azadliq.info-da problemlər yaranıb

Haker hücumu “Azadlıq”ın saytında ciddi fəsadlar törədib

“Azadlıq” qəzetinin saytına haker hücumu olduğu barədə xəbər vermişdik. Yanvarın 11-də təşkil edilən və saytın bir neçə saat dayanmasına səbəb olan hücum dəf edilsə də, problemlər qalmaqdadır.
Belə ki, hücum şiddətli xarakter aldığından və təkrarlanan olduğundan saytın serverinin normal fəaliyyət ritmini pozub. Server xidməti əlavə müdafiə tədbirləri görməyə məcbur olub və bu da onun işini ağırlaşdırıb. Nəticədə bəzi yerlərdə və vaxtlarda sayta daxil olmaq çətinləşir. Saytın idarəetmə panalenin işində də texniki çətinliklər yaşanır. Ən ciddi problem isə saytın ziyarətçilərinin qeydə alınmasında yaranıb. Həm ümumilikdə saytı ziyarət edənlərin, həm də ayrı-ayrı yazılara daxil olanların sayı reallıqdakından əhəmiyyətli dərəcədə aşağı göstəricilərlə qeydə alınır. Bu isə kənardan istər ümumən saytın, istərsə də ayrı-ayrı yazıların reytinqinin azaldığı təəssüratını yaradır və oxucularda suallar doğurur.
Sayta hücumdan dərhal sonra meydana çıxan bu problem iki gün əvvəl qismən aradan qaldırılsa da, yenidən təkrarlanıb və hazırda server xidməti hücumun yaratdığı bu və başqa problemləri aradan qaldırmaq üçün çalışmaqdadır.
Xatırladaq ki, sayta son hücum Rusiya, Ukrayna və başqa ölkələr üzərindən olmaqla 70-dən çox İP-dən, eyni vaxtda yüzlərlə müraciət göndərilməklə təşkil olunmuşdu.