Tanınmış vəkillərdən əsgər ölümünə sərt reaksiya

Aslan İsmayılov: «Problem tək orduda deyil, bütövlükdə idarəetmə sistemindədir»

Qurban Məmmədov: «Xalqın səsinə qulaq asın, əks təqdirdə Misir Azərbaycanın yanında yalan ola bilər»

18 yaşlı əsgər Ceyhun Qubadovun tükürpədən ölümünə cəmiyyət ciddi təpki nümayiş etdirdi. Baş verən hadisəyə qısa müddət ərzində ictiaiyyət təmsilçiləri sərt reaksiyalarını verdilər. Məsələ ilə bağlı suallarımızı tanınmış vəkillər Aslan Ismayılov və Qurban Məmmədova ünvanladıq.

– Cəmiyyətin bu cür reaksiyasını nə dərəcədə gözlənilən saymaq olar?

A.Ismayılov:
– Son hadisəyə reaksiya göstərdi ki, son iyirmi il ərzində Azərbaycan ictimaiyyəti təpki göstərməyi bacardı. Baş verən olayda daha diqqət çəkən bir məqam hadisənin sosial şəbəkələrdə ictimailəşdirilməsi oldu. Cəmiyyət bununla hər şeyin artıq dövlət telekanallarından asılı olmadığını anladı. Ona görə baş verənləri nəzərə alaraq mən vətəndaşlardan xahiş edərdim ki, üzləşdikləri və şahidi olduqları qanunsuzluqları ictimailləşdirməkdən çəkinməsinlər.

Q.Məmmədov:
– “Azadlıq” qəzetində gedən bu faciəvi məlumata 180 min insanın baxması və reaksiya bildirməsi olduqca müsbət haldır. Cəmiyyətin etməli olduğu hərəkətdir. Nəhayət, ictimaiyyət başa düşdü ki, onun atmalı olduğu addımlar nədir. Dövlətin də baş verənlərə reaksiyası, Zakir Qaralovun əsgərin anasına zəngi, onu qəbul etməsi, deputatların yas yerinə baş çəkməsi müsbət dəyərləndirilməlidir. Qətiyyən heç kimin bu məsələdən siyasi məqsədlə istifadə etmək fikri yoxdur. Mən də bu məsələni araşdırıb, ortaya çıxaranda məqsədim o idi ki, ictimaiyyətin diqqətini baş verənlərə yönəldərək, hakimiyyət orqanlarını vəzifələrin icra etməyə məcbur etsinlər. Nəticə göz qabağındadır, cinayət işi qaldırılıb, iş gedir. Amma yenə də fikrimcə, burada kimlərisə məsuliyyətdən gizlətməyə çalışırlar. Mətbuatda belə məlumat getdi ki, Cinayət Məcəlləsinin 142-ci maddəsiylə iş qalıdırılıb. Bu maddənin adı qulluğa məsuliyyətsiz yanaşmadır. Sübut etməyə çalışırlar ki, guya əsgər dağdan aşıb və dünyasını dəyişib. Mən və başqa hüquqşünas dostlarımız əsgərin üzündəki yaralara baxanda görürük ki, o, fiziki cəhətdən döyülüb və işgəncə verilib. Dağdan yıxılan adamın qolu, qabırğaları sınır. Burada belə şey yoxdur. Amma bütün bunlara baxmayaraq ictimaiyyət çox sərt reaksiya verdi və hakimiyyət orqanları da dərk etdilər ki, xalqın səsinə qulaq asmaq lazımdır. Əks təqdirdə vəziyyət pisləşə və Misir, Suriya Azərbaycanın yanında yalan ola bilər. Bu əsgər ölümü övladları əsgərlikdə olan yüz minlərlə valideynin narahatlığına səbəb olub. Heç kəs öz övladından arxayın deyil. Şəxsən mənim oğlum Tovuzda xidmət edib. Il yarım erməni ilə üz-üzə duraraq xidmət çəkib. Azərbaycanda varlı adamların, məmurların övladları əsgərliyə getmir. Nəticədə vətənin müdafiəsi kasıbların üzərində qalır. Bu hökumətdən böyük şey tələb etmirik, əsgərin haqlarının qorunmasını istəyirik.

Zabitlərə qayğı artırılmalıdır

– Bu hadisə ilə bağlı iki zabit həbs olundu, korpus komandiri isə töhmət aldı. Bu cür addımlarla ordudakı neqativ durumların qarşısını almaq olarmı?

