Sonuncu mogikanın gözlənilən sonu

Kriminal avtoritet «Ded Xasan» öldürüldü; Onun qətli ilə bağlı müxtəlif mülahizələr var

Kriminal aləmin sonuncu mogikanı da belə getdi. “Ded Xasan” ləqəbli “Oğru” Aslan Usoyanın həyatı boyu çoxsaylı sui-qəsd cəhdlərinin sonuncusundan salamat qurtulmadı. Dünən, Moskvada, yerli vaxtla saat 14.30-da, A.Usoyan “Karetnıy dvor” adlı restorandan çıxarkən snayperdən açılan atəşlə öldürüldü. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, killer öz qurbanına yaxın məsafədən zirehdələn gülləylə atəş açıb. Usoyan məhz bir güllə ilə qətlə yetrilib. Qatil hadisə yerindən qaçıb gizlənməyə macal tapa bilib. Qətllə bağlı hüquq-mühafizə orqanlarının əsas versiyası budur: o, kriminal qruplaşmalar arasında baş verən müharibənin qurbanı oldu.

46 ilin “Oğru”su

Aslan Usoyanın 76 yaşı vardı. Bu 76 ilin 46 ilini o, “Oğru” statusunu daşıyıb. Milliyətcə yezdi kürd olan Aslan Usoyan  24 fevral 1937-ci ildə Tbilisidə anadan olmuşdu. Hələ 19 yaşındayəkən, milis işçisini vurduğuna görə, 1 il 6 ay azadıqdan məhrum edilmişdi.
1959-cu ildə o, quldurluğa görə, ikinci dəfə məhkum həyatı yaşadı. Və beş il iş aldı. “Sroku”nu tam yatandan sonra azadlığa çıxsa da, yenidən quldurluq maddəsi ilə həbsə girdi. Elə həmin vaxt, məhbəs illərində Davidom Şaumyanski və Mehrac Fartovıyla birgə “Oğru” adını aldı.

Az keçməmiş “Ded Xasan”ın adı, daha doğrusu SSRI-nin bütün zonlarına məlum oldu.
Sovetlər dönəmində Ded Xasan bir dəfə də məhbəs həyatı yaşaydı, amma bu çox az çəkdi. Usoyan 80-ci illərin ortalarından artıq SSRI-də söz sahibi olan oğrulardan idi. Onunla nüfuzuna görə, ancaq Vyaçeslav Ivankov, Yaponçik müqaiysəyə gələ bilərdi.
Biz, onun 80-90-cı illərdəki fəaliyyətindən danışmayacağıq. Çünki bir qəzet səhifəsi buna bəs etməz. Buna bir kitab da azlıq edər. Amma Ded Xasanın həyatında elə məqamlar var ki, məhz Azərbaycanla, azərbaycanlılarla bağlıdır. Bu bağlılığın izləri isə 90-cı illərin ortalarına gedib çıxır.

Sifariş kimdən gəlib”

“Ded Xasan”ın oğru klanında azərbaycanlı qanuni oğruların xüsusi yeri olub. Heç kimə sirr deyil ki, Usoyanını hələ 80-ci illərin sonlarında “Oğru”lar “Qoca”, “Lotu Bəxtiyar”, sonrakı dövrdə “Sabirabadlı Hikmət” və “Masallı Mamed”lə sıcaq əlaqələri olub. “Ded Xasan” adıçəkilən şəxsləri həmişə Azərbaycanlı kriminal aləminin ağsaqqalrı kmi qəbul edib.
“Ded Xasan”la necə deyərlər yola getməyən, onun nüfuz dairəsini qəbul etməyən bircə “Oğru” vardı: “Rövşən Lənkəranski”.

2010-cu ilin sentyabrında, Moskvada Tverskaya küçəsində “Ded”ə qarşı sui-qəsd olmuşdu və o, 3 güllə yarası almışdı. Sonradan “Ded Xasan”  “Oğru”ların toplantılarının birində deyib ki, onun öldürülməsini Azərbaycan əsilli “Oğru”, “Rövşən Lənkəranski” ləqəbli Rövşən Caniyev sifariş verib, sifarişi isə “Əshaba” islamçı ektremist qruplaşması icra edib.
“Moskovskaya Pravda” qəzetinun yazdığına görə, “Ded Xasan”la “Rövşən Lənkəranski” arasında münasibətlər “Çerkizovo” bazarı bağlanandan sonra yaranıb. Bu bazara nəzarət edən “Rövşən Lənkəranski” bazar bağlanandan sonra “Ded Xasan”ın və ona yaxın avtoritetlərin nəzarətində olan obyektlərə müdaxilə etməyə başlayıb. Bu məqsədlə o, “Ded Xasan”ın əsas rəqibləri olan “Tora” ləqəbli Tariel Onianinin nüfuz dairəsinə düşüb.
Məlumata görə, “Ded Xasan” “Rövşən Lənkəranski”ni Moskvadan çıxarmağa çalışsa da, lakin Rövşən Cemo və Mamuka Mikeladze adlı gürcü “Oğru”ların dəstəyi ilə Rusiya paytaxtında qala və möhkəmlənə bilib.

