Hüseyn Özgürgün: “Azərbaycandan Kiprdə 1000-nə yaxın tələbə oxuyur, bu Azərbaycan üçün də yaxşı olardı”
Şimali Kipr Türk Cümhuriyətinin Xarici İşlər naziri Hüseyn Özgürgün Moderator.az-a eksklüziv açıqlama verib. Saytımıza açıqlamasında Hüseyn Özgürgün Azərbaycanla ölkələri arasındakı münasibətlərə toxunub. XİN rəhbəri Azərbaycan və Kipr xalqının qardaşlıq münasibətlərində olduğunu, bu yaxınlığın iki rəsmi dövlət arasında da olmasını arzuladığını deyib: “Bizim xalqlarımız qardaş xalqlardır. İnanıram ki, Azərbaycan Şimali Kipr arasında ciddi münasibətlər olacaq. Bizim Azərbaycanda nümayəndəliyimiz fəaliyyət göstərir. Biz bilirik ki, bizim oradakı diplomatik nümayəndəliyimizə xoş və ciddi münasibət var. Amma arzu edərdim ki, Azərbaycan da Kiprdə nümayəndəlik açsın”. Hüseyn Ozgürgün bildirib ki, bununla bağlı danışıqlar getsə də hələlik müsbət nəticə yoxdur: “Azərbaycandan Kiprdə 1000-nə yaxın tələbə oxuyur. Bu Azərbaycan üçün də yaxşı olardı. Biz həmçinin, arzu edirik ki, iki ölkə arasında təyyarə reysi də aşılsın. Həmin tələbələrin, vətəndaşlarımızın bir-birinə rahat gedib-gəlməsi üçün bu lazımdır”.
Kipr və Dağlıq Qarabag probleminə də toxunan XİN rəhbəri bu problemlərin fərqli olduğunu deyib: “Bu problemləri eyniləşdirib, Azərbaycana təzyiq etmək düzgün deyil. Azərbaycan ərazisi işğal olunub. Ortada bir işğal faktı var. Qarabag ərazisi ermənilər tərəfindən işğal edilib. Amma biz burada oz torpağımızda dövlətimizi qurmuşuq”.