“Sarkozi -Elariz şou” və beş qəpiklik şabaş

Azərbaycanın istedadsız, amma gündəmdə qalmağı bacara bilən şou-biznes əhlinin bir “priyom”u var – öz kliplərinin təqdimatına, və yaxud konsertlərinə israrla xalq arasında nüfuzu olan, qəbul edilən sənət adamlarını dəvət edirlər. Azərbaycanda xalqın rəğbət bəslədiyi, lakin dövlətin biganə qaldığı sənətkarlar kifayət qədər çox olduğundan, bu təklifə ən azı bir-iki müsbət cavab gəlir. Bəli, sənətkar gəlir mərasimə və əvvəlcədən tapşırıq almış telekanal müxbiri xüsusi bir bacarıq və sırtıqlıqla ondan səbəbkar haqda “nəsə” qoparmağa nail olur. 
Sabahı gün bütün telekanallar xorla hörmətli sənətkarımızdan “qoparılan” bir-iki xoş kəlməni tirajlayır. Mən fikir vermişəm, bəzən onların dedikləri səssiz təqdim edilir, məsələn, xalq artisti Yalçın Rzazadə və yaxud Flora Kərimova danışır və müxbir kadr arxasından deyir ki, “hörmətli Yalçın müəllim, Elarizin (misal üçün – X.Ə.) səsinə valeh olduğunu dedi”.
Ardından isə, Elariz Məmmədoğlu millətə və rəqiblərinə səslənir, deyir: “ey məni gündəyməzinə almayan, müğənni hesab etməyən millətim və ətimi didən ”dostlarım”, bəs Yalçın müəllimə nə deyirsiniz.., baxın, gedirəm indi də Flora Kərimova ilə duet oxumağa!..”. Təhlükəli şou-biznes qalmaqalından (!) uzaq olmaq ümidi ilə, keçək mətləbə…
Bu “priyom”lardan Azərbaycan iqtidarı da daxilə hesablanmış siyasətində işlədir. Hansısa bir xarici dövlət başçısının səfəri az qala Azərbaycan iqtidarının qələbəsi kimi qələmə verilməsinin şahidi olurduq. Xarici ölkə başçılarının ölkəmizə səfərini, iqtidarın təbliğat vasitələri rejimə siyasi dəstək kimi qiymətləndirir və kütlələrin şüuruna yeritməyə çalışırdı. Deputatlar, hakimiyyətə sadiq tanınmışlar saatlarla telekanallardan bu “qələbə”nin əhəmiyyəti haqda danışırdılar. Hətta vəfalı deputat Qüdrət Həsənquliyev bir dəfə kövrələrək, sevinc gözyaşları içində, Lider kanalının efirindən “dünya prezidentləri Ilham Əliyevlə görüşmək üçün növbəyə durublar”(!) demişdi. Kütləyə hesablanmış bir gediş idi, eynən yuxarıda bəhs etdiyim “manıs priyomu” kimi… Yəni Fransa boyda dövlətin başçısı gəldi, təşəkkür etdi, medal da verdi dedi ki, “sükanı belə saxlayın!”.
Eyni zamanda kütləyə “görürsünüz arxamızda kimlər durub, səsinizi çıxarmayın, hələ Britaniya şahzadəsini demirik” mesajı verilirdi.
…Lakin bir unudulmaz türk mahnısında deyildiyi kimi, hər şeyin bir sonu olur, o cümlədən zülmün də… …Fikir verirsinizsə, bir ildən artıqdır ki, nəinki hansısa bir demokratik Qərb dövlətinin başçısı, heç Rusiyanın prezidenti də Azərbaycana rəsmi səfərə gəlmir. Paralel olaraq, Ilham Əliyevin bir çox xarici səfərləri ictimaiyyətdən gizli saxlanılır… Eyni zamanda rəsmi mətbuat və ölkə telekanalları Qərbi, Qərb də öz növbəsində rejimi topa tutmaqda davam edir. Bu çox ciddi məsələdir, təəssüflər olsun ki, iqtidar çıxış yollarını aramaqdansa, yaranmış fəlakətli situasiyanı başqa məcraya yönəltməkdə davam edir.
Səbəbini iqtidar başbilənləri iki arqumentlə izah edirlər. Bunlardan birinci və ən gülməlisi odur ki, guya Azərbaycan qədər sürətlə inkişaf edir ki, Qərb dövlətlərinin buna paxıllığı tutur. Guya Ilham Əliyevə deyiblər ki, bir az yavaş olun, sizə çata bilmirik, o da əsəbi şəkildə onlara rədd cavabı verib.
Ikinci və əbədi səbəb(!) isə, erməni lobbisidir. Xarici mətbuat səhifələrində və beynəlxalq təşkilatların hesabatlarındakı tənqidlər isə, erməni diasporunun ayağına yazılır. Elə Ilham Əliyevin dünyanın ən korrupsioner prezidenti elan edilməsini də ermənilərin təxribatı kimi dəyərləndirdilər. Yəni ölkənin sərvətini çap-tala, səsini çıxarana da de ki, sən erməni havasına oynayırsan. Bunu 20 ildir ki, anadangəlmə yumor hissindən məhrum olan iqtidar rəsmilərinin dilindən eşitməyin nə qədər əzablı olduğunu təsəvvür edin.
Əsl “zarafatı” isə, Almaniyada yaşayan həmyerlimiz Yusif Abulov edir: “Almaniya dövləti hər il Azərbaycana aparılan ”Mersedes”lərin sayı qədər, azərbaycanlı ailəsi qəbul edir”.
Bu nə deməkdir? Məncə, bu o deməkdir ki, Elariz Məmmədoğluna xalq artisti adı verilməlidir…
Rejim öz məntiqinə hörmət edirsə, bunu etməlidir.