Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına qarşı vergi qaçaqçılığı ilə bağlı cinayət işi qaldırılıb. Amma R.İbrahimbəyovun bundan o qədər də narahat olmasına gərək yoxdur, çünki hələ yaxşı qurtarıb. Birincisi, özünə yox, təşkilatına cinayət işi açılıb. Bir neçə gün bundan öncə onu hava limanında saxlayıb sənədlərini əlindən alanda gözləyirdik ki, ardınca da cibindən heroin çıxa, pasportunu da it-bata salalar. Ancaq yaxşı qurtardı, narkotik ittihamına baxanda təşkilatına vergi ilə bağlı cinayət işi açılması xırda məsələdir.
Təşkilatın katibi, xalq artisti Rasim Balayev də belə baxanda sevinə bilər. “Babək”, “Dədə Qorqud” filmlərindəki roluna görə onu neçə günahsız insanı öldürməkdə və ya insanları “icazə verilməmiş mübarizəyə” təşviq etməyə görə cinayət məsuliyyətinə cəlb edə bilərlər. Nə olsun ki kinodur?
O yerdə ki, məntiq itir, əxlaq nəzərə alınmır, hər şey mümkündür.
Kinematoqrafçılar İttifaqının 30 min manat vergi borcu olduğu bildirilir. Qanunun tətbiqində kimsəyə güzəşt, fərqlilik olmamalıdır. İqtidarın da vergi məsələsinə belə həssas yanaşmasından belə çıxır ki, nə “Gilan Holdinq”in, nə “ZQAN Holdinq”in, “ATA Holdinq”in və s. heç bir vergi əyri-əskikliyi yoxdur. Axırıncı beş qəpiyə qədər dövlət büdcəsinə ödənir. Bu qədər doğru-dürüst bir vergi ödənişi olduğu və yığılan vəsaitlərin də axırıncı qəpiyinə qədər xərcləndiyi ölkədə R.İbrahimbəyovun təşkilatının vergi borcunun olması cinayət əməlidir. Bu cinayət əməli də dövlətimizin iqtisadi qüdrətini sarsıtdığı üçün dövlət başçısı demiş, o da “antimilli ünsürdür”.
Əslində dövlət başçısının Nazirlər Kabinetinin son toplantısındakı çıxışından belə çıxır ki, bu ölkədə etiraz edən, dövlət siyasətinə çevrilmiş korrupsiya və qanunsuzluqlarla barışmayan hər kəs “antimilli ünsür” hesab olunur. Yəni “antimilli ünsür” kateqoriyasına girən istənilən şəxsə istənilən absurd ittiham irəli sürmək olar, istənilən cür də davranmaq olar. Belə baxanda təəccüblənməyə də əsas yoxdur. Özlərindən olanlara mandatı milyon dollara satırlarsa, bir-birilərini oğurlayıb gedər gəlməzə göndərirlərsə “antimilli ünsürlər”in onlara qarşı ayrı-seçkilik edildiyindən, sərt davranıldığından gileylənməyə haqları yoxdur.
Ən absurd görünəni də odur ki, belə bir vəziyyətdə ölkə seçkiyə gedir. Yanvarın 13-də Müsavat başqanı İsa Qəmbərin Lənkəran səfəri ilə iqtidar ölkədə seçki kampaniyasına start verdi. İlk zorakılıq aktı seçkinin necə keçirməyə hazırlaşıldığını göstərir. Kimsənin nəinki icazəsiz aksiya keçirməsi, hətta ölkə daxilində adi bir qonaqlığa belə getməsi mümkün deyil. Bu seçki kampaniyasında siyasi rəqiblərin polislə deyil, şərti adı “imkansız, şəhid ailələri” adlanan mülkü dəstələr vasitəsi ilə linç edilməsi ATƏT-n təbri ilə desək, “irəliyə doğru atılmış bir addım” olacaq.
Sonra deyirlər iqtidar seçki islahatı keçirmək istəmir, buyurun, bu da sizə islahat…
Bu haray-həşir kampaniyasına dözməyə YAP-in səbri yəqin ki, çox dözməyəcək. Bir də gördün bu partiyanın “söz xiridarı”, “diplomatik məharəti” ilə qaş düzəltdiyi yerdə iki gözü də vurub kor edən Siyavuş Novruzov çıxıb dedi ki, antimilli ünsürlər daş və zopanın seçki texnologiyası kimi istifadəsini gözdən salmaqla dədə-baba qaydası ilə milli seçki siyasətimizə və dövlətçiliyimizə zərbə vurmaq məqsədi güdürlər.
“Antimilli ünsür”lərdən söz düşmüşkən, yadıma gənclərin asudə vaxtının keçirilməsi ilə bağlı MM-in nə zamansa qəbul etdiyi bir qanun düşdü. Ola bilər ki, bu qanun elə Prezident Administrasiyasındakı cənabların da yadına düşsün və onlar bu qanuna düzəliş edib yenidən MM-ə dəyişiklik üçün təqdim etsinlər. Axı son 12 yanvar aksiyası göstərdi ki, gənclər məhz facebook-dakı söz-söhbətə uyaraq “antimilli ünsür”ə çevrilirlər. Ona görə də gənclərin istirahətinin və asudə vaxtının daha səmərəli keçirilməsinə nail olmaq məqsədilə facebook kimi bu “zərərli vərdişi” qadağan etmək məsələsi də gündəmə gələ bilər. Necə olsa gəncliyi belə “zərərli vərdişlərdən” qoruyub başı aşağı yaltağa çevirmək üçün dövlət bir tədbir görməlidir… Əks halda, facebook-da işləyən gənclərin istirahət hüququ pozulur.
Yəqin ki, bunu oxuyanlardan bəzilər “daha bu qədər də olmaz” deyəcək. Ancaq nəzərinizə çatdırım ki, mitinqlərin keçirilməsinə 10 ildir icazə verilmir. Niyə? Ona görə ki, bu mitinqlər vətəndaşların istirahət hüququnu pozur.
Yazı “Yeni Müsavat” qəzetindən götürülüb.