«Korrupsiya çempionunun idarə etdiyi ölkə dünyanın gündəmində olmalıdır»
Gözəl Bayramlı: “Demokratik düşərgənin geniş birliyi zəruridir”
Yanvarın 12-də keçirilən aksiyadan hakimiyyətin ciddi narahatlıq keçirdiyi göz önündədir. Aksiya zamanı güc strukturlarının tam hazırlığa gətirilməsi və aksiya zamanı fəalların həbsi də bunu sübut edir. Bəs baş verən olaylardan hakimiyyət və cəmiyyət hansı nəticələr çıxarmalıdır. AXCP sədrinin müavini Gözəl Bayramlının fikrincə, hazırda cəmiyyətdə yaşanan aktivlik hakimiyyətin addımlarından narazılığın göstəricisidir:
– Sosial şəbəkələrdə təyin olunan aksiya ilə xalq bir daha öz narazılığını ortaya qoydu. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti bundan çox ciddi nəticələr çıxarmalıdır. Bu aksiya “əsgər ölümlərinə son” tələbi ilə keçirilirdi. Kifayət qədər uğurlu aksiya oldu. Xalq şüarlarını səsləndirdi, hakimiyyətə etirazını bildirdi. Hakimiyyət bundan belə bir nəticə çıxarmalıdır ki, Ilham Əliyevin qurduğu rejimdən qaynaqlanan bir məsələdir ki, əsgərlikdə günahsız insanlar həlak olur. Həm də hakimiyyət o nəticəni çıxarmalıdır ki, heç zaman xalqın etirazının qarşısını almağa cəhd göstərməsin. Çünki bu, cəmiyyətlə qarşıdurmaya aparır. Keçirilən son aksiya çox dinc xarakterli idi. Aksiyada xeyli sayda adam həbs olundu. Hakimiyyətin daha sonrakı addımları da təəssüf doğurur.
Fantastik cərimələr ləğv olunmalıdır
– Məhkəmə 12 yanvar “Əsgər ölümlərinə son” aksiyasında saxlanılan 25 nəfər barəsində qərarlar çıxarıb. Bu qərarlarla aksiyaçılar ümumilikdə 11800 manat cərimələnib.ÿSaxlanılanlardan 14 nəfəri AXCP üzvüdür. Bu istiaqmətdə hansı addımları atmağı düşünürsünüz?
– Təbii ki, biz dostlarımızı arxasız qoymayacağıq. Bu məsələ bu gün (dünən – red.) Rəyasət Heyətində müzakirəyə çıxarılacaq. Biz cəmiyyətin müqavimət potensialını səfərbər etməliyik ki, qanundakı bu düzəliş ləğv edilsin. Fantastik rəqəmlə insanları cərimələyirlər. Azərbaycanda 600 manat maaş alanı göstərsinlər. Yalnız dövlət strukturlarında çalışanlar belə əmək haqqı alır. Işsiz insanları bu miqdarda cərimələmək yolverilməzdir. Cəmiyyətin bu məsələyə münasibəti sərt olmalıdır. Toplumdan bu qanunun ləğv edilməsi istiqamətində fikirlər səsləndirilməlidir. Bundan başqa, həmin cərimələrin ödənilməsi barədə düşünürük. Çünki biz dostlarımızı heç zaman tək qoymuruq. Eyni zamanda hüquqi istiqamətdə fəaliyyətimiz davam etməlidir. Hakimiyyət dünyanı özünə güldürməsin. Seçki dövründə aksiyalar davam edəcək. Minlərlə insanı cərimələməklə hakimiyyət dünyaya nəyi sübut etməyə çalışır.
– Aksiya iştirakçılarının cərimələnməsinin ümumi məbləği bir əsgərin ölümünə görə ailəsinə verilən kompensasiyaya bərbabərdir. Bəzi düşüncələrə görə, bu, bilərəkdən edilib. Bu addımı necə dəyərləndirirsiniz?
– Hakimiyyətin hər bir addımı mənəviyyatdan uzaqdır. Aksiyada həbs olunan insanlar dövlət başçısının imzaladığı qanunla cərimələniblər. Onların əksəriyyəti gənclərdir. Bu gənclər tələb edir ki, əsgər ölümlərinə son qoyulsun. Sabah bu ali baş komandan hansı gənclərlə, əsgərlərlə Azərbaycanın işğal altında olan torpaqlarını ala biləcək? Bu gənclərin hər biri sabah dövlətin əsgəri olacaq. Onların arxasında güclü dövlət, güclü torpaq olmasa, onlar sabah necə düşmənə qarşı mübarizə aparacaqlar. Deməli, bu hakimiyyəti nə əsgər ölümlərinə son qoymaq düşündürür, nə də torpaqları geri qaytarmaq. Hakimiyyət insanlara zor tətbiq etməyi, yenidən qanunları pozmağı və bu yolla krminal iqtidarını davam etdirməyi düşünür. Bu hakimiyyət islah olunmaq istəmir, bu onun göstəricisidir.
