e abdullayev-yeni-fr2

Elşad Abdullayevi Zakir Qaralovla nə birləşdirir?

e abdullayev-yeni-fr2Sabiq rektor niyə Gülər Əhmədovanın həbsini tələb edir?

Keçmiş deputat Gülər Əhmədovanın son günlər mətbuata müsahibələrində səsləndirdiyi fikirlər Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevi hiddətləndirib. Hazırda Fransada mühacirətdə olan sabiq rektor bununla əlaqədar baş prokuror Zakir Qaralova müraciət edib. Ərizənin surətini “Azadlıq” qəzetinin redaksiyasına göndərən Elşad Abdullayevin yazdıqlarından belə məlum olur ki, o, baş prokuror Zakir Qaralovla tələbə yoldaşı olub. “Yəqin, sizinlə bir yerdə oxumağımız yadınızdan çıxmayıb…”, – deyə keçmiş rektor baş prokurora müraciətində yazır.
Elşad Abdullayevin məktubunda üç əsas tələb irəli sürülüb: Gülər Əhmədovanın ittiham olunduğu cinayət işi üzrə zərərçəkmiş qismində tanınmaq, keçmiş deputatın həbsi və bu işin istintaqının da Mahir Abdullayevin oğurlanmasıyla əlaqədar yaradılmış Müstəqil Istintaq Komissiyasına həvalə olunması.
Beləliklə, ABU-nun rektoru baş prokurora ünvanladığı məktubda yazır:

Sevinc Babayevanın ölümü prokurorluğun laqeydliyinin nəticəsidir

“Gülər Əhmədovanın kütləvi informasiya vasitələrində yayılmış müsahibələrini oxuduqdan sonra yenidən Sizə müraciət etməyə məcbur oldum. Bildiyiniz kimi, mənim Gülər Əhmədova barəsində çoxsaylı şikayətlərimdən sonra nəhayət ki, prezident Ilham Əliyevin göstərişinə əsasən, fakta görə cinayət işi başlandı. Lakin nədənsə, bu cinayət işi indiyə qədər elə prezidentin göstərişilə yaradılmış Müstəqil Istintaq Komissiyasının icraatında olan işə birləşdirilməyib və istintaqın aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb. Həmin prokurorluğun bu işə laqeyd münasibətinin nəticəsidir ki, hadisənin əsas iştirakçılarından biri və əsas şahidi olan Babayeva Sevinc Telman qızı müəmmalı şəraitdə Türkiyədə dünyasını dəyişdi.

Gülərlə Nigarın fərqi…

Gülər Əhmədova isə özünün də etiraf etdiyi kimi, Gürcüstana qaçmaq istəyərkən sərhəddə saxlanıldıqdan sonra ona Cinayət Məcəlləsinin 178.3-cü maddəsilə ağırlaşdırıcı hallarda dələduzluq etməyə görə ittiham elan edilmiş, barəsində polis nəzarətinə verilmə növündə qətimkan tədbiri seçilmişdi. Bildiyiniz kimi, bu, ağır cinayət olmaqla, sanksiyası 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Gülər Əhmədovaya qarşı bu cür “humanistliyin” nəyə söykəndiyini mən gözəl başa düşürəm. Bu, onun himayədarlarının güclü olması və rəhbərlik etdiyiniz prokurorluğun onların qarşısındakı acizliyinin nəticəsidir. Çox uzağa getmək lazım deyil, elə bu yaxınlarda Nigar Yaqublu ilə bağlı məsələdə prokurorluğun tutduğu “prinsipial” mövqeyi göstərdi ki, Sizə göstəriş olanda humanistlik yaddan çıxır, ağına-bozuna, başlıcası isə, qanunlara baxmadan kimi desələr, həbs edə bilərsiniz.
Hesab edirəm ki, məhz Sizin “humanistliyinizdən” ruhlanan Gülər Əhmədova qol-qanad açıb mənim üstümə şığıyır, hətta məni təhqir edir.

