Şənbə-bazar gizlinləri

Biz ötən bazar günü Azərbaycanı quldur zehniyyətin idarə etdiyini növəti dəfə gördük. Isa Qəmbər və yanındakılara Lənkərandakı çirkin hücum Əliyevçi rejimin mahiyyəti ilə bağlıdır, bu hadisə ölkənin mafioz gücün girovluğunda olduğunun isbatıdır.
Hakimiyyət Dubinka və Işgəncə Nazirliyinin – DIN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun ağzı ilə etiraf etdi ki, hücumu “şəhid və imkansız ailələrin” ayağına yazmaqla deyil, bu cinayət əslində rejim tərəfindən yuxarı səviyyədə sifariş verilib. Sitat: “Söhbət Müsavat başqanı Isa Qəmbərin çağırılmamış qonaq qismində, Lənkəran rayonuna xəlvəti səfərindən gedir”.
Bunlardakı ağlı, dünyagörüşü görürsünüzmü? “Çağırılmamış qonaq”, “xəlvəti səfər”-filan nə deməkdir? Belə çıxır ki, Isa Qəmbər və ya qeyrisi ölkə sərhədləri içində hərəkət etmək üçün kimdənsə icazə almalıdır. Icazə yoxdursa, deməli, heç kimin mal və can güvənliyi də yoxdur, hər an başınıza hər şey gələ-gətirilə bilər. Bəs harda qaldı sizin sabitlik nağıllarınız?
Əslində isə söhbət heç hansısa icazədən-zaddan da getmir. Mən bazar günü baş verənləri bir öncəki gün rejimin aldığı dəhşətli travma ilə izah edərdim. Bəli, yanvarın 12-də Bakıda əsgər ölümlərinə etiraz olaraq, gənclərin təşkil etdiyi möhtəşəm aksiya yaptokratiyanı çox sarsıdıb.
12 yanvar aksiyası Əliyevlərin 20 ilə qədərdir davam edən siyasi-mənəvi-fiziki terrorunun toplumun müqavimətini tamamən qırmadığını göstərdi. Sübut etdi ki, bu ölkə irticaya heç vaxt təslim olmayacaq.
Sübut olundu ki, Azərbaycanda bu mafiya sistemi ilə mübarizə qırılmaz bir ənənəyə çevrilir, nəsillər dəyişir, amma dəyişməz qalan bir şeydir: ölkədə hüquqi, demokratik dövlətin qurulması zərurətinin, azadlıqların, ədalətin bərqərar olması ehtiyacının vazkeçilməz olduğu!
Satqınların, dönüklərin pisliyi özünə qaldı – onlar merkantil maraqları üzündən səf dəyişdirməklə ümumi işə zərbə vura, müqavimət hərəkatımızı zəiflədə biləcəklərini düşünürdülər. Amma buyurun: arxadan ağlı, qəlbi, ruhu ilə rejimin xanimanını alt-üst edəcəyinə heç bir şübhə olmayan bir gənclik gəlir. Gəlir! – həm də hər mənada!
Gənclərin çağırışına minlərlə sadə vətəndaşın səs verməsi isə artıq xalq içində də bir ayaqlanmadan, buzların sınmağa, qorxuların dəf edilməyə başladığından xəbər verdi.
“Travma” deyərkən bütün bunları nəzərdə tuturdum. O qədər pul-para tök, o qədər həbslər, döyülmələr, qətllər, sürgünlər həyata keçir, amma mübarizə davam etsin, dirəniş, müqavimət davam etsin, özü də get-gedə daha da güclənərək, daha da çox adamı birləşdirərək! Ağır dərddir. Necə deyərlər, “dözüməz xaldır”. Artıq “dərxal xəbs edin!” deməyin də mənası qalmayıb. Qorxutmaq işə yaramır.
Şənə günkü travma bazar günkü cinayətə təkan verdi. Mən demirəm, 12 yanvar aksiyası olmasa, 13 yanvarda Isa Qəmbəri yerli ağalar, kəndxudalar Lənkəranda gül-çiçəklə qarşılayacaq, ayaqları altında qurbanlar kəsəcəkdilər. Yox, əsla! Amma başqana və yanındakılara qarşı aşırı qəzəb, hiddət də o qədər olmayacaqdı.
Azərbaycan toplumunun illərdir davam edən işgəncələrdən, basqılardan, təhdidlərdən, terrorlardan sağlam çıxdığını, ayaqda olduğunu görmək yaptokratiyanı sarsıdıb, toplumun bu ölkəni bir ovuc adamın bitib-tükənməyən sərvət, hakimiyyət ehtiraslarına təslim etməyəcəyini nümayiş etdirməsi Əliyevlər rejiminin özünü mənəvi cəhətdən məğlub hiss etməsinə yol açıb. Şənbənin ardınca bazar nifrinin, qəzəbinin sirrini bir az da bunda axtarmaq lazımdır.
Bəlkə bu son çırpınışlar deyil, amma gözlənilən, yaxınlaşan SONun çırpınışlarıdır. Isa Qəmbərə qarşı baş verənlər birinci deyil, sonuncu da olmayacaq, hətta bundan da şərəfsiz hərəkətlərin şahidi ola bilərik. Amma heç birində geri çəkilmək, ruhdan düşmək haqqında düşünməməliyik.
Illərin sınağından çıxmış bu həqiqətin gücünə inanmalıyıq:
Qorxudurlarsa, deməli, qorxurlar!!