Bazar uğrunda savaş

Həmin sifariş isə sən demə, Telman Ismayılovun bazarının yerinin ələ keçirilməsi uğrunda “Tora” ilə onun arasında gedən çəkişməyə görə verilib. Həmin vaxt “Yaponçik”ə qarşı sui-qəsdin arxasında da T.Ismayılovun və onun bazarının ətrafında gedən proseslərin dayandığı ehtimal edilirdi. Versiyalardan birinə görə “Yaponçik” T.Ismayılovun biznesinin qaranlıq tərəfləri, onun xaricə qanunsuz yolla iri məbləğlərdə pul ötürməsi barədə məlumatları hüquq-mühafizə orqanlarına verib. Deyilənlərə görə, bu məlumatlar sayəsində Federal Təhlükəsizlik Xidməti “Çerkizovsk” bazarı ilə bağlı cinayət işi qaldırıb və onun bağlanmasına nail olub. Beləliklə, “Yaponçik” özünə nüfuzlu düşmənlər qazanıb.
T.Ismayılovun bazarı sökülüb və Rusiyanın Ali Arbitraj Məhkəməsi boşalan 66.5 hektarlıq ərazini federal mülkiyyət kimi tanıyıb. Federal hökumət həmin ərazidə nisbətən aztəminatlı ailələr üçün yaşayış binalarının inşasını planlaşdırıb. Dərhal həmin əraziyə bir sıra iriçaplı özəl investorlar maraq göstərməyə başlayıb. Lakin kriminal aləmlə anlaşmadan həmin ərazidə tikinti biznesinə girişmək özəl investorlar üçün riskli iş idi. Bir tərəfdən “Ded Xasan” və Moskvadakı çeçen kriminal qruplaşmalarının liderləri investorlara söz veriblər ki, ərazinin onlara verilməsini təmin edəcəklər. O biri tərəfdən isə “Tora”nın başçılıq etdiyi gürcü qruplaşması buna qarşı sərt müqavimət göstərib. Gözlənilmədən Moskvadakı güclü slavyan kriminal qruplaşmalarından biri də gürcülərin tərəfinə keçib. Məlumatlara görə, həm “Ded Xasan”ın, həm “Tora”nın qruplaşmaları ərazini almaq üçün güc strukturlarının və şəhər hakimiyyət orqanlarının nüfuzlu şəxslərindən bir çoxunu öz tərəflərinə çəkə biliblər. Lakin sonda ərazini “Ded”ə stavka edən investorlar alıb. Hüquq-mühafizə orqanlarında ehtimal edirlər ki, bu mübarizəni uduzduğuna və çoxmilyonlu iş əldən çıxdığına görə “Tora” “Ded Xasan”a sui-qəsd haqda təlimat verə bilərdi.

Rusiya mətbuatı onu da yazır ki, “Çerkizovsk” bazarı uğrunda mübarizəyə azərbaycanlı kriminal qruplaşmalar da qoşulmuşdu. Həmin ərəfədə Moskvada 44 yaşlı Iqbal Nəcəfovun 15 güllə ilə öldürülməsi, cəmi bir həftə sonra Hüseynov və Verdiyev familiyalı daha iki azərbaycanlı kriminal avtoritetin güllələnməsi bu çəkişmə ilə izah edilir. Həmin vaxt Moskvada “Ded Xasan”ın qruplaşmasından olan nüfuzlu avtoritet, “Skif” ləqəbli Andrey Qolubev də güllələnmişdi. Bu qətlədən sonra mətbuat yazıb ki, “Tora” çoxdankı düşməninə və rəqibinə həlledici zərbəni endirməyə hazırlaşır.

