PA rəhbərinə qarşı sabiq YAP-çılardan da istifadə etmək istəyirlər
Hakimiyyətdəki rəqibləri Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə qarşı bütün “cəbhə boyu” hücuma keçiblər. Dünən məlumat yaymışdıq ki, 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatları olmuş və əsasən Ayaz Mütəllibova yaxınlığıyla tanınan deputatlar keçirdikləri toplantıda Ramiz Mehdiyev tənqid atəşinə tutublar. Onlar Ilham Əliyevi “Gülərqeyt” korrupsiya qalmaqalı zamanı Mehdiyevə qarşı irəli sürülmüş ittihamlar üzrə xidməti və cinayət təhqiqatı aparmağa çağırıblar.
Keçmiş deputatlardan biri qeyd edib ki, Mehdiyevin işinin diqqətlə araşdırılması onun yüksək vəzifə sayəsində gizlədə bildiyi çox şeyin üstünü açacaq.
Bu toplantının arxasında təşkilatı iş dayandığını sezməmək mümkün deyil. Təşkilatçılığın Paşayevlər tərəfindən edilməsi də aydın məsələdir. Ən azı adıçəkilən deputatların eks-prezident Ayaz Mütəllibova yaxınlığı faktoru var. Ayaz Mütəllibovla Paşayevlər arasında anlaşmanın olması barədə isə dəfələrlə yazılıb. Bir daha xatırladaq ki, ona eks-prezidentlər haqqında qanun layihəsinin ona şamil edilməsi məhz Paşayevlərin xidmətidir. Bu baxımdan qanunun müzakirəsi zamanı Ramiz Mehdiyevə yaxın deputatlar eks-prezident statusunun Ayaz Mütəllibova şamil edilməsinə qarşı çıxırdılar. Məlumatlara görə, eks-prezident bu xidmətin müqabilində Paşayevlərin hakimiyyət proyektlərində iştirak etməyə razılıq verib. Yeri gəlmişkən, Ayaz Mütəllibovun oğlu dünyasını dəyişəndə məlum olmuşdu ki, onun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb. Bunu eks-prezident özü də gizlətməmişdi.
Bütün bunlardan belə qənaətə gəlmək mümkündür ki, Paşayevlər Ramiz Mehdiyevə qarşı hücumun miqyasını genişləndirməklə qısa müddətdə onun devrilməsini reallaşdırmaq istəyirlər.
Məlumatlara görə, PA rəhbərinə qarşı başqa cəbhə də sabiqlərdən təşkil olunacaq. Söhbət Heydər Əliyevin dönəmində YAP-da nüfuz sahibi olan şəxslərdən gedir. Artıq onlarla danışıqlara başlanılıb. Yeri gəlmişkən, sonradan bu şəxslərin “vurulmasında” Ramiz Mehdiyevin böyük rolu olub. Ona görə də həmin şəxslərin Paşayevlərlə anlaşacağı real görünür.
Azad


