Bu yazını əsgər ölümlərinə etiraz aksiyasına getməmişdən əvvəl yazıram. Aksiyadan sonra yazıb yetişdirə bilmərəm deyə. Bilmək olmaz – bunun polis bölməsinə düşmək, məhkəmə qarşısına çıxarılmaq ehtimalı var.
Aksiyadan əvvəl yazdığım üçün də onunla bağlı təəssüratlarımı buradan sizərlə bölüşmək imkansızdır, təbii…
Inanıram ki, Amma bunu bəri başdan əminliklə söyləyə bilərəm:
aksiyaya bir nəfər də gəlsə, on nəfər də gəlsə, yüz nəfər də gəlsə, artıq o məqsədinə çatmışdır – bir əsgərin, bir gəncin qanının batırılmasına izn verilməmişdir.
O aksiya elan edilməsə, ilk gündən o əsgər qətlinə toplumun vicdanlı kəsimi təpkisini ortaya qoymasa, Ceyhunun ölümü çoxdan “ürək çatışmazlığı” diaqnozu ilə rəsmiləşmişdi.
Nə buna görə bir zabitə “qaşın üstə qara var” deyilmişdi…
Nə də yap deputatları bir-birinin dalına düzülüb onun yasına getmişdi.
Nə hakimiyyət adamları Ceyhunun doğmalarının “acısını bölüşmək üçün” ailəsinin qapısını yağır eləmişdi…
Nə də bizdə təpki ortaya qoyulunca, rejim yandaşlarından gələn şantaj və böhtanları vecə almadan hadisənin üstünə gedincə məqsədə çatmağın mümkünlüyünə dair yeni bir ümid doğmuşdu.
Qısası: dünənki aksiya keçirilmədən belə, artıq öz hədəfinə çatmışdı.
Demək ki, nə imiş?
Çox istəyəndə, çox dirəşəndə, geri bir addım atmayanda, prinsiplər prinsipiallıqla çulğaşanda istənilən olurmuş!
Bir yanlışı düzəltmək
Vəhşicə öldürülən əsgərin anasının, əvvəlcə yapçı deputatların hüzrə, ardınca da ananın özünün baş prokurorla görüşə getməsindən sonra üslub dəyişdirməsindən məyus olanlar var.
“Əgər öldürülən əsgər yaxınları bu şəkildə susdurulmağa razı olacaqsa, biz ordudakı qətliamları necə durduracağıq?” deyilir.
“Bu xalq düzəlməz” deyilir.
“Susmağa, susdurulmağa bu qədər razı, hazır bir toplum uğruna ədalət, azadlıq, hüquq savaşı verməyə dəyməz” deyilir.
O deyilənlərin heç birinə zərrəcə qatılmıram.
Kökündən yanlış sayır və düzəltməyə ehtiyac hiss edirəm.
Uzağa getməyək. Naxçıvan MTN-də öldürülən Turac Zeynalovun həyat yoldaşını susdurmaq üçün necə kirli oyunlar qurulduğu barədə həmin oyunların iştirakçısı olan şəxsin təzəlikcə “Azadlıq”dakı tükürpədici etiraflarını xatırlatmaq istəyirəm.
Uzağa getməli olsaq – illərdir bu rejimin pul, mandat qarşılığında sınmaz sandığımız necə mübarizə adamlarını sındırdığını, susdurduğunu, dönməz hesab etdiyimiz necə adamları satın aldığını yada salmaq istəyirəm.
Bu rejim bütün insani hisslərdən məhrumdur, bütün ali duyğulardan yoxsuldur, bütün əxlaqi dəyərlərdən kasaddır.
Ondan vətəndaşına qarşı hər cür, ən ağılalmaz pisliyi gözləmək mümkündür.
Onun vətəndaşını susdurmaq üçün, tabe etdirmək üçün əl atmayacağı çirkinlik yoxdur.
Odur ki, məyus olmayaq, qarşı olduğumuz rejimi yaxşı tanıyaq!
Hər şeyə rəğmən bu ölkəyə və onun insanlarına sahiblənməyə davam edək. Anlayaq, yaddaşımızın bir yerinə yazaq ki, biz həm də bu ölkənin susmaq, susdurulmaq üçün insanların mənəvi terror edilmədiyi…
Insanların sonunadək haqlarını istədiyi və sonunda o haqları ala bildiyi…
Etiraza qalxdıqda buna görə canına və malına heç bir zərər gəlməyəcəyinə inandığı bir ölkə olması üçün mübarizə aparırıq.
Unutmayaq ki, bizim mübarizəmizə həm də bu toplumun itirilməyə, yox edilməyə çalışılan qürurunu geri qaytarmaq daxildir!
Önəmli bir not:
Bunu da yazım, durub gedim aksiyaya:
Faceook-da rejimə münasibəti aydın və dürüst olan, amma zaman-zaman da mübarizəmizin keçmişinə, bu gününə və gələcəyinə baxışları fərqli olan, o üzdən də tez-tez bir-birinin üstünə düşən, bir-biri ilə çəp gələn, bir-birinə söz yaraları vuran xeyli virtual dostum var.
Gəl gör ki, əsgər qətli ilə bağlı, bu vəhşicə qətlə etirazın önəmi və yolu ilə bağlı hamısında bir üslub oxşarlığı…
Bir baxış ortaqlığı gördüm.
Və buna əmin oldum:
Inanın ki, bizi birləşdirən dərdlər ayrışdıran nöqtələrdən qat-qat çoxdur, sevgili dostlar!
Elə isə doğru zamanda doğru yerdə birləşmək varkən?
Yanlış zamanda yanlış yerdə ayrışmağa, çəpləşməyə nə ehtiyac var ki?!

Adi, amma ali bir həqiqət
•
•