“Şakro” amili

“Tora” ilə “Ded Xasan”ın qruplaşmaları arasında çəkişmənin əsas səbəblərindən biri kimi isə Ispaniyada barəsində hökm çıxarılan gürcü avtoritet, “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun nəzarətində olan biznesin bölüşdürülməsi göstərilirdi. Belə məlum olur ki, bu çəkişmə “Şakro Molodoy”un Azərbaycanda nəzarət etdiyi bizneslə də bağlı olub.
Mətbuatın yazdığına görə, 2006-cı ildən Ispaniya həbsxanasında saxlanılan və “Ded Xasan”ın klanında 2 nömrəli sayılan “Şakro Molodoy” öz adamını gizlicə Bakıya göndərir. Rusiya mətbuatı yazır ki, “Ded Xasan”ın Zaxari Kalaşovun adamını Bakıya göndərməkdə məqsədi Azərbaycan paytaxtında avtomobil biznesinə (söhbət çox güman ki, Rusiya istehsalı olan avtomobillərin satışından gedir) nəzarət uğrunda “Tora”nın adamları ilə çəkişməni yoluna qoymaq idi. Digər məlumata görə, 2008-ci ildə kriminal aləmin liderləri həmin məsələ ilə bağlı Bakıda “sxodka” keçiriblər.