– Hazırda Azərbaycanda cəzalanmalı olan şəxslər azadlıqda gəzdiyi halda günahsızların cəzalandırılmasın necə dəyərləndirirsiniz?
– Hakimiyyət cəmiyyətə həm də o mesajı verir ki, Azərbaycanda kriminal iqtidar mövcuddur. Hakimiyyət bəyan edir ki, istənilən cinayəti mən stimullaşdırıram. Və əsl cinayətkarları deyil, müxalifət təmsilçilərini cəzalandıracam. Əslində dolayısı ilə təsdiq edir. Ortada cinayətkarlar kifayət qədərdir. Əsgər ölümünə cavabdeh olanlar, mandat alverində vasitəçilik edənlər, adam oğurluğunda və ölümündə günahkar olanlar hələ də azadlıqdadır. Bu dövlətin milyardlarla sərvətini oğurlayanlar azadlıqdadır. Əksinə, cəmiyyətin maraqlarından çıxış edənlər, haqlarını tələb edənlər həbsə atılır.
– Elşad Abdullayevin yaydığı videolar hələ də gündəmdədir. Ortada kifayət qədər faktların olmasına baxmayaraq hələ də tədbirlər görülmür. Əksinə, hadisələrdəki əsas şahid Sevinc Babayeva dünyasını dəyişir?
– Heç bir addımın atılmaması onu göstərir ki, bu cinayətlər ən yüksək səviyyədə dəstəklənir. Dövlətin birinci şəxsindən tutmuş bu hadisələrdən hamının məlumatı olub. Hüquq-mühafizə orqanlarının rəhbərləri, Prezident Administirasiyası baş verənlərə nəzarət edirlər. Sevinc Babayeva baş verənlərdə kiçik oyunçu idi. Onu hakimiyyət öz oyunlarına alət etdi və sonra da aradan götürdü. Elşad Abdullayevin yaydığı videolar sübut etdi ki, bu hakimiyyət nəinki Sevinc Babayevanı, bu hadisələrlə əlaqəsi olan onlarla insanı aradan götürüb. Hakimiyyət bu cinayətlərin açılmasında maraqlı deyil.
Hakimiyyət müxalifətə düşmən gözü ilə baxır
– Sanki dövlətin qanunları müxalifətçilərə qarşı bir, hakimiyyət təmsilçilərinə qarşı isə başqa cür işləyir. Məsələn, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun həbsdə saxlanılması, Nigar Yaqublunun həbsi… açıq görünür ki, bu, müxalifət liderlərinə qarşı təzyiqdir…
– Bəli, hakimiyyət müxalifət təmsilçilərinə ikili standartlarla yanaşır. Sanki müxalifət təmsilçiləri Azərbaycanın vətəndaşları deyillər. Elnur Seyidovun hələ də həbsdə saxlanılması hakimiyyətin simasını göstərir. Çünki Elnur Seyidov “Texnikabankın” rəhbəri Etibar Əliyevə yardımda ittiham olunurdu. Etibar Əliyev isə azadlığa buraxıldığı halda Elnur Seyidov hələ də həbsdədir. Nigar Yaqubluya qarşı da tətbiq olunan cinayət işi heç zaman xanımlara qarşı şamil olunmayıb. Bu da sırf müxalifətçi olduğuna görə edilir. Hakimiyyət müxalifətə düşmən gözü ilə baxır və cəmiyyyətdə barışın olmasında maraqlı deyil. Hakimiyyət üçün hakim ailə və onun ətrafındakı bir qrup maraqlıdır. Yerdə qalanlar onlar üçün maraqlı deyil. Regionlarda və paytaxtda insanlar bu hakimiyyətdən narazıdır. Hakimiyyət təmsilçilərinin bəyanatlarına baxmayaraq ölkənin iqtisadi “inkişafı” göz qarşısındadır. Azərbaycan hakimiyyət üçün gəlir mənbəyidir. Xalqın güzəranı və sosial vəziyyəti barədə düşünməyi isə hakimiyyət arzulamır.
– Müsavat başqanı bir neçə gün öncə Lənkərana səfər edərkən ona qarşı təxribatçı qrupdan istifadə edilərək, səfərin qarşısını alındı. Hakimiyyət seçki ilində belə bir addım atmaqla nəyin mesajını vermək istəyir?
