40 gün sonrakı ölüm

Təsəvvür eləyin: dövlətinizin can verdiyini görüb, bayılırsınız. 40 gün komada qalırsınız və ya 40 günlük letargiya yuxusuna gedirsiniz. 40-cı gün gözləriniz açılır, şüurunuz və fiziki durumunuz 40 gün əvvəlki mövcudluq halına qayıdır.
Nə görəcəksiniz?
Görəcəksiniz ki, hakimiyyəti ifşa edən videolar yayılıb. Daha bir məmur adam oğurluğu, millət vəkili seçilmək kimi dövləti bir məsələ üçün bazarlıq eləyir və söhbət yenə də milyonlardan gedir, yenə də söhbət dövlət başçısına qədər gedib çıxır və hələ də kimsə həbs edilməyib, vəzifəsindən getməyib. Məsələnin qısa mahiyyəti: ölkə yenə həmin iyrənc korrupsiyanın və hakimiyyətdaxili mafiyaların murdar caynağındadı.
Və bundan belə nə görsəniz, onların baş verməsində ayrı səbəb axtarmayın – bu səbəb birinci abzasın son cümləsindədi. Üstəlik, yeni bir əsgərin ölüm xəbəri var. Ailənin tək oğlu, atasını erkən itirərək tək ananın himayəsində böyüyən 1994 doğumlu əsgər Ceyhun Qubadov hərbi hissədə döyülərək öldürülüb. Anası deyir: “bilsəydim oğlum erməni gülləsinə tuş gəlib, bu qədər yanıb tökülməzdim”. Hakimiyyət isə Ceyhunun gah ürək tutmasından öldüyünü deyir, gah da dağdan düşmə ehtimalından danışır. Üstündən üç gün keçmir, başqa bir əsgərin – kasıb ailənin oğlu, 2010-cu il oktyabrın 12-dən hərbi xidmətə yollanan Davud Cəlillinin hərbi hissədə iflic edilərək sonunda yarı-ölü vəziyyətdə ata-anasının üstünə göndərildiyi üzə çıxır. Ama qanunauyğun olaraq heç nə dəyişmir. Davudun 26.04.2012-ci il tarixinə qədərki dövrdə yaşadıqları isə Hollivudun ən inanılmaz dəhşət filmlərini xatırladır. Və bu dəhşət filminin iki rejissoru var: Başdan ayağacan hər kəsin ayrı-ayrılıqda və tək-tək suçlu olduğu qanqster hakimiyyət və onun bütün cinayətlərinə susmaqda israrlı olan toplum…
Atəşkəs dövründə bu cür tələfolmaların dəhşətini göstərən statistika dəfələrlə çap edilib. Hər bir əsgərin ölümü bir cinayətdi və indiyə kimi bu cinayətlərdən ən yaxşı halda bir faizinin suçluları (həm də ən aşağı ranqda) məsuliyyətə cəlb edilib, 99 faizinsə üstü malalanıb və valideynlər müxtəlif yollarla susdurulub. Məşhur kəlamda deyildiyi kimi: Deyirlər ki, dövlət iki halda tənəzzül edir: cəza var, cinayət yoxdur və cinayət var, cəza yox. Bunların hər ikisi bizdə var və olmasın dövlət, olsun hakimiyyət. Yaralı ata-analar isə öz acılarının içində yana-yana qalırlar. Əlləri nə dövlətə çatır, hə allaha. Necə ki, ötən il bu şəkildə dünyasını dəyişən 77 əsgərin valideynini kimsə eşitmədi. Niyə? Çünki bu dəfəki oyanış ötən il olmadı. Susanları isə kimsə eşitmir…
Qəribədi ki, orduda baş verən cinayətlərin qurbanı olan əsgərlər yalnız kasıb ailələrin uşaqlarıdı. Çünki imkanlılar ya nisbətən normal hərbi hissələrə saldırılır, ya da düşdüyü yerdə komandirləri yemləyə-yemləyə xidməti başa vururlar. Indi kasıblar başlarının çarəsinə baxsınlar. Onları özlərindən başqa kimsə xilas eləyə bilməz.
Son əsgər ölümüylə bağlı aksiya keçirildi və bu günə qədərkilərin içində ən seçiləni oldu. Tərkib müxtəlif, məzmun qeyri-siyasi idi. Hardasa bu mitinqə dövlətçiliyin müdafiəsi kimi də baxmaq olar, çünki ordu dövlətin əsas dayaqlarından biridir. Hakimiyyətin yanaşması isə həmişəki iyrənc və əxlaqsız “qanuna” dayanır: “vətəndaşların istirahət hüququ pozulub”. Aman ya rəbbim! Yoxsa bu hakimiyyət öz vətəndaşlarını bu qədər çox sevirmiş?!. Hə, sevir. Ama ölüsünü sevir. Susmuşunu sevir. Qeyrətini istirahətə, dincə qoyanını sevir və hər hansı səbəbdən olur-olsun, o istirahəti kimsənin pozmasını istəmir. Bu ölkədə ən toxunulmaz hüquq “istirahət” hüququdu.
Bəli, 40 gün sonra ayıb hər şeyi eləcə bərbad görürsənsə, demək sənin dövlətin yoxdu, ölüb, qırxı da çıxıb. Kütləvi şəkildə dəfn mərasiminə qatılmağa da izn verilmir, çünki ölülərin istirahət hüququ pozula bilər. Çünki ölülər məmləkətinin başçısı belə düşünür…