Deputat yox deyir, faktlar isə bunun əksini göstərir
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy 1975-ci ildə həbs edilən zaman ona qarşı ifadə vermədiyini bildirib. O, “Yeni Müsavat”a müsahibəsində bu barədə deyib: “Mən o zaman Naxçıvan Universitetində dərs deyirdim. Naxçıvan DTK-nın universitetdəki kuratoru Eldəniz Əliyev var idi. Onun dəvəti ilə mən dərs dediyim zaman auditoriyadan çölə çıxarıldım. E.Əliyev mənə dedi ki, sən Bakıya getməlisən, Əbülfəz Elçibəyin istintaqı gedir, sən də istintaqa izahat verməlisən.
Mənim biletim alındı, ətrafımda da mənə nəzarət edən bir neçə nəfər var idi. Bakıya çatan kimi məni istintaqa apardılar. Əziz adlı müstəntiq var idi, o, məni qarşıladı, daha sonra DTK-nın Istintaq Idarəsinin rəisi də gəldi. Mənə izahatı düz 6 dəfə yazdırdılar, sonra cırdılar. Ancaq mən öz dediyimin üzərində dayandım, Əbülfəz bəyin haqqında hər hansı bir fikir söyləmədim. Birinci istintaq günü belə başa çatdı. Sonra məni bir də dəvət etdilər. Ikinci dəfədə mən nisbətən yumşalma hiss etdim. Hiss olunurdu ki, əvvəlkindən fərqli olaraq sərt mövqe nümayiş olunmur. Mən birinci dəfə izahat verəndə Səlimzadə müstəntiqə dedi ki, bunu da ötürüb atmaq lazımdı Əbülfəz Əliyevin yanına, zirzəmiyə ki, ağlı başına gəlsin. Sonra bir qədər səsini qaldırdı, mən də dedim ki, nə qışqırırsınız, mən sizə niyə yalan izahat verməliyəm?” Fəzail Ağamalının o zamankı ifadəsi 1998-ci ildə mətbuatda dərc edilib. Ifadəyə diqqət etdikdə deputatın Elçibəyin əleyhinə danışmaması barədə dediklərinin həqiqətəuyğun olmadığını aydın olur. Fəzail Ağamalının həmin ifadəsini təqdim edirik: “Mən 9 dekabr 1974-cü il tarixli ifadəmdə Əliyev Əbülfəz Qədirqulu oğlu haqqında ətraflı göstərmişəm. Həmin ifadəmdə Əbülfəzin mənimlə etdiyi cəmiyyətimizə, sosialist ideologiyasına zidd məzmunlu söhbətlər barədə isə bir şey göstərməmişəm. Lakin bu gün dindirmədə qərara gəlmişəm ki, könüllü olaraq Əbülfəzin mənimlə etdiyi söhbəti göstərim. Hazırda ali məktəbdə dərs deyirəm. Çalışıram ki, Kommunist Partiyasının və sosialist hökumətinin Lenin milli siyasətini tələbələrə doğru-düzgün çatdırım. Söz verirəm ki, həqiqi mənada Sovet cəmiyyətinə yararlı, beynəlmiləlçi tələbələr hazırlayam. Namuslu əməyimlə özümü doğruldacağam”.


