buradan son yolçuluğuna – son səyahətinə yollanıb. 1838-ci ildə xanımı ilə birlikdə çıxdığı bu yolçuluq – Həcc ziyarəti zamanı Şirvani yolda xəstələnmiş və Middə şəhəri yaxınlığında vəfat etmişdir. Görkəmli səyyah və alim dünyasını dəyişdiyi həmin şəhərdə də dəfn olunub.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir