Əlövsət Osmanlı: «Bu gün Ənvər Abbasova «kurikulum», «yeni nəsil dərslik» yox, təhsili dağıdan məmurların «malades»i lazımdır»
Təhsil Problemləri Institutunun Kurikulum Mərkəzində ötən həftə “qeyri-adi” görüş keçirilib. Belə ki, iştirakçıların bir qrupu, direktor Ənvər Abbasov başda olmaqla, mərkəzin konfrans zalına toplaşmış, bölgələrdən və xaricdən olan digər qrup isə Skype vasitəsilə tədbirə qoşulublar. Əvvəlcə Ənvər Abbasov həyata keçirilən təhsil islahatından, təhsil proqramları (kurikulumlar) sahəsində əldə olunmuş nəticələrdən, eləcə dəÿyeni nəsil dərsliklərin hazlırlanmasından danışıb, sonra isə digər iştirakçılar müzakirəyə qatılıblar. Tədbirin özəlliklərindən biri də bu olub ki, sonda bir müəllimə həmin günə həsr etdiyi şeirini oxuyub. Məsələyə ekspert, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı münasibət bildirib. Onu oxucuların diqqətinə çatdırırıq.
“Əslinə qalsa, mən burada ”təəccüblü” və ya “qeyri-adi” bir şey görmürəm. Çünki Kurikulum Mərkəzinin iş üslubuna və fəalliyyət fəlsəfəsinə yaxşı bələdəm. Ona görə də onların yığışıb elmi məclisdə şeir oxumalarına, lətifə danışmalarına da təbii baxıram. Sabah qəzetlər yazsalar ki, Kurikulum Mərkəzində “kurikulum”a və “yeni nəsil dərsliklər”ə həsr olunmuş kef məclisi təşkil ediblər, tamada da Ənvər Abbasov olub, yenə də təəccüb etmərəm. Bilirsiniz niyə? Əgər TQDK-da keçirilən rəsmi müzakirədə ibtidai sinif riyaziyyat dərsliklərinin müəlliflərindən biri iştirakçılar qarşısında çəkinmədən “Məzmun standartlarını mən dəyişdirib öz dərsliyimə uyğunlaşdırmışam və əcəb eləmişəm!” – deyirsə və bu günədək Ənvər Abbasov cınqırını çıxarmırsa, onda ona şeir məclisinə rəhbərlik etmək daha çox yaraşır.
Neçə vaxtdır ki, Ənvər Abbasova məktub göndərmişəm ki, gəl məzmun standartlarında etdiyiniz biabırçı dəyişiklikləri müzakirə edək. Daşdan səs çıxıb, amma ondan səs çıxmayıb. Çünki bu gün ona “kurikulum”, “yeni nəsil dərslik” yox, təhsili dağıdan məmurların “malades”i lazımdır. Gördüyünüz kimi, hələlik onu da alır…
Ənvər Abbasov bilməlidir ki, Skype bağlantıları ilə jonqlyorluq edərək kimlərdənsə gözqamaşdırıcı tostlar eşitməklə iş bitmir. Bu cür ucuz üsullarla yoluq kurikulumların içərisi dolmur, olsa-olsa, müvəqqəti imitasiyalar yaratmaq olur”.