Rusiya mətbuatı “Ded Xasan”ın azərbaycanlılardan ibarət narkomafiyanı da öz himayəsinə aldığını yazır. Belə ki, 2005-ci ildən o “Yaponçik”lə müttəfiq olub. Nəticədə “Ded Xasan” slavyan qruplaşmalarını tamamilə öz himayəsinə ala bilib. Eyni zamanda “Ded” 2008-ci ildə gürcülər, azərbaycanlılar, ruslar, kürdlər və bir qırğızdan ibarət 10 namizədi “vor” elan edir. Bununla da o, kriminal aləmdə etnik mənsubiyyətə görə parçalanmanın qarşısını almaq istəyir. Rusiya KIV-lərinə görə, hələ 90-cı illərin əvvəllərindən Moskvada narkotik alveri ilə məşğul olan azərbaycanlı qruplaşmalar “Yaponçik”in himayəsində idi. 2000-ci ildə “Yaponçik”in tərəfdaşı olan azərbaycanlı avtoritet, “Tofiq Bakinski” ləqəbli Tofiq Əhmədov da narkotik işinə görə tutulub. 2006-cı ilin apelində isə Moskvada məşhur azərbaycanlı avtoritet “Sabirabadlı Hikmət” ləqəbli Hikmət Muxtarov güllələnib və onun dəfnində “Yaponçik” də iştirak etmək istəyib. O vaxt yerli mətbuat yazmışdı ki, Azərbaycan hakimiyyəti “Yaponçik”in ölkədə ancaq 24 saat qalmasına icazə verib. Məşhur avtoritet sözünün üstündə durub və dəfndə iştirak edərək geri dönüb. Ancaq bu xəbər təsdiqini tapmır.
Rusiyanın nüfuzlu cinayətkar qruplaşmalarından birinin rəhbəri, Yaponçik öldürüldükdən sonra sahibsiz qalmış biznes strukturları uğrunda çarpışmalar başladı. Bir tərəfdə Ded “Xasan” və dairəsi, o biri tərəfdə Oniani və “Rövşən Lənkrənaski”nin də daxil olduğu qruplaşma.
“Praym-kraym”ın yazdığına görə, “Ded Xasan” öz opponenti Tariel Oniani ilə mübarizə apararkən  meydanda ona qarşı daha bir güclü qüvvənin baş qaldırdığının fərqinə varmayıb. Bu qüvvələrin başında isə kriminal “generallar” olan Cemo Mikeladze (Cemo) və Rövşən Caniyev (Lənkəranski) dayanır. Rövşənin kriminal karyerası 1996-cı ildə başlayıb. Hazırda o, ən varlı “zakonniklərdən” hesab edilir. Onun “Ded Xasan”ı “sevməməsi” üçün bir çox səbəbi var. R.Lənkəranski artıq çoxdan Azərbaycandan olan mafioz qruplaşmaların rəhbərliyinə iddialıdır, ancaq bunu hələlik əldə edə bilməyib. Azərbaycandan olan digər nüfuzlu “zakonniklər” Baxış Əliyev (Baxa), Nadir Səlifov (Lotu Quli), Yusif Əliyev (Yuska Şəmkirski) Usoyanın klanına daxildir. Məhz buna görə də onlar Rövşən Canıyevə qarşı duruş gətirə bilirlər. Hələ 2009-cu ildə “Baxa” və “Rövşən Lənkəranski” Moskvanın göyərti topdansatış bazaları uğrunda mübarizə aparıb. Bu “razborkalar” nəticəsində 20-dən çox qanqsterin öldüyü bildirilir. Ən çox itkini isə “Rövşən Lənkəranski” verib.
2009-cu ildə Caniyevin başqa bir problemi yaranıb. “Ded Xasan”ın yaxın adamı kimi tanınan Vyaçeslav Ivankov (“Yaponçik”) Podmoskovyedə tikinti materialları, xüsusən də quru beton qarışıqları istehsalını əlinə almaq istəyib. Bu vaxta qədər isə tikinti materiallarının topdan və pərakəndə satış bazarı Rövşən Caniyevə yaxın şəxslərin əlində cəmləşmişdi. 2009-cu ilin yayında “Yaponçik”in də iştirakı ilə “sxodka” keçirilib və orada bir çeçenlə yanaşı, R.Lənkəranskiyə yaxın qanqsterlər də iştirak edib. “Söhbət” xoşagələn olmayıb və iyulun 28-də Ivankova qəsd edilib. O, qısa müddət sonra xəstəxanada vəfat edib. Bundan sonra mübarizə daha da qızışsa da, R.Lənkəranski üstünlüyü əlində saxlaya bilməyib. Ona ən böyük zərbə isə 2010-cu ildə Ukraynada saxta sənədlərlə həbs edildiyi zaman vurulub. “Ded Xasan”ın tərəfdarı olan azərbaycanlılar bu vəziyyətdən istifadə etməyə çalışaraq Rövşənin adamlarını onların nəzarət etdikləri sahələrdən kənarlaşdırmağa çalışıblar. Ancaq bu alınmayanda yenidən güllələr “danışıb”: 2010-cu ildə Vaqif Tukanov adlı avtoritet öldürülüb; Qısa müddət sonra isə “Ded Xasan”a sui-qəsd təşkil edilib və o, qarnından yaralanıb; 2012-ci ildə “Ded Xasan”ın “ailəsinə” daha bir itki üz verib- “Danabaş” ləqəbli azərbaycanlı avtoritet Vaqif Cəbrayılov güllələnib. Ancaq bundan sonra hadisələrdə “Rövşən Lənkəranski”nin rolu barədə fikirlər ciddiləşməyə başlayıb. “Ded Xasan”ın təhlükəsizliyinə də cavabdeh olanlardan biri kimi tanınan “Danabaş” güllələndikdən sonra “küləyin haradan əsdiyi” barədə şübhələr yaranıb. Bundan sonra Caniyevin adı həm bu cinayətdə, həm də “Yaponçik”in ölümü və “Ded Xasan”a sui-qəsddə hallandırılıb. Və “Ded Xasan”ın “ailəsindən” olan, 10 nəfəri azərbaycanlı olmaqla 30 “qanuni oğru”nun imzası ilə kaloniyalara “malyava” yayılıb
Ancaq “Ded Xasan”ın bu tədbirləri bir qədər gec olduğuna görə, artıq Lənkəransı kriminal aləmdə öz nüfuzunu kifayət qədər möhkəmlədib. Artıq onu aralarında Cemo Mikeladze və Merab Canqveladzenin də olduğu 100-ə yaxın “qanuni oğru” dəstəkləyir. Amma “Ded Xasan”ın öldürülməsi ilə bağlı bir maraqlı məqamı dünən “haberturk” irəli sürdü. Adıgedən saytın yazdığına görə, “Ded Xasan” və “Şakro molodoy” PKK-ya silah satan mafiyanın başında dayanıblar. Silah isə əsasən Yeltsinin vaxtında PKK düşərgələrinə göndərilib. Ded Xasanın bu alverdən milyonlarla pul qazandığı da deyilir.
Saytın yazdığına görə, PKK-ya silah satışı Putinin dönəmində də ara verməyib. “Ded Xasan” evli idi. Onun rəsmi nigahı yox idi. Amma Dulşa Avdoyeva adlı qadınla vətəndaş nikahındaydı. Onun Dulşadan bir qızı və bir oğlu qaldı: Nuna və Nodar. Nodar Moskvanını “Stoliçnıy” supermarketlər şəbəkəsinin sahibi dir. Nuna isə Dionis və Xair adlı şirkətlərə sahibdir. Onlar kriminaldan kənardırlar. Amma Usoyanın bacısı oğlanları Oko Xatoev, Tenqiz Mixoev, Temuri Mirzoyev isə dayıları kimi “Oğru”dur”.

Azad Akifoğlu