Bakıda başlayan (1988 19 fevral), sonra bölgələrə yayılan ilk mitinqdən başda duranlardan olmuşam. Çoxsaylı-azsaylı, enerjili-enerjisiz, demək olar, hamısı yadımdadır. Məncə, onlardan ən güclüsü 88-ci il noyabrın 22-si mitinqi idi. O gün sovet-rus ordusunun Meydanı (onda Lenin meydanı) alacağı ilə bağlı soraqlar yayılmışdı. Bu soraqların yayılması ilə xalqın Meydana axını daha da artmış, “Hamı Meydana!” çağırışı öz-özünə bütün xalqın könül çağırışına çevrilmişdi. Indiki kimi yadımdadır: gecə saat bir olardi, bütünlüklə dolmuş Meydanda qadınlı-kişili hamı yumruğunu göyə qaldıraraq dayanmadan “Azadlıq!” hayqırırdı. Meydan gözəl işıqlandırılmışdı. Görüyümüz nə idi? Kəsilmək bilməyən “Azadlıq!” hayqırtıları içində başlar üzərinə qaldırılan yumruqların simfoniyası! O gün, o gecə gördüyüm unudulmaz Tanrısal GÖZƏLLIYI mən indi sizə yalnız bu cür çatdıra bilərəm – məni bağışlayın, bundan artığına gücüm çatmır!
Indinin özündə, bu yazını yaza-yaza gözlərimin önünə gələn, indinin özündə də məndə ayrıca coşqu, ruh yüksəkliyi yaradan o Meydan gecəsi! Mənə elə gəlir, daha çox o gecəyə görə sonralar bizə ILIN XALQI adı verildi. O gecə kəsilmək bilməyən “Azadlıq!” hayqırtıları, başlar üzərinə qaldırılan yumruqlarla Yerdən Göyə necə ENERJI yüksəlirdi!- mən onu görürdüm. O gecə Meydanı ayrıca bir ELEKTRIK bürümüşdü – bu, insanın sonsuz AZADLIQ-ÖZGÜRLÜK istəyindən yaranan ELEKTRIK idi. O gecə hamı böyük BIRLIKDƏN yaranan böyük sevinc içində idi. Yanımda duran bir adam sevinə-sevinə: “Bu gün bu Meydanda 1 milyondan artıq adam var!” – ded. Qonuşmadan onun Hökumət evində işlədiyi bəlli oldu. Göstərdiyi sayı doğrulamaq üçün o bildirdi: “Biz adam sayını Meydanın kvadrat metrilə öyrənirik”.
Meydanda adamların sayı… sözsüz, bu hansısa istəyə, amaca çatmaq üçün olduqca önəmli faktordur. Meydanda say çoxluğu istər-istəməz çoxluğun gücü deməkdir. Ancaq bu, kəsinliklə bütöv, üstün güc görsənişi demək deyil; ortada başqa bir görsəniş də olmalıdır: adamları birləşdirən, bir-birinə daha çox bağlayan, birliyə üstün güc qazandıran ENERJI-ELEKTRIK! Gənclərin “Əsgər ölümünə son!” çağırışı ilə keçirdikləri 2013-cü ilin 12 yanvar aksiyası özünün belə bir özəlliyi ilə yuxarıda sözügedən 22 noyabr aksiyasından sonrakı bütün aksiyaları üstələdi! Burada say 88-in 22 noyabr aksiyasındakından qat-qat az idi, ancaq ENERJI-ELEKTRIK o idi! Başlıcası budur. Say artımı birdən-birə olmur, yavaş-yavaş olur. Başlıcası, gəncliyin – aksiyaçıların canındakı ENERJI – ELEKTRIKdir. 12 yanvar bunun varlığını göstərdi. Bu varsa, uğur da olacaq. Ancaq… feysbukda yazdığımı burda da yazmaq gərəyi yaranır: Azərbaycan Gəncliyi! Qalxdın, sözünü dedin – inamla dedin! Indi sənə daha yaxşı qurulmaq, daha yaxşı koordinasiya olunmaq qalır. Başqa cür desək, illərdən bəri bütün ölkə boyu toplanmış bir enerjini soyuq başla, dərin düşüncəylə gərəkən STRATEJI axara yönəltmək qalır. Bunu bacarsan, çox keçməyəcək bu ölkənini yiyəsi sən olacaqsan, Çağdaş Azərbaycan Gəncliyi!
12 yanvar uğuru səndə eyforiya yaratmamalı, ən azı, polislərə kürd dilində buyruq verilməsi faktına görə hansı bir hakimiyətlə üz-üzə gəldiyini bilməlisən. Bir sıra partiyalar, partiya başçıları təki yersiz güc göstərməyə, “biz hamıdan güclüyük” kimi gərəksiz görsənişlərə baş vurmamalı, Böyük, Bütöv, Özgür, Demokratik Azərbaycana aparan yolun yalnız Böyük Birlikdən keçdiyini biryolluq bilməlisən! Sən siyasi hakimiyət uğrunda savaşdan, Milli Azərbaycan uğrunda savaşı üstün tutmalı, birinci sənin taktiki, ikinci strateji PROQRAMINI oluşdurmalıdır! Unutma: birincidə istər-istəməz ayrılmalar, bölünmələr var; ikinci kəsinliklə birləşdirən, bütövləşdirən faktordur. Birinci strategiyaya çevriləndə ikinci əlçatmaz, ünyetməz olur. Ikinciyə strateji, birinciyə taktiki PROQRAM olaraq yanaşılması hər ikisinin gerçəkləşdirilməsini asanlaşdırır.

Gəncliyin gücü
•