Həkim-ekspertlər zəhərlənmə ehtimalının yüksək olduğunu deyirlər
Elşad Abdullayevin yaydığı video görüntülərdə vasitəçi qismində adı hallanan mərhum Sevinc Babayevanın xəstəlik kağızının detalları barədə ötən sayımızda məlumat vermişdik. Qısaca xatırladaq ki, müalicə olunduğu Istanbulun Esenyurt dövlət xəstəxanasından verilmiş epikrizdə S.Babayevaya qoyulan ilkin diaqnoz belə olub – ürək funksiyalarının dayanması, ağciyərin fəaliyyətinin dayanması səbəbindən maddələr mübadiləsinin pozulması nəticəsində yüksək həddə turşuluğun yaranması (Kardiopulmoner arrest+dərin metabolik asidoz), səbəbi bilinməyən tənəffüs çatışmazlığı, qanaxma riskinin yüksək olması, laxtalanma pozğunluğu, ürək çatışmazlığı.
Qeyd edək ki, S.Babayevanın oğlu anasının zəhərlənərək öldüyünü iddia edir. Bundan başqa, mətbuatda S.Babayevanın ölümündən əvvəl döyüldüyü ilə də bağlı məlumatlar yer almışdı. Həkim-ekspertlərə müraciət edib qoyulan diaqnoza zəhərlənmənin və ya döyülmənin səbəb olub-olmadığını öyrənməyə çalışdıq.
Həkim Rasif Bağırov bildirdi ki, tibbdə S.Babayevaya qoyulan klinik diaqnoz yoxdur: “Əslində bu, orqanizmdə baş verən hər hansı bir kəskin prosesin nəticəsi kimi meydana çıxan klinik əlamətlərdir. Lakin hansı proses bu, açıqlanmayıb. Hansısa xəstəlik orqanizmdə bu qədər fəsad yarada bilməz. Bu fəsadların zəhərlənmənin nəticəsi kimi ortaya çıxması ehtimalı daha böyükdür. Hansısa xəstəlik olsaydı, bunu konkret olaraq diaqnozda göstərərdilər. Amma burada məhz son detallar – maddələr mübadiləsinin pozulması, laxtalanma pozğunluğu və s. qeyd olunur. Bütün bunlar isə orqanizmə kəskin zəhərləyici maddənin daxil olduğunu göstərir. Ilan zəhərlənməsi necə olur? Orqanizmdə hər hansı xəstəlik olmur ki. Birdən-birə damarlarda gemoliz, mərkəzi sinir sistemində iflic başlayır. Buna konkret diaqnoz qoymaq olmur. Bu da, birdən-birə, kəskin şəkildə inkişaf etmir. Əgər ortada konkret xəstəlik olsaydı, bu proses uzun sürərdi və xəstəni bu vəziyyətə gətirib çıxarardı. Bir ayın içində xəstəlik adamı bu vəziyyətə sala bilməz. Belə çıxır ki, xəstəlik kağızında nəticələr açıqlansa da, onu doğuran səbəb göstərilməyib”.
“Sevinc Babayevanın epikrizində qeyd olunan xəstəlik əlamətləri istənilən kəskin durum, zəhərlənmə və ya ağır toksiki təsir nəticəsində baş verə bilər”. Bunu isə tibb elmləri doktoru, professor Adil Qeybulla “Media forum”a açıqlamasında deyib.
A.Qeybulla bildirib ki, bu, mövcud vəziyyətin dəyərləndirilməsidir və xəstənin klinikaya bu əlamətlərlə gəldiyini göstərir: “Sevinc Babayevanın nəfəs borularında yaranan problemi, ağciyərin fəaliyyətinin dayanmasının və tənəffüsün kəskinləşməsinin səbəblərini aydınlaşdıra bilməyiblər, ona görə də ora ”naməlum” yazılıb. Orda başqa məsələlər də qaranlıqdır. Ona görə də ekspertizanın sonrakı nəticələrini gözləməliyik. Qanın, digər toxuma nümunələrinin kimyəvi ekspertizası, toksiki maddələrin zəhərlərə qarşı müayinəsi aparılacaq. Bütün bunların əsasında son fikir söyləmək olar”.
Epikrizdə göstərilən qanaxma riskinin yüksək olması məsələsinə gəlincə, professor A.Qeybulla deyib ki, ayrılıqda daxili orqanlarda belə qanaxmalar müşahidə edilibsə, bunun da səbəbi araşdırılmalıdır: “Belə qanaxmaları daha çox təsiri olan toksinlər – zəhərlər törədir”.
A.Qeybulla səbəbi bilinməyən tənəffüz çatışmazlığı haqqında bunları deyib: “Mexaniki boğulma, bronxial asma,ÿ pnevmaniya kimi tənəffüz çatışmazlığına səbəb olan xəstəliklərin əlamətləri yoxdursa, hər hansı xəstəliyə uyğun gəlməyən tənəffüz çatışmazlığı ”səbəbi bilinməyən” kimi göstərilə bilər. Bu səbəbi isə ancaq ekspertiza aşkara çıxara bilər. Əslində epikrizdə yazılanların hamısı müəmmalıdır, ona görə də ölümün səbəbləri haqqında hər şey düşünmək olar”.
Gültəkin



