Dünya kinosunun “səssiz kralı” Çarli Çaplin deyirdi ki, həyat dar çərçivədə faciə, geniş anlamda komediyadır. Bu gün Azərbaycan kinosunun düşdüyü durum da buna bənzəyir. Milli kinomuzun tarixi sovet dövründə çəkilən filmlərlə bitmiş kimi… Illərdir adam içinə çıxarılacaq bir film çəkib ortaya qoyan yox. Hökumət səviyyəsində idarə olunan qalmaqallar, intriqalar kino mədəniyyətini bataqlığın dibinə salıb. Biz də film yoxkən, “analoqu olmayan inkişafla irəli gedən” bir ölkədə kinomuzun ürək yaxan bu faciəsini seyr etməkdəyik…
Sovet zamanından kinonun “himayəçisi” statusunu qoruyub saxlayan hökumət kino sənətçilərini, sözün əsl mənasında, vurub bir-birinə. Uzun illərdən bəri Kinematoqrafçılar Ittifaqına rəhbərlik edən Rüstəm Ibrahimbəyovu hədəf alan hökumət ucuz qisasçılıqla məşğuldur. Dünyanın ən ali kino mükafatı “Oskar”ı qazanan şöhrətli kinossenaristə elan olunan müharibə nəticəsində Azərbaycan kinosu da yerlə-yeksan edilməkdədir. Milli kinomuzun şanlı keçmişindən qalan 4-5 güclü kino sənətçisi də bu intriqalara qurban gedir. Dünən bütün ölkə korifey aktyorumuz Rasim Balayevin həyəcan dolu sözlərini eşitdi. Kinomuzda Nəsimi, Babək, Beyrək kimi qəhrəman obrazlarını ustalıqla canlandıran sənətkarı istintaqa “dəvət ediblər”. Sənətkar katibi olduğu Kinematoqrafçılar Ittifaqına qarşı açılan cinayət işi üzrə 30 min manat vergidən yayınma ilə bağlı ifadə verməlidir. Bu cinayət işinin xüsusi sifariş olduğunu gözəl anlayan sənətkar, çarəsiz şəkildə “həbs olunmaq istəyirəm, heç olmasa, orada gündə üç dəfə havayı yemək verirlər” deyir. Baxın, Azərbaycan kinosunun ən yüksək adlı sənətçisi bu durumda yaşayırsa, başqaları hansı acınacaqlı gündədir?
Film çəkilmirsə, kino sənətçisi üçün həyat bitmiş kimi. Bu gün ölkənin qazandığı böyük pullardan kinomuza nə qədər pay düşür? Bildiyimə görə, bu pay o dərəcədə cüzidir ki, onu sədəqə adlandırmaq daha düzgün olar. Bu qəpik-quruşla normal film çəkib ortalığa çıxarmaq haqqında düşünməyə belə dəyməz. Əslində, rəsmi rəqəmlərə görə, hər il ölkədə 3-4 film çəkilib istehsala verilir. Bəs haradadır bu filmlər, niyə üzə çıxarılıb, ekranlarda görünmür? Səbəb bəllidir, cüzi büdcə və köhnəlmiş texnika ilə çəkilmiş bu filmlər çox zaman nümayişə çıxarılacaq halda belə deyil. Təsəvvür edin, 2003-2010-cu illərdə milli kino işçilərimiz 10 film çəkib. Faciə budur ki, onlardan xarici ölkə festivallarına çıxarmaq o yana qalsın, ölkədə xüsusi populyarlıq qazanmış hansı birininsə adını çəkmək də mümkün deyil.
Doğrudur ki, dünyanın heç bir dəyərli filmi hökumət vəsaiti hesabına çəkilmir. Bir zamanlar yüksək istedadı ilə dünya festivalları səviyyəsində filmlər çəkən rejissor Vaqif Mustafayev bu təcrübəni uğurla sınaqdan çıxarmışdı. Onun sponsor hesabına çəkdiyi “Hər şey yaxşılığa doğru” filmi Almaniya festivalında 4 mükafatı birdən qazanmışdı. Sonra nə baş verdi? Hökumətin qəpik-quruşuna minnət etməyən bu istedadlı sənətkar, dünya çapına çıxmaq varkən, “ailə rejissoru” olmaq seçiminə getdi. Sonra da Allah vergisi kimi yüksək istedadı yerə vuran bu kino adamını primitiv səviyyəli bir telekanalın rəhbəri kreslosuna oturdub “bitirdilər”.
Bəli, acı həqiqət budur ki, sənətin “himayə mələyi” roluna girmiş hökumətin məqsədi heç də onu inkişaf etdirmək deyil. Məqsəd bu sənəti təmsil edənləri öz təbliğatçısı kimi “nəzarətdə” saxlamaqdır. O dairədən çıxanları da ən azı Ibrahimbəyovun aqibəti gözləyir. Bu aqibəti yaşamaq qorxusunu gözə alanlar sənət iddialarından əl götürüb, məlum axına qoşulub gedir. Ibrahimbəyov kimi, nə haqqı söyləməyə, nə sənət tələb etməyə cəsarəti olan belə vecsiz adamların sayəsində də Azərbaycan kinosu gülünc kadrlar çəkməklə yerində sayıb durur. Yoxsa bu gün “Məhəllə” səviyyəli bir “səhnəcik” film adına bizə sırına bilməzdi…

Bu kədərli film nə vaxt bitəcək?..
•