Ramiz Mehdiyev istefa təklifini rədd edib

ramiz mehdiyevAdministrasiya rəhbərini “yola salmaq” cəhdi alınmayıb

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin video fırtınasından sonra Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə istefa vermək təklif olunub. Bu barədə qəzetimizə məlumat hakimiyyət daxilindən sızıb.
Məlumatda bildirilir ki, “mandat alveri”ndə Ramiz Mehdiyevin adı hallandığı üçün, digər tərəfdən Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanmasında PA rəhbərini suçladığı üçün onun istefası məqsədəuyğun sayılıb. Istefa təklifinin birinci şəxsdən, yoxsa Ramiz Mehdiyevə əks qruplaşma tərəfindən gəldiyi dəqiq bəlli deyil. Bəlli olan odur ki, PA rəhbəri qəti şəkildə təklifdən imtina edib. O, istefa vermək niyyətində olmadığını bildirib.
Məlumat üçün deyək ki, Elşad Abdullayevin videolardan sonra rəqibləri tərəfindən Ramiz Mehdiyevə hücumlar şiddətli xarakter alıb. PA rəhbərinə müavinlər təyin edilməklə onun nəzarətə götürülməsi, YAP-a nəzarət imkanlarının sarsıdılması bu hücumların tərkib hissəsi sayıla bilər. Bir məqamı da qeyd etmək yerinə düşər ki, videolardan sonra Ramiz Mehdiyevin istefa verdiyi barədə məlumatlar da yayılmışdı. Bu rəqiblərinin PA rəhbərinə mesajı kimi dəyərləndirilirdi. Yəni, rəqibləri Ramiz Mehdiyevə mesaj verir ki, onun üçün ən yaxşı çıxış yolu istefa verməsidir.
Lakin görünür, PA rəhbəri siyasi karyerasını “mandat alverçisi” kimi başa vurmaq niyyətində deyil.

Namiq