İndiyə qədər Gülər Əhmədovanın həbsini istəmirdim…

Cənab prokuror!
Yəqin, sizinlə birlikdə oxumağımız və hüquqşünas olmağım yadınızdan çıxmayıb. Mən Gülər Əhmədovadan fərqli olaraq, onun indiki statusunu, yəni, iş üzrə təqsirləndirilən şəxs olmağın nə demək olduğunu gözəl başa düşürəm. Ona da məsləhət görərdim ki, boş-boş danışmaqdansa, özünə ağıllı vəkillər tutub onlardan bu barədə məsləhət alsın. Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı adam təqsirləndirilən şəxs kimi tanınır. Həmin Məcəllənin 223-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb olunmaq üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Bu o deməkdir ki, prokurorluqda Gülər Əhmədovaya ittiham elan etmək üçün kifayət qədər sübut var və bu təkcə mənim göndərdiyim video deyil. Eyni zamanda, bu o deməkdir ki, prokurorluq Gülər Əhmədovanın mənə məxsus olan pulu dələduzluq yolu ilə ələ keçirdiyini sübut edib. Belə olan halda, prokurorluq bu işdə məni zərərçəkmiş şəxs kimi tanımalıdır. Lakin bu haqda bundan əvvəl də şəxsən Sizə yazılı müraciət etməyimə baxmayaraq, indiyə qədər zərərçəkmiş şəxs kimi tanınmamışam. Bu da mənim hüquqlarımın kobud pozuntusudur. Mən hüquqi cəhətdən tanınmasam da, bu işdə faktiki zərərçəkmiş şəxs kimi, indiyə qədər Gülər Əhmədovanın həbs olunmasını istəmirdim. Çünki başa düşürəm ki, o, bu işdə əsas fiqur deyil, o da kiminsə əlində alət olub.
Lakin indi, zərərçəkmiş şəxs kimi, onun barəsində həbs-qətimkan tədbiri seçilməsini tələb edirəm. Bunun da bir neçə səbəbi var. Səbəblərdən biri Gülər Əhmədovanın da Sevinc Babayeva kimi aradan götürülməsinin qarşısını almaqdır. Çünki bu gün Gülər Əhmədovanın həyatı üçün ən təhlükəsiz yer istintaq təcridxanasıdır. Digər səbəblər isə onun mənə vurduğu maddi ziyanı indiyə qədər ödəməməsi, yəni, pulumu qaytarmaması, istintaqda səmimi olmaması, yalan ifadələr verməsi, istintaqdan yayınmağa cəhd göstərməsi və nəhayət, barəmdə səsləndirdiyi təhqiramiz ifadələrdir.
Ərizəmin prokurorluq orqanlarında qanuni həllini tapacağına ümid edərək, hələ ki, prezidentə müraciət etmirəm. Yuxarıda yazdıqlarıma əsasən, Sizdən xahiş edirəm ki, Gülər Əhmədovanın barəsində olan cinayət işi üzrə mənim zərərçəkmiş şəxs kimi tanınmağım, bu cinayət işi üzrə istintaqın da Müstəqil Istintaq Komissiyasına tapşırılması və Gülər Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilməsi haqda göstəriş verəsiniz”.

Elşad Abdullayev Gülər Əhmədova ilə bağlı işin istintaqında iştirak etmir…

Bu arada, Elşad Abdullayevin vəkili Adil Ismayılov “modern.az”a açıqlamasında sabiq rektorun Gülər Əhmədovanın ittiham olunduğu iş üzrə şahid qismində dindirilmək üçün məcburi Azərbaycana gətirilməsi haqda söz-söhbətə münasibət bildirib. Vəkil bildirib ki, Elşad Abdullayevin şahid qismində Azərbaycana gətirilməsi mümkün deyil.
“Onun Azərbaycana şahid qismində gətirilməsindən söhbət gedə bilməz. Amma Elşad Abdullayev mənə deyib ki, özü Azərbaycana gəlmək istəyir”, – deyə vəkil bildirib.
Adil Ismayılov onu da qeyd edib ki, bəziləriÿcinayət işinin harada aparılması ilə bağlı ünvanı səhv salırlar: “Gülər Əhmədovanın cinayət işini Bakı şəhər prokurorluğu, Mahir Abdullayevin itkin düşməsilə bağlı cinayət işinin istintaqını isə Respublika Prokurorluğunun müstəqil istintaq komissiyası deyilən qurum aparır. Qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Elşad Abdullayev zərərçəkən şəxs kimi tanınıb. Gülər Əhmədovanın cinayət işi ilə bağlı isə Elşad Abdullayev zərərçəkən şəxs kimi tanınmayıb.ÿOdur ki, o, bu istintaqda iştirak etmir. O, Gülər Əhmədova barəsində açılmış cinayət işində zərərçəkən şəxs kimi tanınması üçün baş prokuror Zakir Qaralova müraciət edib”.