– Hakimiyyət bir daha sübut etdi ki, seçki ilində də onun xalqın iradəsinə hörmət etmək fikri yoxdur. Bu gün müxalifət qüvvələrinə qarşı bu addımın atılması hakimiyyətin çirkin niyətindən, müxalifətə qarşı dözümsüzlüyündən, avtoritar idaretməni davam etdirmək niyyətindən xəbər verir. Hakimiyyət demokratiya barədə düşünmür. Müxalifəti və onun liderlərini daim basqı altında saxlamaq istəyir.
– AXCP Ictimai Palatadan kənarda olan demokratik qüvvələrin geniş birliyinin yaradılmasını təklif edib. Bu sırada hansı qüvvələri görürsünüz?
– Biz cəmiyyətin bütün demokratik kəsiminin, kifayət qədər nüfuzlu ziyalıların bir qurumda birləşməsini istəyirik. Bununla xalqın geniş birliyinin konsolidasiyasını yarantmaq və cəmiyyətin güclü dəstəyini almaq olar. Ictimai Palata müxalifətin böyük güc mərkəzidir. Amma bütün demokratik qüvvələr burada təmsil olunmayıb. Bu birliyin yaradılması imkanları hələ tükənməyib. Qarşıda proseslərin hələ sürətlənməsi gözlənilir. Seçkiyə yaxınlaşdıqca müxalifət düşərgəsi anlayacaq ki, müxalifət vahid cəbhədə seçkiyə qatılmalıdır. Bu, cəmiyyətə də böyük stimul vermiş olar. Biz xalqla təmaslarda oluruq. Insanlar demokratik düşərgənin vahid qüvvə ilə seçkiyə qatılmasını istəyir. Xalq bu hakimiyyətdən narazıdır və onun getməyini istəyir. Ona görə müxalifətin konsolidasiyası ilə bağlı AXCP və onun sədri Əli Kərimlinin mövqeyi cəmiyyətdə kifayət qədər dəstəklənir. Ona yaxın rayonda müxalifət təmsilçiləri, sadə vətəndaşlarla görüşmüşəm. Hamının istəyi müxalifətin geniş birliyinin yaradılmasındadır. Ona görə də düşünürüəm ki, demokratik düşərgəni birləşdirmək üçün bütün imkanlar səfərbər olunmalıdır.
AŞ PA-dan ciddi qərarlar gözləyirik
– AŞ PA-nın yanvar sessiyasında müxalifətin gündəmə gətirdiyi məsələlərin geniş müzakirəyə çıxarılacağı gözlənilir. Müzakirələrdən nə gözləyirsiniz?
– Ümidvarıq ki, Azərbaycanla bağlı geniş müzakirələr keçirilərək, ciddi sənədlər qəbul olunacaq. Azərbaycana beynəlxalq təşkilat tərəfindən diqqət artmaqdadır. Azərbaycan hakimiyyətinin demokratiya istiqamətində addım atmaması, müxalifətə qarşı təzyiqləri davam etdirməsi Avropa Şurasını bu proseslərə münasibət bildirməkdən kənarda qoya bilməz. AŞ PA-dan ciddi qərarlar gözlənilir. Azərbaycanın AŞ PA qarşısında götürdüyü öhdəliklərin biri də yerinə yetirilməyib. Sərbəst toplaşmaq azadlığı hələ də kobud formada pozulur. Ona görə də Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri icra etməməsi üzündən sessiyada geniş müzakirənin başlanması təbiidir.
– Azərbaycandakı durum hazırda beynəlxalq aləmin gündəmindədir. Hazırda Azərbaycan müxalifətinin gündəmə gətirmək istədiyi məsələlər beynəlxalq aləmdə müzakirə predmetidir. Belə olan halda 2013-cü il seçkiləri hakimiyyətə nə vəd edir?
– 2013-cü il hakimiyyət üçün uğursuz başladı. Ilham Əliyev bu il ilk zərbəni beynəlxalq təşkilatlardan aldı. O, ilin korrupsioneri elan olundu. Ona görə də korrupsiya çempionunun idarə etdiyi ölkə də dünyanın gündəmində olmalıdır. Baş verənlər Azərbaycanla bağlı artıq beynəlxalq aləmin narahatlığının birbaşa ifadəsidir. Görünən odur ki, beynəlxalq aləmin baş verənlərə reaksiyası sərtdir. Elşad Abdullayevin də gündəmə gətirdiyi məsələlər müzakirəyə çıxarılırsa, bu özü Azərbaycanla bağlı ciddi qərarların gözlənildiyini ortaya qoyur. Dünya ilə qarşıdurma şəraitində fəaliyyət göstərmək hakimiyyətə yaxşı heç nə vəd etmir.
Xəyal