“5 qəpik” ianə aksiyasına başlanıldı

Əsgər atası ölən əsgərlərin valideynlərinə çağırış etdi

Hakimiyyət hərbi xidmətdə ölənlərin sığortasını fəalların hesabına ödəmək istəyir?

Yanvarın 12-də əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiya zamanı  saxlanılanlara dəstək üçün Facebook sosial şəbəkəsində “5 qəpiklik” səhifəsi yaradılıb və ianə toplanışına başlanılıb. Təşkilatçılar təklif ediblər ki, hamıdan 5 qəpik yığıb məhkəməyə versinlər. Əgər Apellyasiya Məhkəməsi cərimələrlə bağlı qərarı ləğv etməsə,  toplanacaq pullar cərimələr üçün istifadə olunacaq. Əgər fəallar cəriməni ödəməkdən imtina etsələr və ya ödəməli olmasalar, toplanan vəsait şəhid olmuş əsgərlərin ailələrinə yardım kimi veriləcək.
Pullara nəzarət, şəffaflığın təmin olunması və qərarların verilməsi üçün fəal gənclərdən ibarət bir qrup formalaşdırılıb. Hələlik qrupda Emin Milli, Ruslan Əsəd, Bəxtiyar Hacıyev, Nərmin Rəhimli və Zaur Əkbər var. Qrupa əlavə şəxslər də cəlb ediləcək.
Kampaniyaya dəstək üçün: M.Muxtarov, 149 ünvanında (Nizami metrosu yaxınlığında) yerləşən Müsbət Dəyişikliklər Gənclər Hərəkatının ofisinə gələrək 1, 3, 5, 10, 20, 30, 50 manatla və ya 5 qəpiklərlə ianə verə bilərlər. Ən  çox 50 AZN dəstək verə bilər. Pullar cərimə kimi ödənilməli olsa, qəpiyə çevriləcək. Cərimə ödənməsə, manat kimi şəhid əsgər ailələrinə yardım kimi veriləcək. Ianələrin şəffaflığı üçün doldurulan formalardakı məlumatlar hər gün elan ediləcək.
Bank vasitəsilə kömək etmək üçün bu hesaba Mustafayev Tehran Telman oğlu – Bank Respublika Hesab (IBAN) AZ75BRES00381184000729625601 (SWIFT – BRESAZ22)   pul köçürülməsi mümkündür.
Məlumat üçün deyək ki, kəsilən cərimələrin toplam məbləği 10 min 500 manat təşkil edir. Bunu təsadüf saymayanlar var. Məsələ burasındadır ki, hərbi xidmətdə öləne əsgərlərin valideynlərinə sığorta pulu olaraq 11 min manat ödənilir. Belə mülahizələr var ki, hakimiyyət qəsdən “Əsgər ölümünə son” aksiyasında iştirak edənləri buna yaxın məbləğdə cərimələyib. Yəni, iqtidar sığorta pulunu fəlların hesabına ödəmək istəyir. Hər halda ictimaiyyətdə belə düşünənlərin sayı çoxluq təşkil edir.
Bu arad əsgər atası Abasət Əliyev qəzetimizə müraciət göndərib və bunu dərc etməyi xahiş edib. Abasət Əliyevin bu müraciəti ölən əsgərlərin valideynlərinə ünvanlanıb. Əsgər atası onlardan xahiş edir ki, “Əsgər ölümlərinə son” aksiyasında cərimələnən fəallara dəstək olsunlar: “Bu gənclər bizim övladlarımıza görə aksiyaya çıxmışdılar. Onlar bizim dərdimizə şərik oldular, bizə dəstək oldular. Ona görə də bizim də borcumuzdur ki, onlara dəstək olaq. Mən sizin hamınızı gənclərin cərimə ilə bağlı keçirdiyi ianə aksiyasına dəstək olmağa çağırıram”.
Abasət Əliyevin oğlu Məhəmməd Əliyev 2010-cu ildə hərbi xidmətdə dünyasını dəyişib. Məhəmməd Əliyev hərbi hissə rəhbərliyinin məsuliyyətsizliyi üzündən ölüb. Abasət Əliyevin iki ilə yaxındır ki, döymədiyi qapı qalmayıb. Lakin oğlunun təqsirkar olan şəxslər barədə tədbir görülməyib.
S.Novruz