Cərimələri ödəməlimi, ödəməməlimi?

12 yanvar aksiyasında saxlananlara yüksək cərimələr kəsildiyini bilirsiniz. Rejimin belə yüksək cərimələri ilk dəfə “Əsgər ölümlərinə son!” şüarı ilə keçirilən mitinqin iştirakçılarına tətbiq etməsi isə çox simvolikdir: biz yüksək cərimələrə rəğmən o mitinqə çıxmağı göz önünə aldıq, “Artıq əsgər ölməsin, ordu morqa dönməsin!” deyə hayqırdıq.
Rejim isə bizi yüksək cərimələrlə cəzalandıraraq “əsgər ölsün, ordu morqa dönsün” demək istədi. Xislətinə uyğun olaraq.
***
Hər şey ötən ilin sonlarında başladı: Əliyevçi rejim qəfildən onsuz da işləməyən, kağız üzərində mövcud olan sərbəst toplaşmaq azadlığı haqqında qanuna mürtəce dəyişikliklər etdi, bir neçə günün içində təyinatlı parlament – “Gülər parlamenti” dəyişiklikləri təsdiqlədi, Ilham Əliyev isə dəyişiklikləri dərhal imzalamaqla əslində bu təşəbbüsün Prezident Administrasiyasının sifarişi olduğuna zərrəcə şübhə qoymadı.
Hələ o vaxt yazmışdıq, təkrar yazmaqda fayda var: yumurtanın qiymətini aşağı salmaqla məşhur olan bir zehniyyətin cərimələri yüksəltməsi çarəsizliyin məhsuludur. Baxdılar ki, insanların küçələrə çıxmasını zorla, zopa ilə əngəlləyə bilməyəcəklər, bizi ən zəif yerimizdən vurmaq istədilər:
Işsizliyimizdən.
Imkansızlığımızdan.
Pulsuzluğumuzdan.
Indi zaman rejimin bu niyyətini də ürəyində qoymaq zamanıdır. Onu öz mürtəce dəyişikliklərinə, “cərimə terroru”na peşman etmək zamanıdır…
Sağ olsun vicdanlı gənclik!
Artıq buna da start veriblər.
Cərimələri 5 qəpikliklər toplayıb ödəmək ideyası çox kreativdir. Başqa orijinal təkliflər də var.
Bir sözlə, gənc fəallar yüksək cərimələrlə onu meydanlardan, küçələrdən çəkindirmək istəyənlərə yeni bir dərs hazırlayır. Inanıram ki, onların kreativliyi sonunda öz sözünü deyəcək, yaptokratlar bu mürtəce dəyişikliyi qəbul etdikləri günə lənət oxuyacaqlar.
***
Bəzi dostlar isə cərimələri, ümumiyyətlə, ödəməməyi təklif edirlər, bunu “təslimçilik” kimi qələmə verirlər.
Razılaşmıram.
Ötən ilədək aksiyalarda saxlanılanlar 20-30 manat cərimələnirdi, cərimələr də ödənilirdi. Bəyəm bu təslimçilik havası yaratdımı? Axı məsələ məbləğdə deyil – məsələ ondadır ki, hər iki cəriməni heydərizmin sifarişli, ədalətsiz məhkəmələri kəsirdi, onda da bu cərimələr mürtəce qanunun tələbi idi, indi də. Onda niyə ödənilirdi, indi niyə ancaq ödəməmək yolu seçilməlidir?
Ödənilməlidir – amma baxır necə?
Bu, rejimin mürtəce, despotik mahiyyətinə diqqət çəkən bir prosesə çevriləcəksə, yaptokratiyanı yüksək cərimələr kəsdiyinə peşman edən kreativ təşəbbüslərlə müşayiət ediləcəksə, bunda pis nə var?
Biz bunu da rejimin yediyini-içdiyini burnundan gətirəcək bir prosesə çevirə bilərik, fəal gəncliyimizin buna yetəcək ağlı, zəkası olduğu çox açıqdır.
Yaptokratiya əli uzandığı yerdən boş qayıtmalıdır.
Atdığı hər daş qayıdıb özünə dəyməlidir.
Etdikləri, etməyə çalışdığı hər pisliyin peşmançılığını yaşamalıdırlar.
Heç nəyin, amma heç nəyin bizim Azərbaycanı çağdaş, modern, mədəni, demokratik dünya ölkəsinə çevirmək üçün göstərdiyimiz inadı, israrı qırmaq gücündə olmadığını görməli, bu həqiqətlə barışmalıdırlar.
Anlamalıdırlar: artıq divar qurtarır!
Artıq böyük peşmançılıqlar dövrü başlayır!
12 yanvar aksiyasının ardından
– Ilham Əliyevə ünvanlananda “Istefa” şüarını psevdo sayanların aksiyadakı jurnalistlərə Səfər Əbiyevi istefaya çağıran açıqlamalar verməsini qəribsədim.
– Bəstəkar Elmir Mirzoyevi gördüm. Bəstəkar Firidun Allahverdini gördüm. Rejissor Əli Isa Cabbarovu gördüm. Yeni nəsilin meydanlara həm də öz yaradıcı adamları ilə çıxmasına sevindim.
– Xuntanın polislərinin aşırı güc tətbiq etməkdən çəkindirən səbəblərdən birinin də “Istefa”, “Rədd ol” kimi kəskin siyasi şüarların səslənməməsi ilə bağlı olduğunu anladım.
O iftiraların cavabı
Bəziləri ötən ilin sonlarında “Parlament buraxılsın!” şüarı ilə keçirilən aksiyalarla 12 yanvar aksiyasını müqayisə edir, sonuncuya daha çox insanın qatılmasından, xuntanın isə daha az zorakılıq göstərməsindən yola çıxaraq çirkin nəticələr çıxarırlar.
12 yanvar aksiyasını ləkələməyə…
Azad, vicdanlı gəncliyin əməyinə, cəsarətinə kölgə salmağa çalışırlar.
Belələrinə veriləcək ağır cavabım olacaq. Amma sabahkı yazımda.
Hazır olsunlar!