“Azaərbaycan saatı” TV proqramının müəllifi nazirliyi saxtakarlıqda ittiham etdi
Daxili İşlər Nazirliyi maraqlı bir açıqlama yayıb və bu açıqlama saxtakarlıqda saxtakarcasına ittihamdır. DİN bu açıqlamada bildirib ki, 10 dekabr İnsan Haqları günündə Bakıda ictimai-siyasi fəalların keçirdiyi aksiya zamanı polislərin nümayiş etdirdiyi əcnəbi dilli vəhşilik faktı olmayıb. Söhbət bir videogörüntüdə polis zabitinin kürd dilində əmr verməsi faktından gedir. Bu görüntülər ilk dəfə Azərbaycan Saatı televiziya proqramında yayıldığından proqramın müəllifi Qənimət Zahiddən bu məsələyə münasibət bildirməsini istədik. O, dedi:
“Mən DİN-in yaydığı bu açıqlamaya görə təəssüf hissi keçirmirəm. Azərbaycanın bütün dövlət orqanları saxtakarlığın içindədirlər. DİN öz açıqlamasında bildirib ki, guya həmin aksiyanı dağıdan zaman polis zabiti kürd dilində və ya hansısa başqa əcnəbi dildə əmr verməyib. Fakt kimi son aksiyada bayrağı yerdən qaldırıb səliqə ilə qatlayan və bağrına basan pols əməkdaşının mövcudluğuna eyham edir. Necə deyərlər, “bığın baramaya nə dəxli var?”. Fakt budur ki, dekabrın 10-dakı aksiya dağıdılan zaman zorakılığı idarə edən polis zabiti kürd dilində əmr verir. Bunu montaj etmək və ya DİN-in vərdiş etdiyi saxtakarlıq əməliyyatlarına məruz qoymaq isə “Azərbaycan saatı”nın imkanları xaricindədir. Hətta olsa belə, fakt budur ki, həmin videogörüntülər 10 dekabr aksiyasından dərhal sonra “Youtube” vasitəsilə yayılıb. Bu qədər qısa zamanda belə bir mürəkkəb videogörüntü üzərində inandırıcı montaj əməliyyatları aparmaq isə hətta DİN-in özünün belə mürəkkəb saxtakarlıq vərdişləri və yüksək texnoloji imkanları daxilində də mümkün deyil. DİN-in bu iddiasına cavab olaraq “Youtube”da həmin gün, yəni 10 dekabr 2012-ci il tarixində yayılmış görüntünün linkini də əlavə edirəm ki, daha bu məsələ ilə bağlı DİN-dəki “zabitlər” əziyyət çəkməsinlər. (http://www.youtube.com/watch?v=ZrkyuJqgR4s&;feature=youtu.be)
Bundan əlavə, yaxşı olardı ki, DİN kürd dilində əmr verən həmin zabiti özünün şübhəli dəhlizlərində gizlətməsin, onun kimliyini ictimaiyyətə təqdim etsin. Biz bu adamın kürd və ya hansısa başqa millətdən ola biləcəyinə görə heç bir irad tutmuruq ki… Sadəcə olaraq, fakta münasibətimizi bildiririk. İnsan həddən artıq əsəbiləşəndə, gərginlik yaşayanda öz dilində isterik ifadələr səsləndirə bilər və burada qəbahətli bir şey yoxdur. DİN-in bir ay sonra düşünüb tapdığl bu yarımçıq reaksiya qüsurlu və şübhəlidir.
DİN rəhbərliyi və mətbuat xidməti özü bir yana, bizim həmkarlarımızı da aldada bilib və bu saxta təkzibi mənim sayğı duyduğum iki portalda, “Yeni Müsavat”ın saytında və “Qafqazinfo.az”da yerləşdirə bilib”.
3.36-cı dəqiqəyə baxın