A.Ismayılov:
– Əlbəttə, xeyr. Ayrı-ayrı lokal şəkildə kimisi cəzalandırmaqla, vəzifəsindən aşağı endirməklə bir şeyə nail olmaq olmaz. Daşkəsəndə bir müddət əvvəl altı nəfəri avtomatla güllələmişdilər. O zaman da korpus komandiri vəzifəsindən azad olundu, bəzi zabitlər tutuldu. Amma nəticə dəyişmədi. Bu isə o deməkdir ki, bütövlükdə ordudakı sistem, yanaşma dəyişməlidir. Azərbaycanda hamı qanuna tabe olmalıdır, azad, ədalətli seçkilər keçirilməli, ədalətli məhkəmə sistemi qurulmalıdır. Bütün bunlar olmasa, hərbi hissənin bütün heyətini həbs etsən də nəticəsi olmayacaq.

Q.Məmmədov:
– Baş verən hadisəyə görə Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun həyata keçirdiyi tədbirlər qanuna uyğundur. Lakin bununla kifayətlənmək olmaz. Gələcəkdə də bu tip cinayətlərin qarşısını almaq, əsassız yerə əsgər ölümlərinin sayını azaltmaq üçün könüllü islahatlar aparılmalıdır. Əvvəla onu qeyd edim ki, Azərbaycanda orduda xidmət edən zabitlərin məişət səviyyəsi olduqca acınacaqlıdır. Zabitlərin yaşayış problemi var. Onların əksəriyyəti ailələrindən kənarda yaşayır. Bu isə bir müddət sonra əsəbilik, aqressiya yaradır. Yəni zabitlərin həyat tərzini qaydaya salmaq lazımdır. Digər tərəfdən, zabitlərin əmək haqları elə səviyyədə olmalıdır ki, onlar əsgərlərin əlinə baxmasınlar. Kazarmalar təmir edilməlidir. Əsgərlərin də durumu yaxşılaşdırılmalıdır. Baş verənlərin əsgərin döyülərək öldürüldüyü ortadadır. Ona görə elə cəza tətbiq olunmalıdır ki, başqalarına da dərs olsun. Ordunun büdcəsini nə qədər artırsaq da biz orduda əsgərə hörməti qaldıra bilməsək, erməni qarşısında duruş gətirə bilmərik. Ordunun gücü nə topunda, nə tüfəngindədir. Ordunun gücü onun mənəviyyatındadır. Müharibə başlasa, ermənilər Bakıya girə bilər, çünki rüşvətxorların idarə etdiyi əsgər erməninin qarşısında durmayacaq. Çünki o, arxadan da vurulduğun hiss edir.

Aksiyaya hamı qoşulmalıdır

– Baş verən olayla bağlı sosial şəbəkədəki bir qrup fəal yanvarın 12-də etiraz aksiyası keçirmək niyyətindədir. Aksiya ilə bağlı təşəbbüsü necə dəyərləndirirsiniz? Bu addım ilə istənilən nəticələrə nail olmaq olarmı?

A.Ismayılov:
– Istənilən qanunsuzluğa qarşı aksiyanı dəstəkləyirəm. Ictimai qınaq olmayan yerdə heç bir hökumət öz nöqsanlarını düzəltməyəcək. Ceyhunun ölümünə olan ictimai təpkidən sonra hakimiyyət nümayəndələrinin əl-ayağa düşməsi bir daha hamıya göstərməlidir ki, istənilən, hətta ən qəddar rejimlər belə ictimai qınağın qarşısında acizdilər. Əks halda, sabah Ilham Əliyevin komandasını Obama, yaxud Merkelin komandası ilə əvəz etsək, 6 aydan sonra onlar da bizimkilər kimi idarə edəcək.

Q.Məmmədov:
– Bu aksiyanın siyasləşdirilməsinin tərəfdarı deyiləm. Bu, əsgər ölümü ilə bağlıdır və əsgər anaları ayağa qalxmalıdır. Bu tədbirə hamı qoşulmalıdır. Haqqımızı tələb edək, sözümüzü deyək. Hakimiyyət də addımlar atsın, islahatlar aparsın. Bu vətən bizimkidir. Onu əl-ələ verib düzəltməliyik.  
Əsgərin ölümün heç kim siyasiləşdirmir

– Ceyhun Qubadovun anası oğlunun ölümü ilə bağlı açıqlama verərək, bu məsələni siyasiləşdirməməyi, aksiya keçirməməyi istəyib. Bu açıqlamanı necə dəyərləndirirsiniz?

