Əliyevlərin siyasət qayğanağı

Siyasət qayğanağı olurmu? Olur. Biz bunu 20 ildir görürük. Ən yaxşı görsəniş də televiziyalardan ortaya çıxır. Televiziyalar dayanmadan siyasət yumurtlayır. Elə özləri də yumurtladıqlarından xalqa qaqqıltıyla qayğanaq bişirib yedirirlər – siyasət qayğanağı. “Əsgər ölümünə son!” aksiyası başlayandan qabaq başlayan hakimiyət kampaniyası hələ də bitmək bilmir. “Əsgər ölümünü siyasiləşdirmək olmaz!” – yandaşları ilə birlikdə hakimiyətin dediyi budur. YAP-ın “gəncləri” də bunu deyir. Onlar “Əsgər ölümünə son!” aksiyasını da “siyasi təxribat” adlandırırlar. Olsun. Ancaq… ata-oğul Əliyevlərin “uğurlu neft-qaz strategiyası” üçün ortaya çıxarılan təslimçi “atəşkəs” dönəmində 4 minədək əsgər-zabit itkisinə nə ad verək? 
I.Əliyevin 10 illik hakimiyəti dönəmində 647 əsgərimizi itirmişik – buna nə ad verək? YAP-çılar, YAP yetkililəri tez-tez “Ölkə Müharibə şəraitində yaşayır”, deyirlər. Bu da olsun. Ancaq… niyə görə bu MÜHARIBƏ qanımıza yerikləyən, torpağımızı tutan ermənilərlə deyil, Azərbaycan xalqı ilə aparılır? Nəyə görə Azərbaycan ordusunda zabitlər əsgərləri, əsgərlər bir-birini öldürür? Nəyə görə onlar qanlı düşməni səngərin o üzündə qoyub, bu üzdə bir-birilə çalışır? Qocalı-gəncli YAP-çıları cavab verməyə çağırıram. Yox, gərək deyil; onsuz da hamılıqla yalan danışacaqlar. Onlar yalanı korrupsiya ilə yanaşı DÖVLƏT SIYASƏTINƏ çevirməklə bu ölkəni gətirib bu yerə çıxardılar: indi bizim düşmənimiz başqaları deyil, biz özümüzük!
“Əsgər ölümünü siyasiləşdirmək olmaz!”. Siz özünüz niyə siyasiləşdirirsiz? Necə siyasiləşdirirsiz? Bir belə ölüm-itim faktına göz yummaqla, onları gizlətməyə çalışmaqla. Bundan öncəsi Müdafiə nazirliyini başdan-ayağa bürümüş rüşvət-korrupsiya faktlarına göz yummaqla, onları gizlətməyə çalışmaqla. ITV başda olmaqla, ölkə gerçəklərini xalqa çatdırmağa borclu olan televiziyalrın o borcdan xəyanətkarcasına yayınması nə deməkdir? Prezident – ali baş komandan adlanan kimsənin ölkəni, dövlət strukturlarını bütünlüklə bürüyən oğurluq, soyğunçuluq, rüşvət, korrupsiya, monopoliya faktlarına göz yumması, onları gizlətməyə çalışması nə deməkdir? Bunlar HAMISI siyasətdir, siyasi olmayanı, MILLI xarakter daşıyanı da siyasiləşdirməkdir. Ölkəni bütünlüklə bürüyən qanunsuzluq, özbaşınalıq, Elşad Abdullayevin yaydığı bunca kriminal xarakterli videomateriallardan sonra belə, ortada at oynadan qanunsuzluq-cəzasızlıq görsənişlərinin bir adı var: SIYASI HAKIMIYƏT BÖHRANI!
Ortada E.Abdullayevin bir videomaterialı – hacı hakimlə bağlı material olsaydı, bunu bəlkə də, məhkəmə-hüquq sisteminin böhranı adlandırmaq olardı. Ancaq indi ortada rejimi bütün parametrlər üzrə, bütün hakimiyət qollarına yönəlməklə darmadağın edən bəlli videomateriallar var. Üstəlik, Müdafiə nazirliyi sistemində baş verənlər, bütün bu neqativ görsənişlərlə bağlı effektli ölçü götürülməməsi – bunlar hamısı birlikdə SIYASI BÖHRAN görsənişləridir. Bu gün YAP-ın, YAP yandaşlarının gizlətməyə çalışdıqları başlıca faktor budur. Bu gün Azərbaycandakı hakimiyətin nominal-faktiki adı Əliyevlər hakimiyəti, kod adı Korrupsiya hakimiyətidir. Hakimiyət adamları üçün bu gün Azərbaycan özü boyda PUL dolu çamadan yerindədır. Kimi onu kod nömrələrinə uyğun olaraq açıb pulları mənimsəyir, kimi də atvyorka texnologiyası ilə: hərə özünün bildiyi, bacardığı sayaq.
YAP-çılar bir yana, bir sıra yarımüxalifət, yarıhakimiyət olanlar da qəzetlərdə, saytlarda rejimə arxa duran çıxışlarda bulundular. Onlar həyasızcasına yalanlara əl ataraq Sovet ordusundakı əsgər ölümlərindən yazdılar. Mən iki il Sovet ordusunda – piyada qoşunlarında qulluq etmişəm. Iki il boyunca “uçeniya”larda, geniş qoşun qruplarının, bütün döyüş texnikasının qatıldı, gerçək savaş göstərisi yapıldığı manevralarda olmuşam, bir dənə də əsgər ölümü, “silahla ehtiyatsız davranmadan ölmə” faktı görməmişəm. Sovetin dağılma dönəmində baş verənlər başqa!