Sonuncu çıxışındakı razılıq ritorikası bilmirəm ürəkdənmi gəlir, doğrudanmı ölkədəki vəziyyətdən çox məmnundur, amma Ilham Əliyev dünən çox sadə bir səbəbə görə ciddi şəkildə kədərlənməli idi. Sözün düzünü deyənləri, haqqını tələb edənləri ünsür adlandırmaq, onları cərimələmək, hədələmək də bizim ölkədə yenilik deyil və onun tərəfindən də birinci dəfə belə addım atılmır. Söylənilən inkişaf rəqəmləri də dəfələrlə səsləndirilib. Amma tək sədrləri deyil, bütün YAP-çılar dünən bir məsələ üzərində yaxşı-yaxşı düşünməli və qüssələnməli idilər.
Çünki xəbər çıxdı ki, Rasim Balayevə qarşı cinayət işi açılıb…
Ona görə yox ki, YAP-çılar Rasim Balayev kimi çox məşhur sənət adamına görə canıyananlıq göstərməli və onu sevdikləri üçün məyus olmalıdırlar. Ümumiyyətlə, məsələ ayrıca Rasim Balayevlik də deyil. Dünən bir daha təsdiq olundu ki, indiyəcən bu iqtidarın dostu və dayağı sayılan köhnə ziyalı, sənətçi, məşhurlar nəsli də artıq bu hakimiyyəti qəbul etmir, heç bir hədədən qorxmadan ona qarşı çıxır. Rasim Balayev də məhz bu yolu tutduğu üçün basqı ilə üzləşir. Qısası, irticanın köhnə xanimanı sökülür.
YAP-ın mahiyyəti elə əvvəlkidir, amma əvvəllər ya zəlzələdən, ya vəlvələdən bu partiyanın rolu, gücü, perspektivi, qorxusu cəmiyyətin çox nüfuzlu, tanınmış adamları tərəfindən qəbul olunurdu. Demək olar ki, bütün yaşlı nəsil tanınmışlar YAP-ın yanında idilər, ən azı ona qarşı çıxmırdılar, ona qarşı çıxanlara yaxın getmirdilər. Azərbaycanı ata malı kimi talayanların partiyasından nəsə qoparmaq üçün növbəyə düzülənlər dövrü vardı həqiqətən də. Müxalifət partiyalarını tərk edən, hətta iqtidar partiyasına keçən tanınmışlar vardı. Bunlarla yanaşı, qatı yaltaqlığa yuvarlanmasalar da, dünənəcən uğurun, yaşamağın yolunu YAP-la dostluqda, yaxud onunla düşmən olmamaqda görənlər vardı. Bu gün isə tamam ayrı münasibət sərgiləməyə başlayıblar. Tamam ayrı tendensiya yaranır.
Görün YAP hansı təzadla üz-üzə qalıb! Cəmiyyətdə həm də təmiz adam kimi qəbul edilən, çox məşhur olan bir sənətçini bu gün istintaqa cəlb edirlər. Yəni oğruluğun içində itib-batan məmurlar aktyor Rasim Balayevdə oğurluq yoxlaması aparırlar. Gülməli bir durumdur. Mənəvi zərbədir.
YAP-ın əsas gücü həmişə dəyənək olub, qorxutmaq olub. Yenə də dəyənək əldədir. Amma qorxmurlar deyəsən. Çünki getdikcə insanlar YAP-la birgə olmaqdan qorxurlar. Bir azdan ən qatı YAP-pərəst tanınmışların bu partiyadan üz döndərdiyini görə biləcəyik. Onlar sadəcə belə izah verə bilərlər: “Bilməzdik ki, dəyər verdiyimiz partiya bu qədər çirkin işlərlə məşğul olacaq (sonda da bir nida işarəsi)”.
Əski ramazanlar arxada qalır. Ən maraqlısı odur ki, dünənəcən rejimi qorumaq üçün atılan addımlar indi əks-effekt verir. Bir anlığa düşünün, Rasim Balayevi həbs etmək hansı ovqatı yaradardı? Bəlkə artıq Anar da dözməyib dillənərdi!
Başqa bir məsələ. Hakimiyyətdəkilər cərimələrə ümid edirdi, amma “əsgər ölümünə son!” deyənlərə kəsilən cərimələr cəmiyyətdə çox ciddi narazılıqla qarşılanıb, üstəlik, yeni aksiyalara yol açıb, artıq “5 qəpik yığmaq” kampaniyası da hakimiyyəti narahat etməyə başlayıb. Bəlkə də sabah 5 qəpikləri də ödəməyib, Fəvvarələr meydanına səpələyəcəklər…
Ona görə də Rasim Balayevə basqı olayı YAP-ı dərindən məyus etməli idi. Tanınmış aktyor sonda heç nə itirən deyil və artıq tərs şillə sayıla biləcək bir münasibət göstərib iqtidarın bu addımına. Deyib ki, həbs olunsa daha yaxşıdır, heç olmasa türmədə gündə 3 dəfə pulsuz yemək verirlər.
Hələ bunun arxasınca Rasim Balayevə görə də 10 qəpikliklər yığıla bilər ki, iddia edilən vergi borcu ödənilsin.

Dünən Ilham Əliyev çox kədərlənməli idi
•