A.Ismayılov:
– Ceyhun Qubadovun ölümü ilə bağlı son iki gündə mətbuatda, xüsusən hakimiyyətə yaxınlığı ilə seçilən nəşrlərdə gedən yazılarda Müdafiə Nazirliyi sistemində aşağı rütbəli zabitlərin cəzalandırılması haqqında məlumat çoxluq təşkil edir. Sanki Səfər Əbiyev əmrindən sonra hər şey qaydasına düşəcək və orduda əmin-amanlıq hökm sürəcək. Hamı bilməlidir ki, problem tək orduda deyil, bütövlükdə idarəetmə sistemindədir. Səfər Əbiyevin lap istefaya getməsi ilə də ordu düzələn deyil. Bütövlükdə sistem dəyişməlidi. Idarəetmə mexanizmi dəyişməlidi. Təhsil, səhiyyə, ordu, məhkəmə sistemi və s. bunların hamısı biri o birindən asılıdı. Ola bilməz ki, birində qayda-qanun, digərində isə özbaşınalıq hökm sürsün! Özümüzü aldatmayaq! Kökündən dəyişikliklər lazımdı. Bələdiyyələr, Milli Məclis, Prezident seçkilərində azad, ədalətli seçki təmin olunmalıdır. Milli Məclisə seçkilərdə ən azı proporsional seçki sistemi bərpa olunmalı, Prezident idarəetmə sistemindən Parlament idarəçiliyinə keçilməlidir. Xüsusən bir qrup şəxsin hakimiyyəti zəbt etməsinin qarşısını almaq üçün. Ancaq bundan sonra müstəqil hakimiyyət qollarından, onların arasındakı ədalətli hakimiyyət bölgüsündən danışmaq olar. Bəli, məhz bunlardan sonra ədalətli məhkəmə parlamentin müstəqil şəkildə qəbul etdiyi qanunları icra hakimiyyətinin doğru, dürüst icra etməsinə nəzarət oluna bilər. Ancaq bundan sonra müstəqil KIV-lər ictimai qınağı cəmiyyətə qərəzsiz çatdıra bilər. Ancaq və ancaq ictimai nəzarət və təpki vəziyyəti nəzarətdə saxlaya bilər. Əlbəttə, bu mövzu bir status materialı deyil, ancaq qısa budur.
Bunları anlamaq hamımız üçün vacibdir ki, bizlər də sabah Daşkəsəndəki N saylı hərbi hissənin mərhum əsgəri Ceyhun Qubadovun anası Samirə Qubadovanın APA-ya göndərdiyi “Mənim kədərimdən, mənim qüssəmdən heç kəsin sui-istifadə etməsinə ixtiyarı yoxdur. Xahiş edirəm, bu hadisədən siyasi məqsədlər üçün istifadə olunmasın və bununla bağlı hər hansı aksiyanın keçirilməsinin tamamilə əleyhinəyəm” müraciətdən bizlərə də yaydırmasınlar. Bu məsələdə şəxsən mən Samirə xanımı qınamıram. O çox gözəl bilir ki, əgər ictimai təpki olmasa, onu nəinki Zakir Qaralov, heç rayon prokuroru da qəbul etməzdi. Bir də belə hal bu yaxınlarda artıq olmuşdu. Turac Zeynalovun həyat yoldaşı Gülnar Ağayeva internetdə “Mənim etiraflarım” adlı videoçıxışında xahiş etmişdi ki, həyat yoldaşının ölüm hadisəsindən siyasi məqsədlər üçün istifadə olunmasın və bununla bağlı hər hansı aksiyanın keçirilməsinin tamamilə əleyhinədir. Gülnar Ağayeva həmin video müraciətində dedi ki, həyat yoldaşının dəri xərçəngindən və etdiyi əmələ görə stressdən öldüyünü indi dərk edib. Sadəcə, hakimiyyət bu halda başqa üsullardan istifadə edib. “Əsgər ölümünü siyasiləşdirməyin” deyənlərin nəzərinə,ÿmən baş verən hadisəni siyasiləşdirmirəm. Sadəcə olaraq onu ictimailəşdirirəm.

Q.Məmmədov:
– Mən də məsələnin siyasiləşdirilməsinin əleyhinəyəm. Mən yas yerində idim. Axşam saat 5-6-da artıq mərasim keçirilən yerin işıqları söndürülmüşdü. Lakin ətrafdakı binaların işıqları yanırdı. Görünür, hakimiyyətdəkilərin ağlı belə işləyib ki, işığı söndürək insanlar toplaşmasınlar. Hakimiyyət insanların toplaşmasından qorxur. Mən yas mərasiminə gedəndə evdən polislər çıxırdı və içəri adamları buraxmırdılar. Məndə olan məlumata görə, sahə müvəkkili qadının əlindən telefonunu alıb ki, ona zəng edən jurnalistlərə bu nömrəyə zəng etməməsini söyləsin. Bu hadisədən siyasi məqsədlərlə istifadə etməsək də rejimin qarşısında tələblər qoymalıyıq.

Xəyal